7 Yanvar 2019 21:39
1 831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Cümhuriyyəti xadimlərindən Xosrov bəy Sultanzadənin vəfat günüdür.

Xosrov bəyin mühacirət illəri ilə bağlı məlumatlar digər mühacirlərlə müqayisədə olduqca azdır.
Azərbaycandakı sonrakı nəsil qohum-əqrəbaları da bu barədə yetərli bilgiyə sahib deyillər. Ötən ilin bugünü sabahın erkən saatında Xosrov bəyin Fəriköydəki məzarı başında iki saat müddətində gözlədim. Ümidim var idi ki, bəlkə vəfat günündə tanımadığımız qohumlarından kimsə məzarı ziyarət edər.

Təəssüf ki, ümidim puç oldu.

Xosrov bəyin məzar daşında belə yazılıb: “Doktor Xosrov Sultanzadə. Sabiq Azərbaycan Milli Hökuməti naziri. ö – 07.01.1943. Unutmayacağım çox sevgili həyat yoldaşıma Allah rəhmət eləsin”.

Sultanzadə 1879-cu il martın 10-da Zəngəzur qəzasının Hacısamlı bölgəsində doğulub. İlk təhsilini Gəncə gimnaziyasında alıb, sonra Xarkov Universitetinin tibb fakultəsini bitirib. Tiflisə yerləşən Xosrov bəy uzun müddət bu şəhərdə həkimlik edib. 1917-ci ildə Müsavat Partiyasına daxil olub, partiyanın ilk qurultayında iştirak edib, Rusiya Müəssislər Məclisinə deputat seçilib. Zaqafqaziya Seyminin üzvü olub.

Bu dövrdə Xosrov bəy Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin baş təmsilçisi kimi Qafqaz cəbhəsindəki müharibədə zərər görən müsəlmanlara yardım edib. Bu təmsilçiliyin mərkəzi Tiflisdə yerləşib.

Sultanzadə 1918-ci ildə İttihad partiyasına keçib. 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsini imzalayanlardan biri olub. Tiflisdə Azərbaycan Milli Şurasının təsdiq etdiyi 1-ci hökumət kabinəsində hərbi nazir təyin edilib. İkinci və üçüncü hökumət kabinələrində Torpaq naziri vəzifəsini tutub. 1919-1920-ci illərdə Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanının üzvü olub.
1919-cu ilin yanvarında Bakıda ingilis qoşunlarının komandanı general Tomson Xosrov bəyi Qarabağın hərbi valisi təyin edib.

1919-cu il fevralın 12-də Şuşaya yollanan Xosrov bəy vəzifəsinin icrasına başlayıb. 1919-cu il avqustun 15-də Qarabağın erməni icması 7-ci qurultayında Qarabağın erməni əhalisinin Azərbaycan ərazisində milli-mədəni muxtariyyət yaratması ilə razılaşıb. Fevralın 19-da o, Qarabağın Erməni Milli Şurasından “Qarabağın Azərbaycanın ayrılmaz iqtisadi zonası kimi, respublikaya birləşdirilməsi məsələsi”nin dərhal həll olunmasını qəti şəkildə tələb edib.

27 aprel işğalından sonra Xosrov bəy yaxın qohumu Çingiz İldırımın təklifi ilə Şuşa İnqilab Komitəsinin rəhbəri təyin olunub. Lakin qısa müddət sonra mühacirətə gedərək Azərbaycanın istiqlal mübarizəsinə qatılıb.

1924-cü ildə Xosrov bəy İstanbulda Müsavat Partiyasını tərk etmiş qrupları bir araya toplayaraq Azərbaycan Milli Demokratik Respublika partiyasını yaradıb. Eləcə də İstanbulda təsis edilən Birləşmiş Qafqaz Konfederatları Komitəsində Əbdüləli bəy Əmircan və Əkbər ağa Şeyxülislamzadə ilə birlikdə Azərbaycanı təmsil edib. İstanbulda 15 iyul 1926-cı ildə yaradılan Qafqaz İstiqlal Komitəsində Azərbaycan tərəfdən Məhəmmədəmin Rəsulzadə və Xosrov bəy Sultanzadə iştirak edib. 1927-ci il yanvarın 12-də Parisdə yaradılan Azərbaycan və Şimali Qafqaz Birləşmiş Müvəqqəti Mərkəzində Xosrov bəy də yer alıb. Bu mərkəzə polşalılardan dəstək almaq məqsədilə Xosrov bəy Varşavaya göndərilib.

II Dünya müharibəsi illərində də Xosrov bəy Azərbaycanın azadlığı üçün çalışıb. 1941-ci ildə Xosrov bəy Türkiyədə Almaniyanın səfiri Frans fon Papenin qəbuluna düşə bilib. Görüşdə Sultanzadə Azərbaycan və Qafqaz problemlərinə öz baxışı təsvir edilmiş memorandumu təqdim edib. Sonuncu bu tezislərdən Almaniya XİN-ə göndərdiyi notada istifadə edib.

1942-ci ilin aprelində alman hökumətinin nümayəndəsi Şulenburq Berlində təşkil edilən konfransa Xosrov bəyi də dəvət edib. Bu konfransın məqsədi qeyri-rus xalqların mühacirətdəki təmsilçilərinin fikirlərini nəzərə almaq, Almaniyanın Şərq siyasətinin konsepsiyasının işlənilməsində istifadə etmək olub. Həmin ilin iyununda Berlinin məşhur “Adlon” mehmanxanasındakı toplantıya o da qatılıb. Xosrov bəy bu dövrdə yaradılan, Rəsulzadənin sədr olduğu Azərbaycan Milli Komitəsində yer alıb.

Ömrünün sonlarını İstanbulda keçirən Xosrov bəy bu şəhərdə də vəfat edib.


Müəllif: Dilqəm Əhməd