15 Yanvar 15:30
507

“Nəsimi ili” dolayısınca keçmişə baş vurmağı, indiyədək bu müstəsna mütəfəkkirimiz haqqında arxadakı illər boyunca nələr yazdığımı aramağa başladım.

1970-ci illərdən, tələbəlik vaxtlarımdan Nəsimi ilə bağlı 30-dan artıq iri məqaləm olubmuş.

Hələ xırda yazıları və radio, televiziya verilişlərini qoyuram bir yana.

Hərçənd həmin kiçik yazıların arasında da bu gün dəyəri və tarixi mənası olanları varmış.

Nəsiminin indi hamıya görünən heykəlini mən ilk görənlərdənəm.

1973-cü il idi. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakultəsində təhsil alırdım və elə birinci kursdan “Bakı” axşam qəzeti ilə əməkdaşlığa başlamışdım və hər gün, günaşırı orada xırda xəbərlərim, ayda 2- dəfə də nisbətən iri yazılarım dərc edilirdi.

Daimi apardığım rubrikalardan biri “Bu gün layihədir, sabah...” adlanırdı.

Bakılıların görməyə çoxdan alışdığı bir sıra sənaye müəssisələri, abidələr, tikililər haqqında həmin guşədəki yazılarımda mən ilk dəfə oxuculara soraq çatdırmışam.

“Bakı”nın Şəhər xəbərləri şpbəsinin müdiri mərhum Çingiz Hacıyev bir gün mənə ünvan verdi və dedi ki, get heykəltəraş İbrahim Zeynalovun emalatxanasına, danışmışam, səni gözləyir, hazırlanan Nəsimi abidəsi haqqında bir yazı hazırla.

O vaxt da indiki kimi Azərbaycan Nəsimi dalğasın köklənmişdi. Nəsimi sözlərinə bir-birinin ardınca gözəl musiqilər bəstələnir, şe`rlərinə illüstrasiyalar çəkilir, haqqında araşdırmalar qələmə alınırdı.

Tokay Məmmədovla İbrahim Zeynalovun yartdığı Nəsimi abidəsi də həmin təntənələrin ən diqqətəlayiq hadisələrindən olacaqdı.

İbrahim müəllimin emalatxanası ovaxtkı 1 may küçəsində, məscid binasında yerləşirdi.

İndiki hər kəsə bəlli heykəlin gips variantını birinci dəfə görəndə heyran qaldım.

Otağın içərisində heykəl sanki əslində olduğundan da böyük görünürdü, əzəməti ilə ilk baxışdanca insanı cəzb edirdi.

Beləcə, o abidə haqqında ilk yazının müəllifi mən oldum.

...Qət etdim ki, illər boyu yazdığım Nəsimi yazılarını yenidən oxuculara təqdim edim.

Həm illərcə bu şairlə birgə olmağım görünsün, həm də onları qovuşduracaq yeni hissələri də yazaraq bütöv bir kitaba döndərim.

Bilirəm ki, bu il ərzində, tələm-tələsik çoxlu təzə “Nəsimişünaslar” peyda olub bir ucdan xeyli basmaqəlib yazılar da ortaya qoyacaqlar.

Bu yolun köhnə, sadiq yolçularını isə yaxşı tanıyırıq.

Demirəm, mən Nəsimişünasam.

Amma həq halda Nəsimini sevənələrdən, həm də çoxdan sevənlərdən, müəyyən qədər də anlayanlardanam.

Nəsimidən isə gərək o kəslər yazsınlar ki, ən azı onu başa düşürlər.

Sizə Nəsimi haqda köhnə yazılarımdan birini təqdim edirəm.

İl boyu bu sıra davam edəcək.

Rafael HÜSEYNOV,

Akademik

NƏSIMİ ŞEİRERİNDƏ PƏRDƏ VƏ PƏRDƏNİN ARDINDAKILAR

Hər sadə insanın nitqi və yazısı sözlərin üzərində qurulduğu kimi, böyük ədiblərin də düşüncə və duyğuları ifadəsini elə hamı tərəfindən istifadə olunan sözlərlə tapır. Amma mühüm bir fərqlə ki, sadə insanların dilindəkindən fərqli olaraq, qüdrətli şairlərin qələmində həmin sözlər yeni-yeni rəng və çalarlar qazana, daha ağır məna yükü daşıya bilir. Və ayrı-ayrı kəlmələr sadəcə söz olmaq çərçivəsindən çıxaraq obrazlaşır, rəmzləşir, sanki müəyyən mənada proqramlaşdırılır.

