29 Avqust 2014 11:26
2 714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırda xuliqanlar, fırıldaqçılar, adam aldadıb pul qazananlar, özgənin malını yeyənlər hər zaman olub - bizdə də, xaricdə də. Lap dünyanın düz vaxtında belə. Neyçün ki insanın xislətinə xas cəhətdi bu - təbii, zəif insanın, halal-haram bilməyənin, pul qazanmaq üçün hər yola gedənin. Sadəcə zaman dəyişdikcə vasitələr yenilənir, üsullar başqalaşır, forma yeni, məzmunsa elə həmənki olur. Bu dəfə də kimlərsə, daha doğrusu konkret bir nəfər ANS-in məşhur aparıcısı Rövşanə Ağasəfqızının hesabına bal yemək istəyib. Tək istəməyib, elə yeyib də. Dadını başqası dadıb, adı qalıb Rövşanə Ağasəfqızının üstündə.

***

Əsrimiz informasiya əsridir. Bu gün ən bahalı məhsul da informasiyadır, ən tez xarab olan, dəyərdən düşən əmtəə də məhz informasiyadır. Və bu əmtəə ilə aləmi qatmaq, dünyanı dağıtmaq, ölkələri məhv etmək, nəhayət, ayrı-ayrı fərdlərin şəxsi həyatını da yerlə yeksan etmək mümkündür. Baxır informasiya kimin əlinə düşəcək və həmin şəxs informasiyadan hansı məqsədlə istifadə edəcək. Yəni hər şey sonucda gəlib dirənir insanın vicdanına. Vicdan da ki, efemer məfhum olduğundan əllə tutulmaz, gözlə görünməz, nə dadı var, nə qoxusu, indi gəl bil gör kimdə var vicdan, kimdə yox. Çətin məsələdi.

***
Bakıdakı istedadlı və məşhur gənclərdən birinin böyük fanat ordusu var. Adının çəkilməyini istəmir deyə mən də kim olduğunu deməyəcəyəm. Adamın bu fanat ordusu həm də daraşıb virtual aləmə. Ən müxtəlif sosial şəbəkələrdə öz qəhrəmanlarının adıyla yüzdən çox profil, səhifə, nə bilim nə mümkündürsə ondan açıblar. Zatən fanatlıq eləyən bir yana, bəziləri adamın adıyla internetdə qızlara şit ismarıclar göndərir, hətta dilənçilik də edirlər. “Filankəs, bağdayam, konturum qurtarıb, bir manatlıq kontur göndər də mənə” kimi xahişlər edir, insanları ələ salmaqları bir yana, aldadıb pullarını da yeyirlər - həm də başqasının adıyla.

***
Virtual aləmdə başqalarının klonuna çevrilən, öz adıyla yox, kiminsə adıyla tanınmaq istəyənlər nə məqsəd güdür - bilmirəm, nə qazanır - anlamıram. Bu işin günahı bəlli, yalançılıq və saxtakarlıq - günah sayılar. Cəzası necə, varmı? Ən yaxşı halda - şikayət edildiyi təqdirdə həmin hesablar bağlanır. Bu qədər. Və bizim get-gəldən, süründürməçilikdən əl-həzər deyib də qaçan insanlarımızı nəzərə alsaq, hesab edə bilərik ki, əksəriyyət belə faktlara sadəcə əhəmiyyət vermir, xırda-para dələduzluq hallarına rast gəldikdə də başını bulamaqla ötüb keçir.

***
Kibercinayətkarlıq - beynəlxalq əhəmiyyətli qanun pozuntusudur. Bu zaman insanlar cinayətkar məqsədlərinə çatmaq üçün məhz informasiya texnologiyalarından, qlobal şəbəkədən istifadə edirlər. Bu zaman cinayətin predmeti kompüter olur, obyekti də informasiya, daha doğrusu, informasiyanın təhlükəsizliyi. Və insanlar məhz informasiya oğurlayaraq cinayət yolu ilə bəzən külli miqdarda qanunsuz vəsait əldə edirlər. Bu, olur kibercinayətkarlıq.

***
Danışacağım faktsa cinayət sayılmaz, amma bu da informasiya texnologiyası vasitəsilə gerçəkləşib. Bir kimciyəz aparıcı Rövşanə Ağasəfqızının adıyla özünə saxta profil açıb. Və başlayıb bu xanımın adıyla insanlara ağlına gələn mesajlar yazmağa, şəkillər paylaşmağa. Kimlərləsə dost olub, kimlərləsə düşmən. Bir həkim xanımla da söhbət - yəni yazışma zamanı deyib ki, bəs uşağım yaman xəstədi, təmiz bal axtarıram, tapa bilmirəm. ANS əməkdaşı ilə dostluqdan qürur duyan həkimsə deyib ki, balı da var, bəhməzi də, özü də xalisindən. Əl-qərəz, danışıb vədələşiblər. Təyin olunan yerə isə guya aparıcının sürücüsü təşrif buyurub. Bir cavan oğlan həkimin gətirdiyi bir banka balı götürüb, təşəkkür edib də çıxıb gedib. Halbuki bütün bu bal və ballaşma prosesindən Rövşanə Ağasəfqızının heç xəbəri də yoxdur. Bir müddət sonra həmin həkim ANS-də işləyən bir tanışını görüncə xəbər alıb ki, Rövşanənin qızı xəstəydi, sağaldımı? Həmin “yalançı” Rövşanə Ağasəfqızının yalanının üstü də belə açılıb. Üstündən heç 40 gün keçməmiş. Amma çe faidə? Arada bal da gedib, etibar da. Və kim bilir, bu yalançı profillərlə həmin saxtakar daha nələr, nələr, nələr eləyib. Allah qorusun!


Müəllif: Afaq Vasifqızı