28 Avqust 2014 10:32
1 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan futblou üçün tarixi gün ola bilər. İki klubumuz gecəmizi bayrama çevirə bilər. Həm “Neftçi”, həm də “Qarabağ” futbol tariximizdə bir ilki gerçəkləşdirmək üçün bu gecə biri səfərdə, digəri evdə, doğma azarkeşlər önündə meydana çıxacaqlar.

UEFA Avropa Liqasının “play-off” mərhələsinin cavab qarşlaşmaları üçün meydana çıxacaq təmsilçilərimizin bu dəfəki çıxışıları ilə həm də futbol tariximizdə yeni bir səhifə açmış olarıq.

Təsəvvür eləyin ki, həm “Qarabağ”, həm də “Neftçi” rəqiblərini keçib qrup mərhələsində mübarizə aparmağa layiq olsalar, bu Azərbaycanın qısa futbol tarixinin ən böyük uğuru sayılacaq.

Hələlik isə ən yaxşı uğuru - bir dəfə Avroliqanın qrup mərhələsində oynamaq nailiyyətini “Neftçi” qazanıb. “Ağ-qaralar” iki il bundan öncə Avroliqanın qrup mərhələsinə adlamaqla tarix yazmışdı. İndi isə flaqmanın özünə məxsus ən yaxşı nəticəni təsdiqləmək üçün ikinci bir imkanı var.

Köhnə tanış rəqiblərdən olan “Partizan”la səfərdəki oyun da pis keçməyib. Doğrudur, oyun bir qədər gözlənilməzliklərlə yadda qalıb, amma hər halda səfərdə iki qol vurmaq özü cavab oyunu üçün çox böyük üstünlükdür.

Böyükağa Hacıyevin yetirmələrinin cavab oyunundan öncə şansları yaxşı dəyərləndirilir. Yetər ki, Hacıyev və komandası oyuna doğru taktika və qalib düşüncə tərzi ilə yanaşa bilsinlər. Çünki ancaq bu zaman ikinci dəfə uğuru təkrarlamaq mümkün ola bilər.

Heyət baxımından “ağ-qaralar”ın elə də ciddi problemləri yoxdur. Böyükağa Hacıyevin uzun zamandır arzuladığı Kanales də artıq komandaya qoşulub. Üstəlik milli çempionatın növbəti turunda AZAL-la keçirilməli olan oyun da sırf komandanın Avrokuboklarda daha rahat çıxış eləməsi üçün təxirə salınıb.
İndi qalır yaradılan şəraitdən maksimum və doğru-düzgün istifadə eləyərək azarkeşləri və ölkə futbol ictimaiyyətini sevindirmək.

“Qarabağ”ın vəziyyəti isə “Neftçi”yə baxanda bir az daha çətindir. Öz meydanında oynadığı oyunda Hollandiyanın “Tvente” komandası ilə qolsuz bərabərliyə razılaşan ağdamlılar səfərə bir az sıxıntılı yollanıb. Ancaq bu o demək deyil ki, Qurban Qurbanovun yetirmələrinin heç şansı yoxdur. Rəqib səfərdən qolsuz qayıtdığı üçün öz meydanında qol vurmaq istəyində olacaq. Belə olan halda isə yaxşı və kəsərli əks-hücumlarla rəqibin bu arzusunu gözündə qoymaq olar.

“Neftçi” üçün yaradılan şərait “Qarabağ”a da yaradılıb. “Köhlən atlar”ın “Araz Naxçıvan”la keçirməli olduğu milli çempionat oyunu analoji səbəbdən təxirə salınıb. Aradan keçən bir həftə müddətində dincəlmək və bərpa olunmaq üçün kifayət qədər şansı olan oyunçuların bacardıqlarından daha artığını eləyəcəklərinə inanırıq.

Evdəki oyunu zədə səbəbindən buraxan və meydanda yeri görünən Çumbinyonun oynamaq ehtimalı hələ də qalır. Hücuma dönük orta xətt oyunçusunun yenidən ilk “on birlik”də yerini alması əlbəttə ki, təmsilçimizin hücum gücü adına olduqca xeyirli olacaq.

Bundan əlavə Bakıdakı oyunda qələbəyə mane olan əsas səbəb kimi göstərilən bərbad meydança və ot örtüyü bu dəfə heç bir komandaya mane olmayacaq.

Qurban Qurbanov isə ilk oyundan sonra verdiyi açıqlamada problemin nədə olduğunu gördüyünü və bunu aradan qaldırmaq üçün əməli fəaliyyətə keçdiyini bildirmişdi. Və gənc çalışdırıcı mütləq müəyyən dəyişikliklərin olacağını da demişdi.

Baxaq, görək dəyişikliklər nəticəyə nə dərəcədə təsir edəcək?


Müəllif: Zaur Xudiyev