Fikir və duyğu həqiqətləri ədəbi əsərdə tam dəqiq, elə həyatda olduğu kimi, güzgüdə əks olunan sayaq verilsəydi, şeir şeirliyindən aralanar, onun sehri, insanı heyrətləndirmək, valeh etmək keyfiyyəti də qeyb olardı.

Ona görə də orta çağ müsəlman Şərqinin şairləri, adətən, gözəlləri niqab, hicab ardında təsvir etdikləri kimi, düşüncə və duyğularını da daha çox bədiiləşdirərək, obrazlaşdıraraq çatdırmağa üstünlük vermişlər.

Bədii sözün ən mahir idarəedicilərindən olmuş, yalnız ədəbiyyat deyil, dil tariximizdə də müstəsna xidmətləri ilə ucalan, “aşiqlik sipehrinin mətlə-i eşqində tülu etmiş günəş” [7, 282] – Seyid İmadəddin Nəsiminin “Divan”larını vərəqlədikcə onun yaradıcılığında iri bir dəstə sözü seçdirmək lazım gəlir ki, onlar, bir tərəfdən, başqa kəlmələrə nisbətən daha sürəkli və çox işlənir, digər tərəfdən də, həmin sözlər şairin bütöv şeirində, beytində, ya misrasında əsas yükdaşıyıcı sütunlar vəzifəsini yerinə yetirir.

Nəinki hər sözdə, hətta sözləri yaradan hər hərfdə dürlü mənalar arayan, onları sabit simvollar kimi qəbul və təqdim edən hürufi Nəsimi, əslində, hər sözə də onun müstəqim mənasından qat-qat geniş içərisi olan bir fikir, hiss yuvası kimi baxırdı.

Məhz yaradıcılığının bu cəhəti Nəsiminin cazibəliliyini daha da artırmış, istər sağlığında, istərsə də müdhiş qətlindən uzun zamanlar keçəndən sonra onun gözəl sözü dəbdən düşməmiş, izlənilmiş, türk dünyasında təkkə şairlərinin mütəmadi və ən çox cavablar, nəzirələr yazdığı bir yaşarı miras kimi sevilmiş, bu ədəbi təqibetmə hətta XX yüzilin ortalarınadək sürmüşdür. Lakin Nəsimidən bəhrələnmə yalnız təriqət şairlərinə xas olmamış, onun qabarıq təsiri türkdilli ədəbiyyatın bir neçə əsrində bir silsilə şairdə və bir çox ədəbi istiqamətdə görünmüşdür.

Nəsimi Azərbaycan ədəbiyyatının bütün tarixi boyunca həm taleyi, həm yaradıcılığının və ifadəsinin tərzi ilə nadir, oxşarsız bir hadisədir. Klassik müsəlman Şərqi poeziyası və poetikasının kamil bilicisi olmuş Əkrəm Cəfərin müşahidəsi dəqiqdir: “Nəsimi poetikasının şeirimizdə sabiqəsi yoxdur. Bu poetika tamamilə orijinal, Nəsimidən qabaq bizdə nümunəsi olmayan dil obrazları sistemidir. Bu cəhətdən də Nəsimi böyük novator olmuşdur. Böyük şairin poetik fərdiyyətini, bədii şəxsiyyətini, özünəməxsusluqlarını açmaq bizim filoloji elmimizin vəzifələrindəndir”.

Bu fikir və Nəsimi poetikasının dərindən, gərəyincə öyrənilməsi niyyəti 1972-ci ildə səslənsə də, hələ ki Nəsimi aləminə arzulanan səviyyədə varid olmaq, ədəbi mirasını ona layiq yüksəklikdə araşdırmaq uğurundan uzaqdayıq.

Nəsimi şeirində lay-lay mənalar gizlidir və hər sözün nüvəsində bir başqa söz, onun da çəyirdəyində bir ayrı mətləb yerləşdirilib. Yəni bu sözü birbaşa anlamında da dərk edəriksə, misra, beyt, qitə özəl məna daşıyır, həmin kəlməyə hürufi, sufi, ya hansısa bir digər ictimai-siyasi gerçəyin müstəvisindən əl uzadarıqsa, rəng dəyişir, sözün də, onun daxil olduğu mətn parçasının da başqa daha dərin mənası və yozumu aşkarlanır.

Nəsimi qələmində davamlı olaraq zühur edən və xeyli dərəcədə şairin fəlsəfi aləmi, hissiyyat dünyasına açar sayıla biləcək belə sözlərdən biri “pərdə”dir.

