25 Yanvar 2019 15:24
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

19 yanvar mitinqinin nəticələri isə göstərir ki, onların nəinki dəyişmək fikirləri yoxdur, heç köhnə standartları da lazımınca tətbiq edə bilmirlər

“Müxalifət mövsümü”nün təqvimi dəyişib

Müxalifətin “radikal” qanadında “aktivlik” var. 19 yanvar tarixində “birgə aksiya” keçirdilər. Dərhal da 26 yanvar tarixinə yeni aksiya təyin etdilər. Hələ arada 20 Yanvar mərasimində də insident yaratdılar, qarışıqlıq salmaq, brifinqlər keçirməklə özlərini göstərmək istədilər. İstəklərini reallaşdıra bildilərmi? Bu, başqa mövzudur. Indilik maraq çəkən məqam düşərgə təmsilçilərini aktivləşdirən səbəbidir. “Radikal” düşərgənin 25 illik “müxalifətçilik təcrübəsi” göstərib ki, boşuna ayaqlanmazlar: ya ölkədə təbii, prosedura uyğun siyasi aktivlik olmalı, seçki, referendum və sair keçirilməlidir, ya da xaricdəki himayədarlarından xüsusi sifariş gəlməlidir ki, bunlar aktivləşsinlər, küçələrə çıxıb “mən də varam” şousu göstərsinlər. İndiki aktivlikləri də “nəyinsə simptomudur” təəssüratını yaradır. Amma nəyin? Ölkədə sabitlikdir, diqqət çəkən siyasi proses, əhalini əndişələndirəcək hadisə yoxdur. Beləcə, istər-istəməz maraq güclənir: nə baş verir ki, yanlışlarına görə tədricən param-parça olmuş, strukturları dağılmış, unudulub yaddaşlardan silinmək üzrə olan qrupu stimullaşdırır, arxivin küncündən götürüb tozunu silir, yenidən vitrinə qayur?

Təhlillər əsaslansaq, “radikal” düşərgəni zaman-zaman aktivləşdirən ənənəvi səbəblər zahirən görünməsələr də, onları qınından çıxmağa məcbur edən məqamlar var.

“Radikal” düşərgəni aktivləşdirən səbəblər

Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqlar yeni müstəviyə daxil olur. Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi, köhnə komanda üzvlərinin cinayətkar əməlləri ifşa edildi. Yeni hakimiyyətin, Paşinyan komandasının isə seçki ərəfəsində xalqa verdiyi vədləri sürətlə “unutması”, faktiki olaraq mat vəziyyətinə düşməsi, Ermənistanda çıxılmaz durum yaradıb. Paşinyanın romantik eyforiyası keçdikcə, Ermənistanın iqtisadi –siyasi fəlakət həddinə çatmasının real səbəbləri barədə təsəvvürləri durulduqca, durum dəyişir. Təcavüzkar ölkə təmsilçiləri anlayırlar ki, Dağlıq Qarabağ problemi özünün ədalətli həllini tapmayınca, Azərbaycanla münasibətlər normallaşdırılmayınca, nəticədə blokada vəziyyətindən çıxmayınca, iqtisadi fəlakətləri davam edəcək. Ənənəvi siyasətləri dəyişməlidir, bunu anlayırlar. Amma geriyə adım atmaq imkanları məhduddur. Paşinyanın qısa müddət ərzində Azərbaycan Prezidenti ilə keçirdiyi 3 intensiv görüş, həmin görüşlər ərəfəsində düşdüyü vəziyyət deyilənlərə sübutdur. Vurnuxurlar, çıxış yolu axtarırlar, tapmayanda ənənəvi taktikalarını işə salırlar. Danışıqların intensiv mərhələyə daxil olduğu ərəfədə güclü mövqedən çıxış edən Azərbaycanın mövqelərini zəiflətmək, ölkə daxilində qarşıdurma yaratmaq üçün erməni lobbisinin əlində ənənəvi üsullar var. Erməni lobbisinin kritik məqamlarda “beynəlxalq donor institutları” adı altında Azərbaycan “müxalifətinin radikal qanadına” maliyyə yardımı göndərməsi barədə fikirlər yeni deyil. Bunlar artıq fikir, ehtimal da deyillər, marşrutu aşkarlanmış, dəqiqləşdirilmiş xətdirlər. Onlar “xarici donor institutları” adı altında erməni lobbisindən maliyyə alırlar və əlbəttə ki, maliyyəyə uyğun olaraq ölkədə qarışıqlıq yaratmaq tapşırıqları da alırlar, onu canla-başla icra da edirlər.

