10 Dekabr 2018 19:58
539

Mühacirətdə qurulmuş Azərbaycan Nəşriyyat Yurdunun bizə məlum olan 5 kitabı çap olunub:

  1. “Qurtuluş yollarında” şeirlər məcmuəsi. 1934
  2. Almas İldırım – “Boğulmayan bir səs”. 1936
  3. Səlim Rəfiq – “Professor Çobanzadəyə cavab”. 1939
  4. Səlim Rəfiq – “Azərbaycan ədəbiyyatı. Seçilmiş misralar”. 1941
  5. Səlim Rəfiq – “Professor Ə.Cəfəroğlunun əsərlərindəki xətalar”. 1941

Nəşriyyatın ilk kitabı olan “Qurtuluş yollarında” şeirlər məcmuəsi 1934-cü ildə İstanbulda “Burhaneddin” mətbəəsində çap edilib. Cəmi 30 səhifədən ibarət olan kitabda 20 şeir dərc edilib. Kitabın içində belə bir qeyd verilib: “Azərbaycan istiqlalının on altıncı ildönümünə azəri gənclərdən kiçik ərməğandır”.

Şeir məcmuəsində “Bir neçə söz” adlı 3 səhifəlik ön söz yazılıb. Ön sözdə kitabın məqsədi belə izah edilib: ““Qurtuluş yollarında” adını daşıyan bu şeirlər məcmuəsi qurtulmaq istəyən bir millətin, istiqlal uğrunda çarpan milli bir qəlbin ən səmimi ifadəsidir... 1920-ci ilin 27 aprelində baş verən bolşevik istilasından sonra hər şey kimi mətbuat da yeni rejimin inhisarına keçdi, milli ədəbiyyat rəsmi şəkildə durduruldu, fəqət ortadan qalxmadı, yeni bir mərhələyə girdi, özünü daha kamil bir şəkildə göstərdi. Bir tərəfdən daxildə, digər tərəfdən xaricdə inkişaf etdi. Daxildəkilər mətbuatda əks olunmadı, amma hər cür təhlükələrə rəğmən əldən-ələ dolaşdı. Azərbaycan ideologiyasını tərənnüm edən şeirlər zaman-zaman qəzet və məcmuələrdə simvolik bir şəkildə də olsa özünü əks etdirdi. Bolşevik rejimi millətçi ədəbiyyatı durdurmaqla kifayətlənmədi, uzun bir mücadilə nəticəsində yeni “sovet ədəbiyyatı” vücuda gətirmək üçün fəaliyyətə keçdi, müəyyən və məhdud məddahlar qrupu yaratdı, bəxşişlər verərək qəsidəçilər yetişdirdi. Mövzu baxımından tamamilə yeknəsəq və biri digərinin eyni olan yüzlərlə əsər nəşr edildi”.

Adı qeyd olunmayan ön söz müəllifi maraqlı bir məsələyə də toxunub. Qurtuluş hərəkatı ilə bağlı mühacirətdə roman, hekayə, pyes yazılmadığından, buna diqqət göstərilmədiyindən şikayətlənir: “Halbuki gələcəyin tarixçisi mənsub olduğumuz millətin ruhunu, maddi və mənəvi həyatını və fikri inkişafını ölçə bilmək üçün hər şeydən əvvəl ədəbi əsərlərimizə müraciət edəcəkdir. Bunun üsulu da belədir. O zaman nə edəcəyik, nə göstərəcəyik? Mücadilə həyatımızın ədəbi və bədii ifadəsi nədən ibarətdir? İstiqlal fikrimizi qüvvətləndirəcək, milli şüurumuzu inkişaf etdirəcək, milli həyəcanımızı dərinləşdirəcək ədəbi əsərlərimiz varmıdır? Bu suallara bədii zövq və ehtiyaclarımızı tətmin edəcək qədər müsbət bir cavab verə bilmək üçün bu uğurda ciddi fəaliyyətə keçməkdən başqa çarə qalmamışdır. Bu, milli bir ehtiyacdır, bu ehtiyacı illərdən bəri hiss edir, düşünürük. Maddi imkansızlıq indiyə qədər sükutumuza səbəb oldu. Sükut davam edə bilməzdi. Həyatımız hesabına fədakarlıq etməkdən başqa çarə qalmadığını anladıq və bir neçə gənc dost bir araya gələrək bu şeirlər məcmuəsini çıxardıq. Şeirləri heç bir şəkildə təsnif etmədik, ayırmadıq. Maddi məhrumiyyət məcmuənin daha böyük həcmdə çıxmasına mane oldu. İndilik bu qədərini edə bildik, bu, irəliyə doğru bir addımdır. Bunu ancaq düşmən alqışlamaz. Bu, milli vəzifədir, bunu başqalarının da hiss etməsi vacibdir”.