Daha çox teatr anlayışı olsa da, poeziyaya münasibətdə məcazi mənada qavranılsa da, “pərdə”, əslində, incəsənətin hər sahəsində var. Sənəti sənət edən, ona sehr, cazibə, sirlilik bəxş edən də ilk növbədə ondakı şərtilik, gerçəkliyi bədii don geydirərək, pərdə arxasından görünən kimi göstərməsidir. Şeirdə pərdə nə qədər nazik, şəffafa yaxındırsa, bu, bir tərəfdən şairin məharətini nümayiş etdirir, digər tərəfdən sözün bədii təsir gücünü çoxaldır.

Nəsimi kimi sözlə möcüzələr yaratmağı bacaran şairlər isə bu vasitə ilə həm də şeir içində şeiri gizlətməyə, müxtəlif cür qavranıla bilən misraları ilə həmin sözləri fərqli qavrayacaq müxtəlif oxucu kütləsinə müraciət etməyə müvəffəq olmuşlar.

Nəsimi o qənaətdə idi ki, sən hələ əriyib sevgilinlə qarışmamısansa, o olmamısansa, bir bədəndə iki can kimi deyil, ayrılıqda mövcudsunuzsa, demək, bu sevgi həqiqi eşq deyil, demək, aralıqda səninlə onun vəhdətinə əngəl törədən, sonacan qovuşmağa, bir-birində itməyə maneçilik törədən çəpər, pərdə var:

Dilbərin eşqində, ey salik, ikilik pərdədir,

Mənligin rəf olmayınca aradən getməz hicab.

Və ya sevdiyinə “pərdəni üzündən çək” deyərkən heç də sözün birbaşa anlamında çöhrəni örtən niqabı deyil, həqiqətin qarşısındakı örtüyü kənar etməyi düşünürdü:

Surət-i həqsən, ey qəmər, pərdəsiz eylə üzün,

Ta büt-i azəri yazan nəqş-i xəyalə düşməyə.

...Pərdədə yaşır, ey qəmər, üzünü taki münkirin,

Kəmnəzərin bunun kimi hüsn ü cəmalə düşməyə.

Nəsiminin xəyalında tutduğu fəlsəfi mənalı pərdədən başqa elə sözün birbaşa mənasında o tərəflə bu tərəfi ayıran parça pərdə də var, musiqi alətlərinin qoluna bağlanan, üzünə çəkilən pərdə də. Lakin Nəsimi hətta musiqidəki pərdəni də rəmzləşdirir, o pərdənin arxasındakı aləmləri görməkdən ötrü həmin səs hicabının aradan getməsinin gərək olduğunu, pərdə götürülüncə əks tərəfdə əsrarəngiz sevda mənzərələrinin cilvələnəcəyini təsdiqləyir:

Həsrət yaşı hər ləhzə qılır bənzimizi saz,

Bu pərdədə kim, nəsnə bizə olmadı dəmsaz.

“Üşşaq” meyindən qılalı işrət-i “Novruz”,

Ta “Rast” gələ çəng-i “Hüseyni”də sərəfraz.

“Zəngulə”sifət nalə qılam zar “Segah”a,

Çün əzm-i “Hicaz” eyləyə məhbub-i xoşavaz.

Nəsimi elə sözün özünü də fikirlərin, duyğuların zahirinə çəkilmiş pərdə, başlanğıcların başlanğıcı, özü özünə tərcüman olan mahiyyət daşıyıcısı hesab edirdi:

Nazil ü mənzil anla kim, birdir,

Kəndi kənduyə tərcümandır söz.

Əql-i küll ərş ü kürsi, lövh ü qələm,

Çar ünsür, nöh asimandır söz.

Fəqət Nəsimidə “pərdə”, yeri düşdükcə, elə hamımızın işlətdiyi idiomatik mənalar da daşıyır.

Aradan rəsmiyyəti qaldırmaq mənasında “pərdə götürməyi” mətnə belə calaq edir:

Gül kimi gülə-gülə gəl aradan pərdə götür,

Ki üzün görməginə dide-yi giryan susadı.

“Pərdədən çıxarmaq”, yəni faş etmək anlamında isə bu cür:

Cəmalin fitnəsi tutdu cəhanı,

Çıxardı pərdədən raz-i nihanı.

Aşıq-aşkar görmək mənasında “pərdəsiz görmək” misrada belə yer alır:

Xəyalı sevdigim yarın gözümdən gərçi ayrılmaz,

Camalın pərdəsiz görmək dilər açıqbəsər könlüm.

Və ya:

Çıxdı məğribdən Günəş, kəşf etdi eşqin rəmzini,

Pərdəsi açıldı hüsnün, dilbər oldu aşikar.

Gözə görünmək, adam arasına çıxmaq anlamını pərdə belə yaradır:

Ey gül-i xəndan, axır pərdədən çıx qönçətək,

Kim məni şövqündə məcruh eylədi xar, üştə gör.

