28 Noyabr 2018 23:40
3 842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən illərdə Türkiyədə 1930-1970-ci illər arasında çıxan millətçi dərgilərdə - “Çınaraltı”, “Gökbörü”, “Kür Şad”, “Kopuz”, “Oğuz”, “Kızıl elma”, “Bulak”, “Tanrıdağ”, “Türklük”, “Çağlayan” və s. jurnallarda azərbaycanlı mühacirlərin irsini tədqiq etmişdik. Bu dəfə isə “Bozkurt” dərgisindəki yazıları və azərbaycanlı mühacirə aid yarımçıq xatirəni təqdim edəcəyik.

***

1939-cu ilin mayında Türkiyədə “Hər irqin üstündə Türk irqi” şüarı ilə “Bozqurd” adlı dərgi çap olunur. İlk sayda bozqurd təsviri verilən dərginin üzərində belə yazılıb: “Bozqurd Ergenekonun rəmzidir. Türklük yolunda səsimizin bir an da qısıldığını görməyəcəksiniz”.

Elmi, ədəbi, ictimai dərgi olan “Bozqurd” İstanbulda çap olunurdu, sahibi Reha Oğuz Türkqan idi.
Dərginin ilk sayında Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü Məhəmmədsadıq Aranın Sənan imzası ilə “İlk və son söz”, 8-ci sayında (1940) “Sevən və sevgi”, 9-cu sayında (1940) “Necə yürüyürəm?” adlı şeirləri, 11-ci sayda (1941) ədəbiyyatşünas Səlim Rəfiqin “Azərbaycan ədəbiyyatı. Seçilmiş misralar” kitabı haqqında Türkqanın kiçik tanıtma yazısı dərc olunub.

Dərginin 1942-ci ildə çap olunan I sayında Məhəmmədsadıq Aranın “Məfkurə-ülkü” adlı yazısı, şair Almas İldırımın “A dost...” şeiri verilib. İldırımın bu şeirinin altında şeirin yazıldığı tarix və məkan olaraq “Ağın. 14.01.1942” qeydi var. Şeirin adının altında isə “Oğuz Türkqana sayğılarımla” ifadəsi yer alıb. Yəni Almas İldırım bu şeiri dərginin təsisçisinə ithaf edib.

“Bozqurd”un 1942-ci ildə çap olunan 2-ci sayında isə “Azərbaycanlı İ.G” imzası ilə “Rusiyadan necə qaçdım?” adlı xatirənin birinci hissəsi dərc olunub.

1942-ci il tarixli 4-cü sayda Məhəmmədsadıq Aranın “Ergenekon bayramı”, İ.G-nin xatirələrinin ikinci qismi, Aranın “İran türkləri” kitabı haqqında kiçik bilgi təqdim olunub.

Dərginin 1942-ci il tarixli 6-cı sayında F.Saltkan imzası ilə azərbaycanlı aşıq Tufarqanlı Abbas haqqında yazı verilib. Müəllif bu məqaləsini Məhəmmədsadıq Arana ithaf edib.

Qısaömürlü olan “Bozqurd” dərgisində azərbaycanlı mühacirlərin yazıları az olsa da, ən qiymətli məqalə “Azərbaycanlı İ.G” imzalı mühacirin iki hissəli yarımçıq xatirəsidir.

“İ.G” ad-soyadlı bu şəxs 1930-cu ildə Aşqabad-İran üzərindən Türkiyəyə gəlib. Onun şəxsiyyətini hələ ki müəyyən edə bilməmişik. Həmkarım Ceyhun Nəbi “İ.G”-nin Türkiyədə sonralar Çingiz adını götürən İslam Gökgöl ola biləcəyini ehtimal edir. Biz də bu ehtimalı hələ ki təsdiqləmədən bölüşürük.
Beləliklə, azərbaycanlı mühacirin “Rusiyadan necə qaçdım?” adlı yarımçıq xatirəsini təqdim edirik:

***
Qaçış qərarı

1930-cu ildə Rusiyadakı universitetdən məzun olub torpaq məhsulları və tiryək əkimi mühəndisi kimi işə başladığım zaman hələ 20 yaşında bir gənc idim. Bu ərəfədə məni əsgər apardılar. Rusiyadakı hər kəs kimi buna çox sevinmişdim. Çünki çöldə çox sıxıntı çəkirdik, halbuki əsgərlikdə aclıqdan ölmək ehtimalı yoxdu. Bəxtim gətirdi, əsgərliyimi İran sərhədinə yaxın bir yerdə çəkdim. Əsl təyinatım sərhədə yaxın bir yerdi, lakin türk olduğum üçün təyinat yerim dəyişdirilmiş, daha içəri bir yerə göndərilmişdim.