“Radikal” düşərgənin son “aktivliyinin” ikinci sbəbi kimi ölkədə başladılan struktur və kadr islahatları görünür. Prezident İlham Əliyev rüşvət və korrupsiya ilə mübarizəni gücləndirdikcə, sistem xarakterli islahatlarının miqyasını genişləndirdikcə, Azərbaycan idarəetmə fəlsəfəsini dəyişdikcə özlərini ona opponent hesab edənlər daha da aqressivləşir və mütəşəkkil şəkildə müqavimət göstərməyə çalışırlar. Çünki, hakimiyyət idarəçiliyində, kadr təyinatında, ümumiyyətlə, cəmiyyətin bütün sferalarında yeni, son nəsil texnologiyaların tətbiqinin başlanılması “ənənəvi müxalifətin” ömrünü heç bir inzibati təsir olmadan, təkamül yolu ilə tamamlamış olur. Müşahidələr göstərir ki, “radikallar” nəinki yeni nəsil texnologiyalara, idarəçiliyə, kadrlara qarşı adekvat deyillər, hətta mövcud durumdan da 2 addım geridədirlər. Dünya dəyişir, dəyərlər dəyişir, texnologiya və sistem dəyişir, bunlar isə olduqları yerdədirlər-1992-1993-cü il səviyyəsində . Bu insanlar normal, sivil qaydada tədbir keçirmək, ictimaiyyətə öz fikirlərini, ideyalarını çatdırmaq qabiliyyətində deyillər. Çünki hələ də 1990-cı illərin qaraguruhçuluq ab-havası ilə yaşayırlar.

