1 Fevral 2019 23:37
1 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Cümhuriyyətinin banisi Məhəmmədəmin Rəsulzadənin qurduğu Azərbaycan Kültür Dərnəyinin 70 yaşı tamam olur.

1947-ci ildə Rəsulzadə Almaniyadan Türkiyəyə qayıtdıqdan sonra burada azərbaycanlıları bir araya gətirmək, mübarizəyə davam etmək məqsədilə 1949-cu ildə bu dərnəyi yaradır.

Dərnəyin nizamnaməsində təşkilatın məqsədləri bu şəkildə qeyd olunub:

1. Azərbaycanı, onun tarixini, mədəniyyətini təbliğ etmək, tanıtmaq
2. Kitab, jurnal, qəzet çap etmək, mədəni tədbirlər keçirmək
3. Möhtac azərbaycanlılara maddi və mənəvi kömək etmək

Nizamnamənin ilk maddəsində dərnəyin siyasətlə məşğul olmadığı yazılıb. Bu maddə Rəsulzadəyə yenidən vətəndaşlıq icazəsi verən Türkiyə hökuməti ilə problemin yaranmaması üçündür. Dərnəyin və bir neçə ildən sonra rəsmi orqanı olan “Azərbaycan” jurnalının fəaliyyətinə baxdığımız zaman, kültür dərnəyinin həm də Azərbaycan istiqlal mübarizəsini davam etdirən bayraqdar təşkilat olduğu aydın olur.

Dərnəyin nizamnaməsində 3 qurucu üzv göstərilib:
Məhəmməd Altunbay – Pilot
Həmid Ataman – Doktor, Cümhuriyyətin 100 tələbəsindən biri
Əziz Alpoud – Kimyaçı

Dərnəyin idarə heyətinin ilk toplantısında Həmid Ataman təşkilatın sədri, Əziz Alpoud sədr müavini, Feyzi Aküzüm isə baş katib seçilib. Dr. İbrahim Badal Rəsulzadənin fəxri sədr seçilməsi ilə bağlı təklif irəli sürüb. Bu təklif qəbul edilib və Rəsulzadə AKD-nin fəxri sədri olub.

Təbii ki, bütün bunlar protokol üçün idi və Rəsulzadənin məktublarından da aydın olur ki, istər dərnək, istərsə də dərnəyin rəsmi orqanı olan “Azərbaycan” jurnalı bilavasitə özü tərəfindən idarə edilib.
Dərnəyin ilk ofisi Ankaranın Ulus səmtindəki Vakıf İşhanında yerləşib.

Təşkilatın qurulmasında iştirak edən, növbəti sədrlərindən biri olan Feyzi Aküzüm bu tarixi hadisə ilə bağlı yazıb:

“Məhəmmədəmin bəyin Ankaraya gəlməsi ilə dağınıq şəkildə olan Azərbaycan koloniyası dərhal bir araya gəlmə imkanı tapdı. İkinci Dünya müharibəsində iştirak edib, Almaniya, İtaliya, İsveçrə və Fransaya sığınan yurddaşlarımızın 1948-ci ildə Türkiyəyə qəbul edilməsi ilə bu hərəkat daha da canlandı. Məhəmmədəmin bəy bir araya gəlməkdə, müştərək hərəkət etməkdə ən doğru yolu bir dərnək ətrafında toplanmaqda görürdü. Onun arzusuna uyğun olaraq uzun araşdırma və çalışmadan sonra Azərbaycan Kültür Dərnəyinin qurulmasına qərar verildi”.

Dərnək qurulduqdan sonra Rəsulzadə ard-arda “Azərbaycan kültür gələnəkləri”, “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Çağdaş Azərbaycan tarixi” mövzularında mühazirələr verdi, mühazirə mətnləri kitab olaraq nəşr edildi.

1952-ci il aprelin 1-də dərnəyin rəsmi orqanı olan “Azərbaycan” jurnalı nəşr olundu.
Azərbaycan Kültür Dərnəyi və “Azərbaycan” jurnalı hazırda da fəaliyyətini davam etdirir, Rəsulzadədən xalqımıza qalan əmanət bir ocaqdır. Dərnək fəaliyyəti müddətində 50-dən çox kitab çap edib, jurnalın isə 300-dən çox sayı nəşr olunub. Bu nəşrlər Azərbaycan istiqlal mübarizəsinin öyrənilməsində mühüm mənbələrdir.


Müəllif: Dilqəm Əhməd