Tərxis olunduğum zaman qəti qərarımı vermişdim: Qaçacaqdım! Türk olanlara həyat haqqı verməyən bu ölkədən qaçacaq, mənim qanımdan olan insanların yaşadığı Türkiyəyə sığınacaqdım.

Bir gün furqon qatarında qapqara saqqallı, qəribə geyimli bir adamla rastlaşdım. Geyiminə diqqət etdim, azəridən daha çox iranlıya bənzəyirdi. Yaxınlaşdım. Əvvəlcə məndən qorxdu. Başımda furajka, ayağımda çəkmə vardı. Təskinlik verdim. İrana qaçmaq istədiyimi söylədim. Güc-bəla mənə inandı. Adının Madak olduğunu, İranla Rusiya arasında tiryək qaçaqçılığı etdiyini və iranlı olduğunu söylədi. Axşam bazarda görüşmək vədi ilə ayrıldıq. Olduğumuz yer Xəzər dənizinin şərq əyalətləri idi. İrana Aşqabad üzərindən qaçacaqdıq

.

Yola çıxırıq

Axşam görüşdük və hüduda doğru yola düşdük. Rus qarovulxanalarına görünməmək üçün min bir müşkülata dözdükdən, çoxlu həyəcan keçirdikdən, uzun və yorucu yolçuluqdan sonra arxasında İran torpaqlarının başladığı böyük dağa gəldik. Rus-İran sərhədi bu dağın düz təpəsindən keçirdi. Qayalıqların arasında gizlənərək gecənin düşməsini gözlədik. Ac, susuz, yorğun idim. Lakin tezliklə cəhənnəmdən qurtulacağım ümidi mənə qüvvət verirdi. İrandan qardaş Türkiyəyə keçməyi qərarlaşdırmışdım. Rusiyadan İrana qaça bilsəm, davamı asan olacaq deyə düşünürdüm.

Gecə düşdü. Aprel gecələri buralarda çox soyuq olur. Üstümdə kürk də yox idi. Yeganə varım-yoxum əlavə bir köynək və paltardan ibarətdi. O da bir çantanın içində tiryək qaçaqmalçısı olan iranlı dostum Madakın əlindəydi.

Yola düşdük. Dağa dırmaşdıqca soyuq artırdı. Bir döngədən sonra birdən-birə uzaqda, qarşımızda aydınlıq bir yer göründü. Rus sərhəd qarovulxanalarından biriydi. Uzaqda göz qırpmağa bənzəyən işıq soyuqla əl-ələ verərək məni ürpərtdi. Ələ keçmək ən qorxunc işgəncələr içində ölmək deməkdi!

Bunları düşünərkən qeyri-ixtiyari dayanmışdım. Lakin iranlı qaçaqmalçı bu mənzərəyə alışdığı üçün yürüməyə davam etmişdi. Addımlarımı tezləşdirərək arxasınca getdim. Sürətli gedirdi. Güc-bəla yetişdikdən sonra qulağına pıçıldadım:

- Aman. Bizi görsələr, məhv olduq!

“Narahat olma!” deyərcəsinə hırıldadı və yoluna davam etdi. Rus qarovulxanası xeyli yaxında idi. Dəhşət! Hərif düz rus qarovulxanasına doğru gedirdi. Bəlkə, bir yerdə dönəcək deyə səsimi çıxarmadım, yürüməyə davam elədim. Baxdım ki, qarovulxanaya doğru gedirik! Birdən dayandım və düşündüm: Hərif xaindirsə? Dərhal qolundan tutdum:

- Hara gedirik?! Məni ələ verəcəksən?
Silahım yox idi, lakin boğuşmağa qərar vermişdim.
Madak dayandı və pıçıldadı:
- Qarovulxananın düz yanından keçəcəyik.
Dəhşətlə diksindim:
- Tutularıq!

- Yox. Sərhəd boyunca qarovulxanalardan uzaq yerlər atlı gözətçilərin daimi nəzarəti altındadır. Çünki hər kəs oradan qaçır. Kimsə qarovulxanaların düz yanından keçməyə cəsarət etmədiyi üçün ən az nəzarət edilən yerlər buradır.

Yenidən yola düşdük. Həyəcanlıydım.

