8 Avqust 2018 14:57
7 527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən bir dostumun dəvəti ilə “Qarabağ”–“BATE” oyununu izləmək üçün Tofiq Bəhramov adına stadionda idim.

“Qarabağ”ın ötən ilki qalibiyyətlərinin sevinci damağımızda qaldığı üçün möhtəşəm qələbə gözləsək də olmadı...

Oyunun fiti çalınandan etibarən yorğun və təlaşlı oyun sərgiləyən “Qarabağ” çox keçmədən qapısında qol gördü.

Futbolla çox maraqlanmayan biri kimi mənə görə “Qarabağ”ın futbolçularında əvvəlki komanda ruhu yox idi, oyunu quran əsas oyunçu yox idi, ən əsası hücuma keçmək cəsarəti yox idi.

Oyunun sonlarında “Qarabağ” ən azından hesabı bərabərləşdirmək üçün mühüm cəhdlər etsə də, nəticəni dəyişdirə bilmədi, 30 minə yaxın adam başını aşağı salıb sakit şəkildə evlərinə dağıldı.

***
Uzun zamandır futbolu stadiondan izləmirdim. Xanım azarkeşlərin çoxluğuna sevindim. Bu, həm azarkeş keyfiyyətini artırır, həm də stadionda müəyyən mədəni ortam yaradır. Amma dəyişilməyən bir şey vardı.

Hələ stadiona çatmamış azarkeşlərin 90 dəqiqəni ac “keçirməməsi” üçün müxtəlif şirniyyatlar, çörəkarası yavanlıqlar satırdılar. Stadionun ərazisində isə dönərin satılması idman ab-havasını tamamilə pozan bir görüntü idi.

Axı stadion ərazisində niyə dönər satılmalıdır? Futbol 21-də başlayacağı üçün insanlar artıq şam yeməklərini yeməli idilər. Amma demək ki, futbolu yemək yeyərək izləyən ayrıca kütlə də varmış.

O kütlənin bir nümayəndəsi qonaq sektorunda yanımdakı oturacaqda əyləşmişdi.

Oyun müddətində bu şəxs kabab yedi, salat yedi, tum çırtladı, kompot içdi, qazlı şirə içdi və sair. Ortalığı isə bərbad halda saxlayıb getdi.

Mənə maraqlıdır ki, stadiona daxil olarkən polislər azarkeşlərin əlindəki plastik su qablarının qapağını müsadirə edirdilər. Səbəb odur ki, qapaqlı qabı stadiona fırlatmaq daha asandır. Amma mənim yanımdakı azarkeşin masasında nəinki plastik qab, bir litrlik şüşə kompot bankası, şüşə qazlı içki butulkası vardı. Azarkeş oyun müddətində bunları içdikdən sonra oradaca buraxıb yerini tərk etdi.

Əcəba, “Qarabağ” uduzduğu zaman həmin azarkeşin əsəbləri tab gətirməyib o butulkaları oturduğu sektordan stadiona fırlatsa idi, nəticə nə olacaqdı?

Buna kim cavab verəcəkdi?

Polislər plastik qabların qapağını belə müsadirə etdiyi halda, bəzi azarkeşlərə niyə belə ayrıcalıq yaradılır?

Üstəlik hörmət edilib qonaq sektoruna buraxılan şəxslər niyə özlərinə hörmət qoymayıb həmin yeri tum zibilliyinə döndərir?

Stadion və klub rəhbərliyi təqdim etdiyim bu şəkillərə baxıb tədbir görməlidir.


Müəllif: Dilqəm Əhməd