“Bütün pərdələrdə çalınmaq” deyimi ilə Nəsimi “məşhur olmaq” anlamını ifadə edir:

Qamu yerlərdə bulundum, qamu sözlərdə bilindim,

Qamu pərdədə çalındım, bu ulu bəyanə gəldim.

“Pərdə içində olmaq” – sirr, rəmz daşımaq mənasını Nəsimi musiqinin müəyyən pərdələrdə çalınıb-oxunarkən ifa edildiyi pərdələrdən savayı daxilindəki pərdənin içərisində də başqa əsrarın nihan olduğuna aid edir. Və bu məqamda muğamların bəlli adlarının lüğəvi mənasını öz mətləbini ifadə etməyə vasitə kimi götürür. Yəni “Nəva”, “Üşşaq”, “Büzürg”, “Şəhnaz” bir tərəfdən məlum muğam terminolojisidirsə, digər yandan daşıdıqları “ah-nalə”, “sevənlər”, “böyük”, “mülayim, xoşqılıq” mənaları ilə şairə musiqidən öz fəlsəfi mətləblərinin izharına keçmək üçün münasib körpüyə dönür.

Şeir boyuncz beyt-beyt irəlilədikcə anlayırsan ki, burada musiqi də, vəsf edilən dilbər də, əslində, rəmzdir, əlamətdir və əsl məqsədin, əsas hədəfin nədən ibarət olduğunu bilmək, pərdə ardındakına vaqif olmaqçün, şairin öz diliylə desək, onun “könül babından” (ürək qapısından) içəri keçə bilmək qabiliyyəti lazımdır:

Pərdə içində çalınır bu saz,

Ki edər eşq “Nəva”sın ağaz.

Kim nəvayi qılır çü bu “Üşşaq”,

“Büzürg”ün nəğməsin dutar bu “Şəhnaz”.

Arif anlar bu nəğmənin rəmzin,

Aşina olmayanə vermədi raz.

...Dilbərin hüsnünə niqab nədir?

Zatinə pərde-yi hicab nədir?

Rəf edər bu hicabı kim ki bilir

Könlümün Kəbəsində bab nədir.

“Pərdə” Azərbaycan dilindəki çoxlu mənaları olan sözlərdəndir. Akademik nəşr olan “Azərbaycan dilinin izahlı lüğəti”ndə “pərdə” sözü ilə bağlı bir sıra məna zənginlikləri haqda məşhur ədəbi əsərlərdən örnəklər gətirilməklə müfəssəl bilgi verilsə də [1, 593-595), həqiqətdə “pərdə”nin dilimizdə daha bol çalarları var ki, “Lüğət” onların əlavəsi ilə daha da mükəmməlləşə bilər.

Ən nəqdi, elə həmin “Lüğət”də əksini tapmamış məna çalarlarından bir neçəsi Nəsimi “Divan”ındadır.

Lakin dairə bu sadalananlarla hələ qapanmır və “pərdə”nin danışığımızda, ədəbiyyatımızda da başqa anlamlı xeyli törəmələri, budaqları müşahidə edilməkdədir.

Öz müstəqim mənaları ilə yanaşı, “zil pərdəyə qalxmaq” – qəlizləşdirmək, vəziyyəti kəskinləşdirmək, “pərdə-pərdə gəzişmək” – diqqətlə təfərrüatlara varmaq, çözələmək, “pərdədə saxlanmaq” – gizlədilmək, “pərdələmək” – ört-basdır etmək mənalarına malikdir.

Həmçinin “pərdə qalxır” birbaşa səhnəyə şamilsə də, “nəyinsə üzərindən pərdənin qalxması” artıq hansısa gizlinlərin açılması, “pərdə düşdü” deyimi yerinə görə “hər şey bitdi”, “pərdə bağlanmamışdan nəsə etmək” ifadəsi isə iş-işdən keçməmiş, axır-axırda hansısa addımı atmaq mənalarını verir.

“Pərdəli dolanmaq” – incə rəftar, həyalı davranışdır, “pərdəni yırtmaq” – ifşa etmək, açıb-ağartmaq kimi anlaşılır, “pərdəni aradan götürmək” – gözlənilməli olan ədəb ölçülərindən kənar çıxmaq, ehtiramın, abırın riayət etdiyin ölçülərindən vaz keçməkdirsə, “pərdə saxlamaq” – həya gözləmək, əxlaqlı davranış, nəzakətli rəftar məntiqini çatdırır.

Pərdə həm də özünü iş görən kimi göstərmək, saxtakarlıq etmək, aldatmaq anlamı verir: “Gözdən pərdə asmaq”.