Yaxınlaşdıq, yaxınlaşdıq. Artıq qarovulxananı çox yaxından görə bilirdik. Daxmanın içindən qarmon səsləri gəlirdi. Əylənirdilər. Pəncərədən düşən işığın aydınlatdığı sahənin sərhədinə qədər yanaşdıq. İyirmi metrdən bir dayanan növbətçilərin arasından qaranlıqda süzülərək, yerdə ilan kimi sürünərək irəlilədik.
Of! Şükür, təhlükəli məntəqəni keçdik. Dikəldik. Sürətlə qayalıqların arasından dırmanmağa başladıq. Qarovulxana get-gedə arxamızda gözdən itir, səslər yox olurdu.

Bir xeyli yürüdükdən və dağa dırmaşdıqdan sonra bir addım da atmağa taqətim qalmadı. Susuzluğumu bir ovuc qarla yatızdırmışdım, amma aclıqdan və yorğunluqdan bayılacaq haldaydım. Dayandım və tiryək qaçaqmalçısını da dayandırdım.

- Artıq yürüyə bilmirəm. Bir az dincələk.
Hərif hırıldadı:
- Qarovulxanadakılar izimizi görsələr, bizi tuta bilərlər. Gözləyə bilmərik.
Cəhd etdim. Dörd-beş addım ata bildim. Bir qayanın dibinə çökdüm, oturdum. İranlı dost heç eyninə almadı, yoluna davam elədi.

“Beş dəqiqə gözləyin, özümə gəlim” deyə yalvardım. Boşuna. Hərif yürüməyə davam etdi. Qaranlıqda kölgəsi də itmişdi.

“Gəlmədiyimi görüncə tərsliyindən vaz keçər, dayanıb məni gözləyər” deyə düşündüm və bir-iki dəqiqə də dincəlməyə qərar verdim. Lakin o qədər yorğun idim ki, güllə ilə vurulmuş kimi birdən-birə yuxuya getmişdim.
Neçə saat yatdığımı bilmirəm. Gözlərimi açdığım vaxt ətrafımda qaranlıqdan başqa bir şey görmədim. Ayağa durdum. Əvvəl yavaş, sonra gücüm yetdiyi qədər bağırdım, yol yoldaşımı səslədim. Səs-səmir gəlmədi. Axırıncı dəfə gözdən itirdiyim istiqamətdə yürüməyə başladım. Yürüdüm, yürüdüm, heç kim yoxdu!
Bilmədiyim bir yerdə xəritəsiz, kompassız, bələdçisiz, tək başına, ac və yorğun, üstəlik qaçaq idim. Gecə zülmət qaranlıqdı. Yolu necə tapacaqdım?

Tanrıya güvəndim və yoluma davam etdim.

Aşqabaddan sonrası

Rusiya-İran sərhədi dırmaşdığımız dağın zirvə nöqtəsindən keçir. Ona görə də dağın digər yamacına varmağı hədəf götürdüm. Qaranlıqda - hələ yorğun və ac insan üçün - qayalıqların arasından yolu tapmaq necə çətinmiş! Bu qapqara yolçuluğun sonu çatmırdı!

Nə qədər yürüdüyümü – daha doğrusu, dağ keçiləri kimi dırmandığımı bilmirdim. Nəhayət, elə an oldu ki, dikinə bir addım da ata bilməyəcək hala gəldim. Dayandım, dərin nəfəs aldım. Dağın soyuq sərt havası ilə birlikdə sinəmdə yeni bir güc hiss etdim. Lakin anlamışdım ki, dağın zirvəsinə çatmaq üçün dikinə yürüməkdə inad etsəm, sonunda yıxılıb düşəcəyəm. Yolu uzaqda, dağın yamacından dönməklə İran sərhədinə yaxınlaşmağı qərarlaşdırdım. Yenidən yola düşdüm.

Ətraf zülmət qaranlıqdı. Lakin aydınlıq da olsa, gözlərim heç nə görməyəcəkdi. Yuxudaymış kimi yürüyürdüm. Məni ayaqda saxlayan, makina kimi şüursuz şəkildə addımlarımı atdıran mütləq bu cəhənnəmdən qurtulmaq istəyən ruhumun sönməyən həmləsiydi.

***

Yavaş-yavaş solumda, çox uzaqda işıqlar görünməyə başladı. Dirilən kimi oldum: Aşqabad şəhəri. Demək ki, İran uzaqda deyildi. Çünki Aşqabad Rusiyanın sərhəd şəhərlərindən biridir. Yürüdüm. Yürüdüm. Yürüdüm... Aşqabad gözdən itdi. Yenə zülmət qaranlıq içində yürüyürəm.

