Praqada Azərbaycan prezidenti tarixi bir çıxış etdi.
“Türkiyənin nümayəndələri yoxdur, amma mən buradayam” - deyə Ermənistan prezidentinin qulağının dibinə tərs sillə kimi dəyən açıqlamalar verdi.
Dövlət başçısının həmin çıxışı 24 aprel tarixindən fürsət kimi yararlanmaq istəyərək növbəti dəfə “erməni soyqırımı” cəfəngiyyatını dünyanın gündəminə gətirən Sərkisyanın susdurulması baxımından önəmli deyildi, sadəcə.
Ən çox diqqət çəkən, qürur yaradan Azərbaycan prezidentinin sərgilədiyi liderlik keyfiyyəti idi.
Bir zamanlar Wikileaks-də yayılan məlumatlardan İlham Əliyevin Azərbaycanın milli maraqları, xüsusən də Qarabağ məsələsində son dərəcə prinsipial mövqe sərgilədiyi qərəzsiz olan hər kəsə məlumdur.
Praqada isə Azərbaycan prezidenti “amma mən burdayam” - deyə Türkiyənin maraqları baxımından da qəti bir mövqe sərgilədi.
Prezidentin bu öz güvəni həm də Azərbaycanın, Türkiyənin, bütün türk dünyasının öz güvəni deməkdir, ən başlıcası, AZƏRBAYCAN MODELİnin beynəlxalq aləmə duyurulan ilk açıq mesajıdır.
Bir Ərdoğanın başsağlığını yada salın, bir də Azərbaycan dövlət başçısının mövqeyinə baxın...
Bu ölkə, bu xalq, bu cəmiyyət, bu dövlət kimi bu prezident də bizim, məhz bizim prezidentdir.
Azərbaycan modeli önə çıxdıqca İlham Əliyevin liderlik keyfiyyətləri də açılır.
Təsadüfi deyil ki, Azərbaycan prezidentinin bu çıxışı Türkiyə mediasını da riqqətə gətirdi.
Nəzərlərdən qaçmadı ki, daim Qarabağ məsələsində Türkiyədən dəstək istəyən, müstəqilliyin ilk illərində Ankaradan maddi, siyasi, diplomatik yardım gözləyən bir ölkənin başçısı artıq bir millətin hər iki dövlətinin maraqlarını nümayişkaranə şəkildə qoruyacaq qədər özünə arxayındır.
İlham Əliyevin sərgilədiyi mövqe həm də ona görə alqışlanmalıdır ki, türk dünyasının məsuliyyətini bunca inamla öz üzərinə götürən bir lider boşluğu vardı.
Başı ərəb dünyasında bəlasiya girmiş və gün keçdikcə Avropadan uzaq düşən Türkiyənin Turqut Özaldan sonra bu yükü ürəkdən çəkə bilmədiyi ortadadır.
Üstəlik, İlham Əliyevin Sərkisyanı yerində oturtduğu gün Türkiyənin baş naziri ermənilərə baş sağlığı vermişdi...
Ərdoğanın yaydığı mətn kifayət qədər ölçülü-biçili idi, Türkiyənin ermənilərə sərgilədiyi bir jest idi və liberal çevrələrcə dəstəklənməsi labüd idi.
Zira, mən də bir liberalam, amma həmin başsağlığını heç də “gecikmiş taziyə” saymıram.
Ona görə yox ki, 1915-ci ildə Osmanlı torpaqlarında ermənilərə “gözün üstdə qaşın var” deyən olmayıb tezisini bölüşür, yaxud “Siz də az aşın duzu olmamısınız” - deyə türklərə qarşı törətdikləri qətliamları qoyuram qabaqlarına.
O sadəcə səbəbə görə ki, mən bu məsələyə “tarix bilinci” ilə baxıram.
20-ci əsrin əvvəllərində Osmanlı imperiyası çökürdü. İmperiyalar çökəndə etnik iğtişaşların baş verməsi, dövlətin də son gücünü onlara göstərməsi tarixi qanunauyğunluqdur.
Digər tərəfdən, 1915-ci ildə Birinci Dünya Savaşı gedirdi. Dünyanın bütün iri və iddialı dövlətləri o savaşın içindəydi.
Aımaniya o savaşda 2 milyon, Fransa 1,4 milyon, Böyük Britaniya 700 min əsgər itirmişdi.
10 milyondan çox insanın həyatına son qoyan bir savaşın iştirakçısı olan Osmanlının öz içindəki iğtişaşları yatırmaq üçün hətta bir milyon olsa belə insan qətl etməsi üzücüdür, amma 21-ci əsrdə dünya siyasətində müzakirə olunacaq mövzu deyil.
Zatən, bu mövzunun gündəmdən düşməməsinin, iri dövlətlərin xarici siyasətində az qala prioritetə çevrilməsinin səbəbi də tarixə olan maraq deyil.
Ermənilər Türkiyədən təzminat və torpaq istəyir, onlara təzminat və torpaq verilməsi isə Türkiyənin bölünməsi deməkdir.
Azərbaycan öz torpaqlarını itirməyə razı olmadığı kimi, Türkiyənin də bölünməsini arzulamır, təbii ki.