Qeyd edək ki, bolşevizmlə mübarizədə bolşevik ədəbiyyatı ilə mücadilə də mühacirətdə önəm daşıyıb. Məhəmmədəmin Rəsulzadə 1922-ci ildə İstanbula gəldikdən sonra çap etdiyi “Yeni Kafkasya” jurnalında istiqlal mübarizəsini əks etdirən şeir və hekayələrin dərc edilməsinə müsbət yanaşıb. Jurnalın fəaliyyət göstərdiyi 1923-1927-ci illərdə 50 şeir dərc olunub, onlardan 21-i Əmin Abid Gültəkinə məxsusdur.

“Yeni Kafkasya”da dərc edilən bu şeirlər 1928-ci ildə İstanbulda “İstiqlal uğrunda” adlı geniş həcmli məcmuədə çap olunub. Bu məcmuə haqqında kifayət qədər məlumat verilib, bir neçə il öncə Bakıda latın qrafikası ilə də nəşr edilib.

“Qurtuluş yollarında” kitabı isə mühacirətdə çap olunan ikinci şeir məcmuəsidir, onun haqqında ədəbiyyatda bilgilər məhduddur.

Kitabda dərc olunan şeirlərin adlarını və müəlliflərini təqdim edirik:

  1. “Azərbaycan qızları” – Murad Baha
  2. “Əsir yurdum üçün” – İxtiyar bir şairin xatirə dəftərindən qeydi verilib.
  3. “İxtilal” – İlhan
  4. “Yurduma” – Sadıqzadə Emin
  5. “Mən .. Sən.. O..” – Atila
  6. “Mən ağlaram” – M.Çələbioğlu
  7. “Ah Azərbaycan!” – H.Həmid
  8. “Azəri gəncinə” – B.K.F.
  9. “Annəmə” – Murad Baha
  10. “Əhdim” – F.Özdəmir
  11. “Dönməyəcəyəm” – Özdəmir
  12. “Durmayalım arxadaş” – Əli Usta
  13. “Ayrılmam” – Əli Yusif
  14. “İçindən yıxılan qızıl qaya” – H.Nəzihi
  15. “Azəri gəncliyinə” – Xeyrəddin İlhami
  16. “Vətən yolçusuna” – F.Özdəmir
  17. “Yaslı Xəzər” – Murad Baha
  18. “Dağlar” – Almas İldırım
  19. “Nisan” – A.N
  20. “Böyük şəhidimizə” – Almas İldırım

Kitabdakı “Milli bayrağın cəbrən endirildiyi 27 nisan günü münasibətilə” başlıqlı “Nisan” şeirini təqdim edirik:

Nisan parçalanan kəmiklərimin

İçində titrəyən qorxunc bir kölgə.

Nisan həsrət çəkən coşğun qəlbimin

Ruhunu gəmirən qara bir ləkə.

Nisan o solmayan əməllərimin

Üstündə dolaşan pək xain bir əl

Nisan o sönməyən ümidlərimin

Könlünü sızladan kirli bir heykəl.

Söyləyin əcəba söyləyin nədən

Bəllidir cavabı sən gələn gündən

Baxışlar kölgəli, dağlar dumanlı

Könüllər vərəmli, üfüqlər qanlı.

Hər yanda göz yaşı, hıçqırıq, fəğan

Çekalar axıdır sellər kimi qan

Gecələr bir qara yel kimi əsir

Xalqın öksüz qalan ruhunu kəsir.

Ağlayır uzaqda sönük ulduzlar

Saçını yolurlar gəlinlər, qızlar

Hər gün can verir minlərlə aclar

Dərdindən sararmış yaşıl yamaclar.

Bunlar gətirdiyin qanlı hədiyyə

İndi əsir olan hürr azəriyə

Ey vətən üstündə dolaşan kabus

Dinləmək istəməm səni artıq sus!

Köksünə taxdığın vəhşətdən bir gül

Kimsə edə bilmir zülmə təhəmmül.

Açılan hər dodaq “Qurtuluş” deyir

Qurtuluş, qurtuluş, qurtuluş deyir!

Qurtuluş yox sənə, tökülməsə qan

Sən ey gözəl ölkəm, ey Azərbaycan!

Bu kitabın nəşrindən bir il sonra mühacirətdə üçüncü şeir məcmuəsi çap edilir. Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü, şair Məhəmmədsadıq Aran həm öz şeirlərinin, həm də “Azəri Türk” jurnalında çap edilən müxtəlif şairlərə aid şeirləri toplayaraq “Ergenekon yollarında” adlı kitab nəşr edir. Bu barədə daha sonra.


Müəllif: Dilqəm Əhməd
loading...