Aşqabadı gözdən itirəli hər halda iki saat olmuş, bir xeyli yol getmişdim. “Artıq mütləq İran torpaqlarına girmişəm!” deyə sevinirdim. On-on beş dəqiqə sonra bir döngənin arxasından işıqlı, böyük bir şəhər göründü. “Bura haradır, görəsən!” deyə həyəcanla yürüməyə başladım. Sərhədə bu qədər yaxın İran şəhəri xatırlamırdım. Bir az daha yürüdüm. Birdən önünə ilan çıxmış at kimi titrədim, dayandım. Qarşımda get-gedə böyüyən, yaxınlaşan şəhər Aşqabad idi! Qaranlıqda düz yol getdiyimi sanarkən, fərqinə varmadan yana çevrilmiş, təkrar rus torpağına girmişdim! Beləcə, bir İran şəhərinə gəldiyimi zənn edərək az qalsın Aşqabada girəcək, polis tərəfindən həbs edilərək işgəncə ilə öldürüləcəkdim!

Sürətlə geriyə döndüm, bu dəfə yanılmamağa diqqət edərək yürüməyə başladım.

Sərhəd mühafizəçiləri

Artıq İran torpağındaydım. Günəş doğmuşdu. Bir xeyli yürüdükdən sonra qarşımda bir daxma göründü. Qaça-qaça getdim. Su və yemək üçün yalvaracaqdım. İçərisi bomboşdu. Tavanı və qapıları bürüyən hörümçək torları çoxdandır buraya heç kimin gəlmədiyini göstərirdi. Üzüntü içində yerə diz çökdüm. Dizlərimi bükməyimlə məni ayaqda saxlayan həmlə qüvvətimin itməsi eyni anda oldu! Qolumu başıma dayadım, bayılmağa bənzər bir yuxuya getdim.

Bütün gün yatmışdım. Oyandığım zaman hava qaralmağa başlamışdı. Tez qalxdım. İran sərhəd mühafizəçilərinə görünmədən içərilərə girmək lazımdı. Dincəlmiş, amma aclıqdan və susuzluqdan bitmiş bir halda yola düşdüm. Qaranlığa sinə gərərək bir təpənin üstünə varmışdım. Aşağıya baxdığım zaman çoxlu alov gördüm. Hər halda bir əşirət olacaqdı. Qaça-qaça bayırı endim. Həqiqətən də, əşirət imiş. Ocaqların işığında çadırlar göründü.

Qarşıma ilk çıxana “çörək, su!” deyə bağırdım. Məni tutdular, əşirət bəyinin çadırına apardılar. Bunlar bir kürd əşirətiymiş. Əşirət bəyinin çadırı tünlükdü. Orada 5-6 sərhəd mühafizəçisi gördüyüm zaman ödüm qopdu. Həbs ediləcəkdim. Sonum necə olacaqdı, məchuldu.

Əşirət bəyi kürdcə nəsə soruşdu.

Məni tutanlar yenə eyni dillə nəsə anlatdılar. Ac olduğumu işarəylə başa saldım. Kürd rəis pozuq bir türkmən şivəsiylə “Haradan gəlirsən?” deyə bağırdı.

- Rusiyadan qaçdım. Ölkənizə sığındım. Acam, susuzam. Bir tikə yemək, içmək verin, sonra istəsəniz tutun.
Əşirət rəisi məni gətirənlərə kürdcə nəsə söylədi. Həriflər məni itələyərək çadırdan çölə çıxardılar, sərt bir şəkildə yerə yıxdılar. Pozuq türkcələri ilə “Yat! Sabah rədd olarsan!” demək istəyirdilər. Nə qədər “çörək, su!” deyə yalvardımsa da, veclərinə almadılar, çıxıb getdilər. O qədər ac və susuz idim ki, yata bilmirdim. Dözə bilmədim, heç kimə görünmədən keçilərin olduğu yerə soxuldum. Qaranlıqda heyvanlardan birini tutdum. Keçi heyrət və qorxuyla ayağa sıçradı. Rus fəhləsi formasındakı furajkamı çıxardım və keçinin südünü sağmağa başladım. Keçilərin bağırmasından, gurultudan oyanan kürd çoban məni tutdu və dərdimi dinləmədən böyük zopasıyla məni vurmağa başladı. Südü içmiş, gücüm artmışdı. Kürdün boğazına sarıldım, yerə yıxdım. Gurultuya gələn digər kürdlər şillə-təpiklə məni ocağın başına sürüklədilər və yerə yıxdılar. Biri belindəki bıçağı çəkərək:

(Təəssüf ki, bu maraqlı xatirə burada bitir)


Müəllif: Dilqəm Əhməd