Çoxqanadlı, çoxbudaqlı, çoxanlamlı pərdədə həmişə sirr var. Yalnız pərdənin ardı deyil, məhz pərdənin özü də sirr daşıyıcısıdır. Çünki pərdə yalnız bəlli olanı gizlətmir, həm də məlum olanı örtməklə ona bir mübhəmlik verir və sanki təsəvvürü imtahana çəkir, təxəyyülü cırnadır ki, diqqətlə, zənlə bax, bəlkə, pərdənin ardında məlum olanın məlum olmayan tərəflərini də görə bildin.

“Pərdə” məfhumu hətta bir sıra xalqların əsatirlərində də əksini tapıb. Çuvaş mifologiyasına görə, dünyanın kənarında üstü deşik-deşik pərdə asılıb və ulduzlar, Ay həmin dəliklərdən görsənir.

Siyasətdəki oturuşmuş “dəmir pərdə” (Iron Curtten) deyimi təcrid anlamı verirsə (bəziləri bu ifadənin siyasi dövriyyəyə ilk dəfə 1946-cı ilin martında İngiltərənin Baş naziri Uinston Çörçill tərəfindən gətirildiyini güman etsə də, əslində, həmin sözü ilk dəfə 1914-cü ildə Birinci Dünya Müharibəsi dönəmində Belçika kraliçası Yelizaveta dilə gətirib), ədəbiyyatdakı pərdə əksinə, lap əvvəldən ayırmaqdan çox cəlbə, insanı pərdə ardındakıları görməyə daha çox maraq göstərməyə təhrik etməkçün düşünülüb.

Azərbaycan klassik ədəbiyyatının tədqiqinə ömür sərf etmiş R.Azadə “Nəsimi şeirində insan, gözəllik və məhəbbət vəhdətdədir” adlı araşdırmasında şairin yaradıcılığındakı estetik prinsiplərin və poetik incəliklərin vacib bir cəhətinə diqqət yönəldir: “Onun əsərlərində tərənnüm etdiyi... mücərrəd bir kölgə deyil, həyatın, real insanın şair tərəfindən ucaldılan bədii portretidir” [6, 159].

Və davam edir: “Gözəlliyi dərk etmək böyük nemətdir. Bu isə hər nakəsə və naşıya nəsib olan səadət deyildir.

Niyə? Səbəb sadədir – çünki səninlə gözəllik arasında həmişə lap ən zərif də olsa bir pərdə mövcuddur ki, hər şeyi olduğu kimi görməyə tam imkan vermir.

Nəsiminin obraz-sözlərinin hər birinin, o sıradan “pərdə”nin də ayrıca tədqiqə ehtiyacı var və yalnız belə səmtlənmiş araşdırma nəticəsində onun düşüncə və hislər aləmini dolğunluğu və gerçəkliyi ilə qavramaq mümkündür. Həmin obraz, rəmz kəlmələrdən biri – “pərdə” üzərindən pərdəni qaldırmağa cəhd edək.

Nəsimi o qənaətdədir ki, pərdənin çəkilməsi hələ görmək üçün tam imkan yarandığı demək deyil. Çünki inkarçı, mahiyyətə varmaq istəməyən kəs pərdə açılsa da, görməməyində davam edə bilər. Yəni pərdə, əslində, Nəsimidə əyani pərdə tox, elə ruhun gözünü tutan içəridəki, könüldəki pərdədir:

Yüzüni bipərdə görmək istərəm daim, vəli,

Münkirin görməz özü, çün kəşf-i əsrar istəməz.

Yəni sirləri kəşf etmək istəyi sənin qəlbində yoxdursa, pərdə açıq qaldı, ya qapalı, – vəziyyət dəyişməz. Əsas olan çöldəki yox, içəridəki pərdədir, onun sənin nəzərin qarşısında yox olmasıdır. Sənin baxışların o pərdəni dəlib keçə bilmirsə, görülməli olanı görəcəyinə də ümid bəsləməyə dəyməz.

Nəsimi Allahı da bir PƏRDƏÇİ sayır və yer üzündə olan nə varsa, onlara məhz Xaliqin pərdə çəkməsi, arxadakını görmək qabiliyyətinin isə bəsirətlilərə xas olması inamındadır:

Pərdə çəkmiş ara yerdə pərdədar,

Pərdə içindən, bəri bax, gör nə var.

Adəmi gör, adəmi bil, adəmi,

Adəmin əsrarını bilməz dəvar.

Abid olmağın, bəsirətli olmağın yolusa pərdəlini pərdəsiz görə bilmək istedadında, daha dəqiqi, pərdəsiz görməyə can atmaq şövqündədir:

Pərdəsiz məbudini gör, abid ol,

Olma şeytan, gəl türabə, sacid ol!

