19 Dekabr 2018 17:19
2 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər gün istifadə etdiyimiz nəqliyyat vasitələrində, marketlərdə, alış-veriş mərkəzlərində, iş yer­lərində - ümumiyyətlə, hər yerdə aqressiv, depressiv, yorğun, üzündən bədbəxtlik və narazılıq yağan, az qala bir-birinin ətini yeyən insanlarla qarşılaşırıq. Sanki hər kəs bir-birindən qisas almağa çalışır. Yaşadığı çətinliklərin səbəbkarı olaraq kimisə axtarır. Hədəf tapmayanda ətrafına “hücuma keçir”. Gizli antidepressant istifadə edənlərin sayı durmadan artır. Niyə? İnsanların xoşbəxt, hüzurlu ola bilməməsinin sə­bəbi nədir?

Aylardır bu mövzu məni çox düşündürür. Haradasa bir yanlışlıq var. Bəs harada? Məsələni öz müşahidələrimlə və araşdırıb öyrəndiklərimlə açmağa çalışacağam. Təbii ki, mənim şəxsi müla­hizə­lərimlə razılaşıb-razılaşmamaq sizə qalıb.

Məncə, bütün problemlərin qaynağı məqsədləri övladlarına xoşbəxt həyat qurmaq olan vali­deynlərin onların xəyallarını əllərindən alıb həyatlarını layihə şəklinə salaraq, idarə etməyə ça­lış­maqlarındadır. Vaxtilə öz xəyallarından məhrum edilmiş böyüklər yaşaya bilmədiklərini, ya­rımçıq qalmış arzu­larını övladları vasitəsilə həyata keçirtməyə çalışırlar. Orta məktəb illərindən başlayan bu prosses ömrü boyu davam edir.

Bakıda yerləşən məktəb-liseylərin birində müəllim işləyirəm. İllərdir bu prosesi yaxından müşahidə edirəm. Zərrə qədər uyğun sahəyə qabiliyyəti çatmayan, həvəsi olmayan övladını sırf ifa etdiyi musiqini, çəkdiyi rəsmi, hansısa toyda oynadığı rəqsi çəkib sosial şəbəkələrdə paylaşmaq naminə uşağı əlavə məşğələlərlə yükləyirlər. Halbuki, həmin uşaq idman sahəsində daha bacarıqlıdır və bu sahəyə daha həvəslə bağlıdır. Təbii ki, övladının qabiliyyətini düzgün istiqamətləndirən böyüklər də yox deyil. Həmçinin yarımillik qiymətlərini çəkib sosial şəbəkələrdə paylaşa bilmədi deyə övladının aşağı nəticə göstərdiyi fənni tədris edən müəllimlərlə davaya çıxanlar da az deyil. Bir-birimizlə övladlarımız üzərindən yarışa girmək deyilsə, nədir bu?

Gələcəklə bağlı ciddi qərar vermək vaxtı çatanda uşağın fikri, arzu və istəkləri, xəyalları önəmsənilmir. Uğur qazana biləcəyi sahə, həmçinin daxili potensialını araşdırmadan böyüklər onun həyatı ilə bağlı qərar verir. Əminliklə deyə bilərəm ki, hazırda yuxarı sinif şagirdlərinin 70 %-dən çoxu istiqamətləndikləri sahə üzrə seçimi özləri etmir. Məsələn, hərb sahəsində ali təhsil almaq üçün xəyallar quran gəncin istəklərini önəm­səmədən valideynlər onun iqtisadiyyat üzrə təhsil alması üçün əllərindən gələni edirlər. Gələcəkdə çox gözəl romanlar yazmaq və ya mahnılar bəstələmə, yaxud dahi rəssam ola bilmək potensialına malik uşaqlar həkim, müəllim, iqtisadçı və s. olmağa məcbur edilir.

Nəticədə mənəvi azadlıqları, arzu və istəkləri əllərindən alınmış, xəyalları yox edilmiş, kölələrə çevrilərək həyatları boyu istəmədikləri işlərdə çalışan, qəlbən yaxınlıq hiss etmədikləri insanlarla evlənən, duyğuları basdırılmış narazı və nevrotik toplum yaranır. Sonra onlar bütün sadaladıqlarımı öz övladlarına tətbiq etməyə başlayırlar, beləcə tarix təkrar olunur.

Amma hər zaman bir şeyi unuduruq. Xoşbəxt olmağı bacarmayan birinin böyütdüyü övladlar xoşbəxt olmağı necə öyrənəcək?

Deməli, bütün keçmişdəki baş verən xoşagəlməzlikləri bir tərəfə buraxıb önümüzə baxmalıyıq. Əvvəlcə özümüzdən başlamalıyıq, hər kəsdən əvvəl öz duyğula­rımızı, daxili hüzurumuzu düşünməliyik. Bəlkə də, istədiyimiz sahə üzrə mütəxəssis olmaq şansımız hər necəsə əlimizdən alındı. Bu arzunu reallaşdırmaq şansımız isə həmişə var. Sadəcə, özümüz tənbəlik. Bəhanələrə haqq qazandıraraq ömür boyu özümüzü sevmədiyimiz işi görməyə məhkum edirik.

İşdən sonra ruhumuzu bəsləyən fəaliy­yətlərlə məşğul olmalıyıq. Bəlkə keçmişdə piano məktəbinə getmək istəmişik, amma vali­deyn­lərimiz razı olmayıb. Bu istəyi niyə övladlarımız üzərində sınaqdan keçirməyə çalışaq ki? Bir kursa yazılaraq özümüz bunu reallaşdıra bilərik. Həmçinin içimizdə bir istək varsa, gitara alıb ifa etməyi öyrənməyə başlasaq, qazanacağımız mənəvi zövqün böyüklüyünü düşünün!

Yaxud idman sahəsinə yönələrək içimizdə böyüməmiş o uşağın ürəyində qalan arzusunu yerinə yetirsək, özümüzü nə qədər xoşbəxt edə biləcəyimizi təsəvvür edək!

Həmçinin art klublara yazılaraq bir vaxtlar xəyalları ilə qanadlanıb uçduğumuz təxəyyülümüzdəki o tabloları nəhayət, rəsm etməyi öyrənmiş olarıq.

Başlamaq heç vaxt gec deyil. Əsas odur, istək olsun. Mütləq hər bir insanın mənəvi qida aldığı bir fəaliyyət sahəsi var. Övladlarımızın gələcəyini, həqiqi xoşbəxtliyini düşünürüksə, onların həyatlarını idarə etməkdənsə, azad mühit yaratmalı, öz daxili potensiallarını kəşf etmələrinə yardımçı olmalıyıq. Onlara nəyisə təlqin etmək, beyinlərinə yeritmək əvəzinə dəyişikliyə özümüzdən başla­malıyıq. Sevdiyi işlə məşğul olan, arzu etdiyi həyatı yaşamağı bacaran, xəyallarını gerçəkləşdirmək üçün səylə çalışan pozitiv valideyn öz övladı üçün ilham qaynağıdır. Unutmayaq ki, özümüzü fəda etdikcə, yox saydıqca, “başqaları nə deyər” deyə yaşadıqca bir tək ruhumuza, cismimizə pislik etmiş olmuruq. Həmçinin övladlarımıza, ailəmizə ruhsuz, saxta bir cism bəxş etmiş oluruq.


Müəllif: Xanım Elxanqızı