19 Dekabr 2018 08:25
2 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrin həyatımızın bir hissəsinə çevrilməsi özünü son illərdə daha çox büruzə verir. İllər keçdikcə sosial şəbəkələrin və ondan istifadə edən insanların sayında artım hiss olunur. Bəs biz sosial şəbəkələrdən düzgün şəkildə istifadə edirikmi?

Araşdırmalarıma əsasən, bu nəticəyə gəldim ki, Azərbaycanda olan bəzi sosial şəbəkə istifadəçilərinin profilləri düzgün şəkildə idarə olunmur. Buna misal olaraq müğənni, aktyor, futbolçu şəkillərini istifadə edən və ya adını, soyadını orijinallıqdan kənar sözlərlə əvəzləyənləri misal gətirmək olar. Son illər Feysbuk şirkətində saxta profillərə qarşı mübarizə artırılsa da, hələ də tamamilə qarşısı alınmayıb.

Sosial şəbəkələrin həyatımızda rolu olduğu qədər, həyatımıza təsiri də bir o qədər böyükdür. Sosial şəbəkələr bizim şəxsi brendimizdir. Paylaşdığımız şəkillər, yazdığımız statuslar və şərhlər, hətta izlədiyimiz insanlar bizim nə qədər peşəkar olduğumuzu göstərir. Əmin ola bilərsiniz ki, bəzi şirkətlər belə namizədlərin seçimindən öncə onların sosial şəbəkə profillərinin nə qədər peşəkar olduğuna diqqət yetirir.

Amerikada “Jobvite” tərəfindən aparılan araşdırmaya əsasən isə qeyd olunub ki, 93 faiz şirkətlər hətta namizədləri müsahibəyə çağırmazdan öncə onların sosial şəbəkə profillərini nəzərdən keçirirlər. Bu səbəbdən də müsbət təəssürat yaratmaq üçün əlinizdə olan şansdan düzgün istifadə etməlisiniz.

Sosial şəbəkənizi insanlarla ünsiyyət qurub əhatənizi genişləndirməyə, fikir mübadiləsi etməyə sərf edərək, şəxsi brendinizi qarşı tərəfə daha peşəkar şəkildə təqdim edə bilərsiniz. Əgər insanların sizi müsbət xatırlamasını istəyirsinizsə, bunu adınızın qarşısına “avara”, “çolkalı” və “vor v zakone” sözlərini əlavə edərək deyil, öz orijinal şəklinizi və adınızı istifadə edərək edə bilərsiniz.


Müəllif: Xədicə Aşurova