Cənnəti baqi, nəim-i xalid ol,

Keç ikilikdən, əliftək vahid ol.

Amma bütün pərdələrin götürüləcəyi bir açıqlıq dəmi, HƏQİQƏT ANI da var. Bütün pərdələri “Pərdədar” – Pərdə Sahibi Özü silib aparacaq. Bir an gələcək ki, O Özü pərdəsiz əyan olacaq. Və həmin an sonun başlanğıcına çevriləcək:

Həq-təala pərdəsiz oldu əyan,

Sur uruldu, sur-i İsrafil oyan!

Ey üzün həqdən otuz iki nişan,

Müshəfin əsrarını qıldı əyan.

Nəsiminin pərdəli və pərdəsiz, birbaşa və dolayı sözünün fərqini ən əyani ortaya qoyan bariz nümunə onun “Kəpənək” rədifli şeirləridir. Bu qoşqulardan biri şairin türkcə, digəri farsca “Divan”ındadır.

Farscadakı şeirində kəpənək – yapıncı dünyəvi mənada, elə gerçək bürüncək kimi təqdim olunur və Nəsimi hətta bu yapıncı ona veriləndən sonra soyuqdan daha əziyyət çəkməyəcəyindən məmnunluğunu da bildirir:

Çəkəli əynimə bu sikke-yi mərdan kəpənək,

Biləcək qıldı mənim dərdimə dərman kəpənək.

...Kəpənək geymişəm, əndişədən azad olubam,

Üşümək müşkülüni eylədi asan kəpənək.

Farscadakı “kəpənəkli” şeirdəsə ab-hava başqadır. Sufilərin özlərini qorumaq üçün əməl etdikləri bəlli vərdişlərdən, rəsmlərindən (qaydalardan) biri dərin konspirasiya, çevik uyğunlaşma olmuşdur. Onlar təqiyyə – zahiri qorunma məqsədilə hər hansı məzhəbin, ya təriqətin aparıcı, ya hökmran mövqe tutduğu məkanda yaşamalı olduqları təqdirdə üzdən özlərini həmin məzhəb və təriqətlərə bağlı olan kimi göstərməyə çalışmalıydılar. Geyim atributları da bu uyğunlaşmanın gözəgörünən əlamətlərindən idi.

دولت وصل تو تا یافته ام در کپنک

نظر لطف خدا یا فته ام در کپنک

یافتم در کپنک آنچه طلب میکردم

تو چه دانی که چها یافته ام در کپنک

کپنک پوشم و از طایفها ی دگرم

شرف این بس که ترا یافته ام در کپنک

مکن ای خو اجه مرا در کپنک پوشی عیب

زانکه من نور خدا یافته ام در کپنک

(Mən kəpənəkdə – yapıncıda səninlə görüşün dövlətini tapandan bəri

Yapıncının mənə Allahın lütfkar nəzəri olduğunu da anladım.

Mən yapıncıda nə istəyirdimsə, onu da tapdım,

Sən nə biləsən ki, mən yapıncıda nə tapmışam.

Mən yapıncı geyinmişəm və başqa tayfalardanam,

Bu şərəf mənə yetər ki, yapıncı ilə səni tapdım.

Yapıncı geyinməyi, ey xacə, mənə nöqsan tutma,

Çünki mən yapıncıda Allahın nurunu tapmışam).

Təriqətlərin tərkidünyalığa mail qanadlarında Yer üzünün naz-nemətlərindən imtina, gözütoxluq, azaqanelik, dünya məşəqqətlərinə dözümlülük könüllü riayət edilən şərtlər idi. Xüsusi emal edilməmiş, eləcə kobud dəridən (suf) hazırlanan, libas əvəzinə istifadə edilən, sadəcə bədəni örtən, həm də gecələrdə döşəyə, yorğana çevrilə bilən xirqə geydiklərinə görə təsəvvüf əhlinin “sufi” adlanması məlum söhbətdir.

Nəsimi bu farsca şeirində kəpənək – yapıncı geyərək məhz belə geyinmək adəti olan təriqətin ardıcıllarına qovuşmasına görə onu qınaya biləcək əski əqidə yoldaşlarına açıqca söyləyir ki, bəlkə də, bu cərəyan bizim indiyəcən ardınca getdiyimiz xətdən daha mükəmməldir. Çünki mən burada axtardığımı tapmışam.

Onun axtardığı isə kəpənəkdə – yapıncıda, yəni əslində pərdə olanda deyil, belə geyim forması seçmiş təriqətin önündə gedən və mürşid deyərək tapdığı, kəşf etdiyi, seçdiyi, sevdiyi insanmış.

