26 Yanvar 2019 18:29
1 191
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ay Türkiyədə iki mühüm kitab satışı həyata keçirildi. Biri “Ötükən” nəşriyyatının çap etdiyi məşhur türk yazıçısı Hüseyn Nihal Atsızın “Bozqurdlar” romanı, digəri isə “Sözcü” qəzetinin köşə yazarı Yılmaz Özdilin “Mustafa Kamal” kitabı. Hər iki kitabın ortaq özəlliyi kolleksiya xarakterli xüsusi nəşr olmasıdır.
“Bozqurdlar” romanı 230 lirədən, “Mustafa Kamal” kitabı isə 2500 lirədən satışa çıxarıldı. Üç min nüsxə nəşr olunan “Bozqurdlar” romanından hələ də almaq mümkündürsə, 1881 ədəd nəşr edilən “Mustafa Kamal” kitabı satışa çıxarıldığı 23 yanvar saat 09:05-dən bir saat keçmiş tamamilə tükəndi.
Birinci kitabdan bizim də arxivimizə əlavə olunsa da, təəssüf ki, “Mustafa Kamal” kitabından əldə edə bilmədik.
Bu iki satış bir aya yaxındır ki, Türkiyədə kitab dünyasında müzakirə edilir. “Ötükən” nəşriyyatının 230 lirəyə (təxminən 75 manat) satdığı kitab və müəllifi Türkiyə tarixində önəmli rol oynadığı üçün oxucular bu özəl nəşrə ehtiyac olduğunu düşünürdülər. Xüsusilə, Türkiyədə millətçilər Nihal Atsız şəxsiyyətinə olan hörmətə görə evlərində kolleksiya xarakterli belə bir kitabın olmasının qürurverici olduğunu söylədilər.
Amma 2500 lirə qiyməti olan (təxminən 830 manat) “Mustafa Kamal” kitabı bir saat içində satılsa da, müəllif sərt tənqidlərə də məruz qaldı. Yazıları oxunan və sevilən bir jurnalistin Mustafa Kamal şəxsiyyətini istismar etməsi, onun üzərindən külli-miqdarda vəsait qazanması iddiası sosial şəbəkələrdə dolaşdı.
Bu iki kitab satışı haqlı olaraq bu sualı yaradır?
Hansı kitab dəyərlidir?
5 ildən çoxdur kolleksiyaçılıq fəaliyyəti ilə məşğul olduğumuz üçün keyfiyyətinə görə kəmiyyəti müəyyənləşdirilən kitab kriteriyalarını təqdim edirik:
1. İlk nəşr kitablar – Məşhur bir əsərin ilk nəşri kolleksiyaçılıqda hər zaman bahalı hesab olunub. Hazırda Türkiyədə Nazim Hikmətin, Səbahəddin Əlinin, Oğuz Atayın kitablarının ilk nəşrləri olduqca bahadır. Nazimin ilk nəşr kitabları 5-6 min lirəyə satılır. Şairə aid imzalı bir kitabı isə 19500 lirəyə (6500 manat) almaq mümkündür.
2. Nəşr tarixi köhnə olan kitablar – Şübhəsiz ki, bir kitabın, jurnalın nəşr tarixi 100-200-300 il öncədirsə, bu kitabın satış qiyməti də baha olacaq. Məsələn, hazırda Türkiyədə bir kitabçı Tiflisdə Cəlil Məhəmmədquluzadənin çap etdiyi “Molla Nəsrəddin” jurnalının orijinal 143 sayını 16500 lirəyə (5500 manat) satır. Tarixinə, əhəmiyyətinə və az tapılan olduğuna görə bu qiymət normaldır.
3. İmzalı kitablar – İndiki dövrdən fərqli olaraq keçmişdə müəlliflər hər oxucu üçün kitab imzalamazdılar. İmzalı kitabları məşhurlar bir-birilərinə hədiyyə edərdilər. Buna görə də üzərində imza olan kitablar həm müəllifin imzasına görə, həm də təqdim edilən şəxsin kimliyinə görə dəyər daşıyır. Sadə bir misal göstərək. Hazırda Türkiyədə bir kitab kolleksiyaçısında Əhməd Cavadın Nuru paşaya imzaladığı kitabı var. Bu kitaba qiymət qoymaq mümkündürmü? Yeri gəlmişkən, bizim də şəxsi kolleksiyamızda nadir imzalı kitablar mövcuddur. Onlardan ən önəmlisi Məhəmmədəmin Rəsulzadənin imzalı iki kitabıdır. “Azərbaycan şairi Nizami” kitabını daha öncə ictimaiyyətə təqdim etmişik. Amma bir neçə gün öncə əldə etdiyim, Rəsulzadənin İstanbulda çap edilən ilk kitabı olan “Azərbaycan Cümhuriyyəti” kitabının imzalı nüsxəsini yanvarın 31-də müəllifin 135 illiyində oxucularla bölüşəcəyik.
4. Cildlənmiş kitablar – 50 il öncəyə qədər kitablar yüksək poliqrafik keyfiyyətdə çap olunmadığı üçün bəzi oxucular, kolleksiyaçılar aldıqları kitabları mücəllidlərə cildlədirdilər. Bu cildləmə nəticəsində kitabın qapağı qalın olurdu. Bu kitabı cırılmadan qorumaqla yanaşı, kitab rəfində yaxşı görünməsinə səbəb olurdu. Buna görə də cildlənmiş kitablar satışa çıxarıldığı zaman qiyməti yüksək olur.
5. Prestij kitablar – Bu kateqoriyaya yuxarıda bəhs etdiyimiz iki kitab da daxildir. Adətən, nəşriyyatlar qiymətli hesab etdiyi əsərləri (məsələn, Qurani-Kərim, Kaşğarlının Divanı və s.) və ya sənətlə bağlı kitabları yüksək poliqrafik keyfiyyətlə çap edirlər. Bu isə nəticədə həmin kitabın baha qiymətə satılmasına səbəb olur. Rəssamların əsərlərinin olduğu, tarixi-memarlıq abidələri haqqında olan kitablar bu kateqoriyaya daxildir.
Təbii ki, bu siyahını uzatmaq mümkündür. Biz daha çox müraciət edilən kateqoriyaları qeyd etdik.
Əlbəttə, hansı kitabın dəyərli olduğu fərdlərin dünyagörüşünə və maraq sahələrinə görə dəyişir. Amma dəyişməyən bir şey var ki, kitab toplamaq ən maraqlı məşğuliyyətdir.

Müəllif: Dilqəm Əhməd