24 Yanvar 23:13
521

Novxanıda Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin oğurlanan barelyefinin yerinə yenisi qoyuldu.

Yeni barelyef əvvəlki ilə müqayisədə olduqca yaxşıdır, üstəlik dilimizin müasir qrammatikasına uyğun şəkildədir.

Rəsulzadənin 135 illiyi ərəfəsində baş verən bu hadisə bizi nə qədər kədərləndirsə də, elə bu ərəfədə yenisinin qoyulması o qədər də sevindirdi.

Ona görə də yeni barelyefin hazırlanmasında zəhməti olan hər kəsə bir vətəndaş olaraq təşəkkür edirəm.
Amma...

Qəribədir ki, barelyefdə ədəbiyyatda indiyə qədər işlədilməmiş bir ifadə qeyd olunub: Azərbaycan Dövlət Cümhuriyyəti.

Bu ifadəni kimin təklif etməsi, niyə təklif etməsi bizim üçün qaranlıq olsa da, tamamilə yanlış olduğu aydındır.
Cümhuriyyət ilində bu məsələ dəfələrlə müzakirə edildi, alimlərimiz fikirlərini bölüşdülər.

Bir çox məsələdə professor Ədalət Tahirzadənin fikrini bölüşdüyüm üçün “Azərbaycan Cümhuriyyəti” ifadəsinin doğru olduğu qənaətindəyəm. Ən azından 23 illik mövcudluğu dönəmində dövləti quranlar məhz bütün rəsmi sənədlərdə bu ifadəni işlədiblər. Ərəb qrafikası ilə “xalq” sözü 3 işarə ilə yazılır, bu üç işarəni rəsmilər rəsmi sənədlərə yerləşdirməkdə çətinliklə qarşılaşmazdılar.

“Azərbaycan Demokratik Respublikası” ifadəsi xarici dildə olan bəzi sənədlərdə keçsə də, ölkənin daxilində işlənən sənədlər daha öncəlik ifadə etdiyi üçün, bu cür yazılışın da doğru olmadığı qənaətindəyik. Eləcə də bəzən işlədilən “Azərbaycan Demokratik Cümhuriyyəti” ifadəsi də bizə görə yerində işlədilən ad deyil.

“Azərbaycan Cümhuriyyəti” ifadəsi 1918-ci ildə qurulan dövlətin bütün mahiyyətini asanlıqla əks etdirir. Cümhuriyyət xalqın idarəçiliyidir, necə ki müsəlman şərqində ilk parlament elan edərək buna nail olduğumuzu sübut etmişik.

Əgər bu ad barelyefi qoyanların xoşuna gəlmirsə, o zaman 1995-ci ildən etibarən rəsmi şəkildə geniş işlənən “Azərbaycan Xalq Cümhuriyyəti” ifadəsini yazmaq olardı. Çünki istər mərhum prezident Heydər Əliyevin, istərsə də dövlət başçısı İlham Əliyevin bütün sərəncamlarında “AXC” ifadəsi keçir.

Dövlətin rəsmi şəkildə işlətdiyi Xalq Cümhuriyyəti adını deyil, Dövlət Cümhuriyyəti ifadəsini işlətmək yanlışdır, əgər dəyişdirmək mümkündürsə, təcili şəkildə bu baş verməlidir.

Çünki əks halda daha bir yanlış ifadə elmi ədəbiyyata yol açacaqdır.


Müəllif: Dilqəm Əhməd
loading...