17 Yanvar 22:28
661

Ötən il Cümhuriyyəti yıxanlar arasında yer alan yerli bolşeviklərin İstiqlal küçəsindəki barelyeflərinin çıxarılmasının vacibliyi barədə dəfələrlə yazdım, sabiq meri bolşevik qonşularından xilas olmağa çağırdım.

Dinləyən olmadı.

Əliheydər Qarayevin, Dadaş Bünyadzadənin, Ayna Sultanovanın və bu kimi rusların yanında yer alan, elə rus gülləsi ilə də qətlə yetirilən şəxslərin şəhərimizin önəmli yerlərindən izlərinin götürülməsini istədim.

Olmadı.

Bizim məqsədimiz baş verən hadisələri təftiş etmək deyildi. Bolşeviklər 23 aylıq hökumətin tarixini 70 ildə silə bilmədikləri kimi, biz də 70 illik bolşevik əsarətini tarixdən siləcək gücə sahib deyilik. Bunlar artıq Azərbaycan tarixinin istəməsək də, bir parçasıdır.

Bizim məqsədimiz o idi ki, milli hökumətimizin 100-cü ildönümündə bu hökumətə qarşı çıxanların şəhərimizin ən gözəl küçələrindəki barelyefləri, adları götürülsün. Çünki millətimiz üçün Kirov, Stalin nə deməkdirsə, Əliheydər Qarayev də o deməkdir.

Amma olmadı.

Bakının xilaskarı Nuri paşanın adına layiq bir abidə şəhərdə qoya bilməsək də, bolşeviklərin əbədiləşdirmək istədikləri adlar öz varlıqlarını qorudular...

Amma əvəzinə nə baş verdi?

Dövlətimizi quran şəxsiyyətin barelyefi 2-3 vətənsiz, tamahkar biriləri tərəfindən oğurlandı, parçalandı, satıldı.
Utanmadan, vicdan əzabı çəkmədən gecə ikən barelyefi oğurladılar.

İnanmıram ki, o, barelyefi oğurlayanlar övladlarına çörək aparmaq üçün bunu ediblər. Bir tikə çörək qazanmağın ölkədə min cürə şərəfli, elə min cürə də şərəfsiz yolları var. Dövlətin qurucusunun barelyefini oğurlamaq şərəfsizlikdən də o yana bir anlayışdır.

Həmin barelyef köhnə idi. Üzərindəki yazılar latın qrafikasına keçdiyimiz ilk dönəmlərə xas idi. Dəyişdirilməsi lazım idi. Ümumiyyətlə, həmin məkanın bərpası, muzeyə çevrilməsi gərəkirdi. Amma bunlar olmadığı üçün, oğrular da SAHİBSİZ bilib çirkin əməllərini həyata keçirdilər.

Əgər Rəsulzadə ocağı baxımlı olsaydı, ora muzeyə çevrilsəydi, bir mərkəz halına gətirilsəydi, kənardan tarixi bir dəyəri olan tikili kimi görünsəydi, heç bir oğru buna cəsarət edə bilməzdi.

Əgər Novxanıdakı ev turistlərin cəlb edildiyi, yoxdan dövlət quran şəxsin doğulduğu ev kimi haqqında hər gün televiziyalarda, mətbuatda bəhs edilsəydi, oranın önəmli yer olduğu hər kəs tərəfindən bilinəcəkdi, oğrular da bu addımı atmağa risk etməyəcəkdilər.

... Məşhur yazıçı məşhur kəlamında haqlı çıxdı. Dünyada tək günah var – Oğurluq.

Rəsulzadənin büstünü oğurlamaq isə daha böyük günahdır.

Mənə isə bir məsələ hələ də qaranlıq qaldı. Hansı səbəbdən olur-olsun, o barelyefi oradan sökərkən heçmi əlləri titrəmədi, heçmi vicdanları sızlamadı, heçmi içi ilə çölləri qarşıdurma yaşamadı?


Müəllif: Dilqəm Əhməd