Kimdir bu insan?

Həmin ismi də Nəsimi dəqiqliyi ilə bəyan edib.

Bu şəxs Fəzlullah Nəimidir:

چون نسیمی کپنک پوش شد از فضل الله

جنت و حوری و لقا یافتم در کپنک

(Fəzlullah Nəsimini kəpənəkgeyinənə çevirdiyindən,

Mən onda (kəpənəkdə – bir az da konkretləşdirsək, kəpənəkdə rəmzləşmiş təriqətdə, başqa sözlə, hürufilikdə, nəimiçilikdə – R.H.) həm cənnəti, həm huri və qılmanı tapdım).

Nəsimi araşdırıcısı, türkiyəli alim Hüseyn Ayan vaxtilə Nəsimi–Nəimi münasibətlərini izləyərkən Fəzlullahın Şirvana, Teymurləngin oğlu Miranşaha sığınmaq məqsədilə gəldiyi dönəmdə Nəsiminin də hürufiliyə qatıldığını, İmadəddinin əvvəlki şeirləri ilə bu dövrdə və həmin dövrdən sonrakı şeirlərini qəti şəkildə ayırıb fərqləndirmək müşkül görünsə də, hər halda gənc söz ustadında əhəmiyyətli düşüncə dəyişikliyinin bu dönəmdən başladığını haqlı olaraq fərz edirdi.

Gerçək tarixi kontekstdən, bu cərəyanlardan, təriqət şeirinin xüsusiyyətlərindən qədərincə xəbəri olmayan bəzi araşdırıcıların kəpənəyə – yapıncıya sürrealist yanaşmaları, təxəyyül uçuşlarında ifrata vararaq kəpənəyə – yapıncıya həqiqətlə bağlantısı olmayan mənalar qoşmaq və Nəsiminin ağlına belə gəlməyəcək nələrisə müasir düşüncə ilə onun boynuna qoymaq cəhdləri qəbuledilməzdir.

VIII yüzildən etibarən yaranıb inkişaf etməyə üz qoyan, getdikcə daha çox qol-qanad açaraq bütün müsəlman Şərqini əhatə edən fəlsəfi-dini cərəyanların, çeşidli təriqətlərin, demək olar ki, hamısına lap başlanğıcdan müəyyən qapalılıq, məxfilik, ifadə tərzində pərdəlilik, üstüörtülük xas idisə, artıq IX yüzildə fəlsəfi mühitdə bunun sanki tam əksi olan ayrı bir istiqamət, məxsusi janr da yayılmağa başlayır.

“Şəhtiyyat” (pərdəsiz fikir söyləmək) adlanan bu janr ya sırf müstəqil fəlsəfi-dini qənaətlərdən ibarət olan, ya da hansısa mürəkkəb risalələri, söyləyişləri yozaraq, sadələşdirərək anladan ədəbi-elmi nəsr abidələrinə verilən ünvan idi.

Bəzən “Şəthlər”in özlərinə də şəthlər qələmə alınırdı.

Həllac Mənsur, Cüneyd Bağdadi, Bayəzid Bəstami, Şeyx Əbu Səid və bir çox başqa mütəsəvviflərin şəthləri məşhurdur.

Misralarına dalacağımız 600 yaşlı bu iki müxtəlif bədii lövhəni bənzər edən ilk əlamət odur ki, ikisində də “pərdə” var. Amma birinci “pərdəli” parça pərdəsizdir, açıqdır, bütün cizgiləriylə aydınca seyr edilən bir əlvan mənzərədir ki, göz önündə ilk baharın əlvan rəngləriylə, ətirləriylə, saflığıyla insanı məftun edən şəklini çəkir:

Bahar oldu vü açıldı üzündən pərdə gülzarın,

İrişdi qönçənin dövrü, zamanı qalmadı xarın.

...Bu gün bazar edən gülşən səməndən, lalə vü güldən,

Qənimət gör ki, beş gündür tamaşası bu bazarın.

İkinci “pərdəli” parça isə bir neçə qat pərdəlidir və bu zirehi yırtaraq o mətnin cövhərinə nüfuz edə bilmək, mətləbi örtüksüz anlamaqçün həmin üst-üstə pərdələri birər-birər qaldıra bilmək bacarığı gərəkdir.

XXI əsrin sıravi oxucusu üçün kənar kömək olmazsa, o pərdələri qaldırmaq və ardındakıları görmək mümkünsüzdür:

Küntə-kənzin pərdəsindən “qafir üz-zənb” oldu faş,

Zahid istiğfarə gəldi, hər dəm aydır: – Ya Ğəfur.