Müxalif düşəgədə islahat zərurəti

Yanvarın 19-da “radikal” müxalifət partiyalarının və onların ətrafında olan təşkilatlarin keçirdiyi mitinq bir daha onların zəifliyini, cəmiyyət tərəfindən dəstəklənmədiyini nümayiş etdirdi. Formatına görə bu aksiya “birləşmiş müxalifətin mitinqi” idi. O baxımdan ki, mitinq yalnız yerli çağırışlarla başa gəlməmişdi. Xaricdəki anti-Azərbaycan dairələr tərərfindən idarə olunan “ünsürlər” də ona dəstək vermişdilər. Bu baxımdan həmən aksiya Azərbaycanın klassik küçə-meydan müxalifətinin xaricə sığınan anti-Azərbaycan qüvvələr ilə birlikdə təşkil etdikləri ortaq tədbir idi. Amma nəticə nə ldu? Bu qədər gurultulu təqdimata baxmayaraq, cəmi 2800 nəfər adam yığa bildilər ətraflarında. Dəstəklənmədilər. Çünki, müxalifət başçılarının və funksionerlərinin çıxışları göstərdi ki, onlar cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmirlər. 25 ildən çoxdur dəyişməyən eyni simalar, eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər, çıxışçıların qulaq yorucu səs tembrləri yenidən təkrarlandı. 19 yanvar mitinqindən sonra, ayın 20-də “Şəhidlər Xiyabanı”nda radikal müxalifət və onun başçılarının simasızlığı, başıpozuqluğu bir daha aydın şəkildə özünü büruzə verdi. Onlar 19 yanvar mitinqinin rüsvayçılığını yalançı təbliğat və yersiz insidentlərlə kompenssiya etmək istədilər. Müxalifətin birləşmiş qüvvələrinin “Məhsul mitinqi” internet resurslarında az qala şəksiz qələbə kimi təqdim olunur. Halbuki, mitinq öz xaotikliyi, təşkilatçılığın zəifliyi, sistemsizliyi ilə diqqəti çəkdi. Aksiyada heç bir ziyalı, cəmiyyətdə tanınan şəxsin iştirakı nəzərə çarpmadı. AXC-nin şinelindən çıxmış və bu gün də müxalifət postunu zəbt etmiş şəxlərin çıxışları, irəli sürdükləri iddialar bir daha təsdiq etdi ki, onlar hələ də revanşizm ab-havasındadırlar, dağıdıcılıq, sabitliyin pozulması yolu ilə hakimiyyəti zəbt etmək niyyətindən əl çəkməyiblər. Onlar dəyişmirlər, əksinə, köhnə taktikalarla uğur qazanmaq üçün özlərini daha radikal, daha kəskin göstərməyə çalışırlar. 20 Yanvar mərasimində törətdikləri rüsvayçılıq göstərdi ki, “radikal” müxalifət başçıları öz iddialarını reallaşdırmaq üçün nəinki Azərbaycanlı mentalitetində yer tutan müqəddəs dəyərləri tapdalamağa hazırdırlar, həmçinin, yeri gəlsə, Azərbaycanın Suriya, Liviya və digər hazırda vətəndaş qarşıdurması gedən ölkələrin vəziyyətinə düşməsinə hazırdırlar.

Bu baxımdan Əli Kərimli kimi milli maraqları tapdaq altına atan şəxslərin siyasətçi obrazına girib, meydana çıxıb özlərini müxalifətin lideri adlandırması bütövlükdə cəmiyyətimiz üçün qəbuledilməz, digər müxalif partiyaların rəhbərləri üçün isə aşağılayıcı faktordur. Cəmiyyət – ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri, gənc nəsil bu reallıqları bilməli, unutmamalı və dağıdıcı qrupların iddialarına lazımi reaksiya verməlidir.

19-20 yanvar aksiyaları müxalifət üçün uğur gətirmdi, əksinə, onun ənənəvi problemlərini ortaya çıxardı, öz aralarında qarşıdurma yaradan faktorları aktivləşdirdi. Baxıb görək, Əli Kərimlinin mitinqdə bəyan etdiyi liderlik iddialarına digər müxalifət partiyaları rəhbərlərinin, funksionerlərinin münasibəti necə olacaq?

Müxalifət dəyişməlidir, yenilənməlidir, öz daxilində islahat keçirməlidir, yeni nəsil texnologiyaları mənimsəməidir. Amma hələ ki, bunun təzahürləri görünmür. Onlar mitinq ardınca mitinq elan edir, təşkilatçılıqları alınmayanda isə çılğınlaşır, insidentlər törətməyə çalışırlar. Bütün bunlar isə onların fəaliyyətini hüquqi müstəvidə araşdırılması zərurətini yaradır. Yanvarın 19-20-si baş verənlər müvafiq dövlət orqanları tərəfindən araşdırılmayınca və ona qiymət verillməyincə, dağıdıcı qrupların kütləvi aksiya təşkil etməsi imkanları məhdudlaşdırılmalıdır. Ehtimal etmək olar ki, Əli Kərimlinin dəstəsi bunu hakimiyyətin qorxması kimi qələmə verəcək. Sual oluna bilər, hakimityyət uzun müddət təbliğat aparıb, bütün güclərini səfərbər edib meydana cəmi 3 minə yaxın adam yığa bilən siyasətbazlardan niyə qorxmalı və çəkinməlidir?!

Müşfiq Ələsgərli


Müəllif: Müşfiq Ələsgərli