28 Yanvar 2019 17:22
1 985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün İstanbulda bir auksionda Mustafa Kamal Atatürkün imzalı bir fotoşəkli 110 min lirəyə satıldı. Təxminən 40 min manata.

“Bir fotoşəkilə 40 min manat verilməlidirmi” sualına keçmədən öncə həmin foto haqqında əldə etdiyimiz məlumatları qeyd edək.

Fotoşəklin ölçüsü 23x17 sm, paspartusu ilə birlikdə 35x28 sm-dir.

Fotonun üzərində Mustafa Kamalın imzası və ithafı var.

İthafda yazılıb: “Fəthi bəy qardaşıma. 1.4.1334”.

Fəthi bəy (Əli Fəthi Okyar) 1880-ci ildə Makedoniyada, Pirlepedə doğulub. 1898-ci ildə Hərbiyə Məktəbinə daxil olub, 1900-cü ildə piyada leytenant rütbəsi ilə məzun olub. 1904-cü ildə qərargah kapitanı olaraq Selanikdə olan 3-cü Orduya göndərilib. İttihad və Tərəqqi Cəmiyyətinə qatılıb, 1908-ci il inqilabını hazırlayan heyət içində iştirak edib. 1908-ci ildə mayorluğa yüksəldilərək Selanik Jandarma Subay Məktəbi Komandirliyinə gətirilib.

Fəthi bəy Osmanlı dönəmində parlamentdə təmsil olunub, 13 oktyabr 1913-cü ildə Sofiyaya səfir göndərilib. Həmin vaxt Sofiyada hərbi attaşe Mustafa Kamal idi. Onların möhkəm dostluğu bu dönəmdən etibarən başlayıb. 1917-ci ildə İstanbuldan millət vəkili seçildiyi üçün elçilik vəzifəsindən azad edilib. İttihad və Tərəqqi hökumətinin süqutundan sonra qurulan yeni hökumətdə daxil işlər naziri olub.

1 noyabr - 21 dekabr 1918 tarixləri arasında Mustafa Kamal ilə birlikdə “Minbər” qəzetini nəşr edib. İngilislər İstanbulu işğal etdikləri zaman bir çox ziyalılar, siyasətçilər kimi o da Malta adasına sürgün olunub. 30 may 1921-ci ildə Ankara hökumətinin müdaxiləsi ilə sürgündən azad edilib. Cümhuriyyətin elanına qədər olan iki il müddətində yenə millət vəkili və daxili işlər naziri vəzifələrində çalışıb. Cümhuriyyətin elanından sonra isə TBMM sədri seçilib. Qısa bir müddət Türkiyənin baş naziri də olub. Bir müddət Parisdə səfir olan Fəthi bəy daha sonra Atatürkün icazəsi ilə qurulan müxalif Sərbəst Cümhuriyyət Firqəsinin sədri olub. Fəthi bəy daha sonra Londona səfir göndərilib, bir müddət Ədliyyə naziri də olub. 1943-cü ildə vəfat edib.

Göründüyü kimi, Fəthi bəy daim Mustafa Kamal Atatürkə sadiq olub, siyasi fəaliyyətini onun göstərişlərinə əsasən qurub.

Foto rumi təqvimlə 1334-cü ildə imzalanıb. Bu, miladi 1918-ci il edir. Fotonun 101 yaşı var. Fotonu imza ilə yanaşı daha dəyərli edən Mustafa Kamalın hərbi geyimdə və medalları ilə birgə təsvir olunmasıdır. Kolleksiyaçılıqda hərbi medallarla yanaşı, tarixi şəxsiyyətlərin hərbi medallarla çəkilən fotoşəkilləri də önəm kəsb edir. Bu foto çəkilən zaman Mustafa Kamal I Dünya müharibəsində Osmanlının Fələstin-İraq-Suriya cəbhələrində müdafiə olunmaq üçün qurulan İldırım Orduları komandanlığında vəzifədə idi. 1917-ci ildə alman komandanlarla birgə qurulan bu ordunun üçüncü komandanı Mustafa Kamal olub.

Beləliklə, fotonu dəyərli edən əsas səbəblər:

  1. Mustafa Kamalın hərbi fəaliyyətinin ən maraqlı dönəminə aid olması.
  2. Üzərində Mustafa Kamalın imzasının olması
  3. Mustafa Kamalın hərbi medalları ilə birlikdə təsvir olunması
  4. Türkiyə tarixində önəmli rol oynamış Əli Fəthi Okyara imzalanması.

Bu 4 səbəb fotoşəklin 110 min lirəyə satılmasına səbəb oldu.

Şübhəsiz ki, kolleksiyaçılıq zənginlərin məşğul olduğu sahədir və biz tez-tez milyon dollarlara satılan rəsm əsərləri haqqında məlumatlar oxuyuruq. Ona görə də 110 min lirə orijinal və imzalı Mustafa Kamal fotoşəkli üçün cüzi məbləğdir.

Auksionda satılan həmin fotoşəkli təqdim edirik:


Müəllif: Dilqəm Əhməd