Alim ül-qeybin Vücudi Kainatın eynidir,

Ey şəhadətdən xəbərsiz, caəna youmünnü şur.

“Hədis-i qüdsi” “Küntə kənzin” (“Mən bir Xəzinə idim”) deyimini Allaha aid edir. Yəni Pərvərdigar Özünün gizli bir Xəzinə olduğunu, lakin nihan qalmayaraq tanınmaq istədiyini, buna görə də Ona tapınacaq insanları yaratdığını söyləmiş.

Nəsimi bu beytində təsdiqləyir ki, gizli Xəzinə olmağın pünhan pərdəsindən “Ğafir üz-zənb” (“Günahları bağışlayan Allah”) üzə çıxdı.

Zahid tövbəyə gələrək hər an “Ya Ğəfur” (“Ey bağışlayan Allah!”) deyə yalvarmağa başladı.

“Alim ül-qeyb” (“Qeybin Bilicisinin, Gələcəkdən xəbərverənin”, yəni Allahın) Vücudu elə Kainat deməkdir. Yəni kosmosda nə varsa, hər şey Allahın eynidir.

Ey şəhadətdən xəbərsiz olan, yəni sən ey İslamın əsas düsturu sayılan və bu dinin iki başlıca ehkamını özündə əks etdirən (“Allahdan başqa ilah yoxdur və Məhəmməd onun elçisidir”) kəlme-yi şəhadəti bilməyən kəs, anla ki, sənin üçün də axır zaman – “Caəna youmünnü şur” (“Bizimçün Qiyamət günü yetişdi”) söyləyəcəyin gün gələcək.

“Quran” ibarələri ilə naxışlanmış son dörd misrada nə deyildiyi haqda, heç olmazsa, ümumi şəkildə müəyyən təsəvvür yaransın deyə bu qısa aydınlatma ilə kifayətlənirik. Lakin qoşa beytin yetərincə qavranıla, dərk edilə bilməsi üçün izahın hələ xeyli genişlənməsi də mümkündür (və hətta zəruridir).

Daha əvvəlki, yaz nəfəsli o sadədən-sadə parçanı da, bu xeyli qəliz və çağdaş insana laübalı gələn ikinci şeir tikəsini də eyni beyin və qəlb doğurub, hər ikisinin müəllifi eyni adamdır – Seyid İmadəddin Nəsimi!

O Nəsimi ki özünə həm də belə qiymət verirdi:

Həm fəqirəm, həm dilənçi, həm məlik, həm padşah,

Həm mənəm ustad-i sənət, həm anın muzduriyəm.

Əsl Nəsimi elə budur!

Bizə qəlbimizdəki Allahı göstərən, Allahı bizə özümüz qədər yaxınlaşdıran və İnsanı ülviləşdirərək İlahi mərtəbəyə ucaldan möhtəşəm mənəvi güc yiyəsi!

Sözün həm nökəri, muzduru, xidmətçisi, həm də ustadı, hakimi, padşahı!

Pərdəli və pərdəsiz Nəsimi!

Ən pərdəsiz anında da pərdə ardından boylanan Söz Sehrkarı!

QAYNAQLAR

1. Azərbaycan dilinin izahlı lüğəti (4 cilddə). Bakı: Şərq-Qərb, 2006

2. Hüseyin Ayan. Seyyid Nüsimi hakkındakı çalışmamız. Edebiyat fakültüsi araştırma dergisi. Sayı 2 (ayrı baskı). Ankara Üniversitesi Basımevi. Erzurum. 1971

3. Hüseyin Ayan. Hesimi. Hayatı, Edebi Kişiliği, Eserleri ve Türkce Divanının Tenkiti Metni.I Cilt. Türk Tarih kurumu Basın Evi. Ankara. 2002

4. Nəsiminin farsca divanı. Müqəddimə və şərhlərin müəllifi Əkrəm Cəfər. Bakı: Azərnəşr, 1972

5. İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Tərtib edəni Həmid Araslı. Bakı: Azərnəşr, 1973

6. İmadəddin Nəsimi. Məqalələr məcmuəsi. Bakı: Elm, 1973

7. Salman Mümtaz. Azərbaycan ədəbiyyatının qaynaqları. Bakı: Avrasiya press, 2006

8. شرح شطحیا ت تصنیف شیخ روز بها ن بقلی( در تاریخ 570 هجری 1172 میلادی) بتصحیح و مقدمه فرا نسوی از هنری کربین.تهران 1344

9. نسیمی. دیوان. فی شهر جما دی الا خر سنه. اختر مطبعه سی. 1298


Müəllif: Rafael Hüseyn
loading...