7 Mart 2019 10:53
1 451
12 Punto 14 Punto 16 Punto 18 Punto

“The Guardian” qəzeti martın 1-də “Monumental itki: Azərbaycan və 21-ci əsrin ən pis mədəni soyqırımı” (Monumental loss: Azerbaijan and ‘the worst cultural genocide of the 21st century’) adlı məqalə yayımlayıb.

Məqalənin ideyası budur ki, guya Azərbaycan hakimiyyəti ölkədə “qədim erməni izi”ni itirmək üçün ermənilərə aid maddi mədəniyyət abidələrini məhv edir. Nümunə olaraq “Naxçıvandakı erməni xaçkarlarının kütləvi şəkildə dağıdılması” göstərilir. Yazının müəllifi, Dale Berning Sawa iddia edir ki, 1970-ci illərə qədər Naxçıvan Muxtar Respublikasında , “Culfa rayonunda 3 mindən artıq xaçkar olub. Amma 30 il müddətində bu xaçkarlar düşünülmüş şəkildə məhv edilib. UNESCO xaçkarların məhv edilməsinin qarşısını almaq üçün onları mədəni irs abidəsi kimi qeydə alsa da, 2005-2006-cı illərdə son xaçkarlar da gizli şəkildə sıradan çıxarılıblar”. Məqalənin məzmununu bütövlükdə təsvir etməyə lüzum yoxdur, zatən başlanğıcdakı bir- neçə cümlə onun tamamilə yalan, qondarma faktlar əsasında hazırlandığını isbatlayır.

“The Guardian” oxucu auditoriyasını bu yalanlara inandırmaq üçün zahirən “obyektiv davranır”, kənar müəlliflərin hazırladıqları məqalələrdən, hesabatlardan nümunələr gətirir.

Məsələn, “3 min xaçkar” rəqəmini erməni fotoqraf Argam Ayvazyanın 1970-81-ci illərə aid arxivindən alıb. Digər mənbə kimi isə “Bir rejim yerli erməni mədəniyyətinin silinməsini gizlədir” adlı hesabata istinad edir. Bəs bu hesabatın özü kim tərəfindən hazırlanıb, harada yayımlanıb? Axtarış aparanda məlum olur ki, “hesabat”ın müəllifi erməni əsilli Simon Mağakyandır. Onun “hesabatı”nı yayan KİV qurumu isə erməni əsilli Hrag Vartanyan və Veken Geyikyan adlı ermənilər tərəfindən təsis edilmiş xəbər saytıdır. Qəribə deyilmi, hesabat erməni əsilli şəxs tərəfindən hazırlanıb, onu erməni əsilli şəxs tərəfindən yaradılmış sayt yayımlayıb, məzmun isə erməni mədəni abidələrinin məhv edilməsindən bəhs edir! Obyektivlik prinsipi bunumu ehtiva edir? Ermənistan Azərbaycanla müharibə şəraitindədir, Azərbaycanın 20 faiz torpaqlarını işğal edib, 1 milyon Azərbaycanlını məhz etnik mənsubiyyətinə görə məcburi köçkünə çevirib, torpaqlarından sürgün edib. Azərbaycan isə öz haqını bərpa etməyə çalışır. Yəni, Ermənistanın Azərbaycanla düşmənçiliyi var. Düşmənin, yəni erməninin öz rəqibi, Azərbaycan haqqında belə danışması, bəlkə də, anlaşılandır. Çünki, otada mübahisə var, müharibə, düşmənçilik var. Bəs “The Guardian” nədən belə davranır, iki rəqibdən birinə tərəf tutur? Bir məqalədə 3 mənbəyə istinad edilmsi normal olardı, əgər bu mənbələr müxtəlif fikirləri ifadə etsəydi. Amma Dale Berning Sawa istinad üçün elə mənbələr seçib ki, həmən “mənbələr” eyniqütblüdür, bir tərəfin mövqeyini fadə edir . Bu, obyektivlik deyil, jurnalistika prinsipləri üzərində manipulyasiyadır.

NUJ-un Etik Kodeksi üzərində manipulyasiya

“The Guardian”ın belə davranması söz azadlığı prinsiplərinə, demokratik dəyərlərə, insan haqları anlayışlarına ziddir. Bu, bizim iddiamız deyil, jurnalistika üzrə beynəlxalq etik kodekslərdən çıxan nəticədir:

“ Jurnalist söz və ifadə azadlığını, ictimaiyyətin düzgün məlumat almaq hüququnu hər zaman dəstəkləyir;
yaydığı informasiyanın vicdanla, dəqiq və ədalətli ötürülməsinə zəmanət verir;
yol verdiyi səhvləri düzəltmək üçün mümkün olan hər şeyi edir”.
Bu statlar Böyük Britaniya Milli Jurnalistlər Birliyinin (NUJ) müəllifliyi ilə qəbul edilmiş Etik Kodeksin 1-3-cü bəndlərindəndir. Jurnalistikanın qızıl qaydaları hesab olunan etik kodeksin məhz NUJ tərəfindən hazırlanmış variantına müraciət etməyimiz təsadüfi deyil. Hər bir ölkənin, həmçinin, bəzi ölkələrdə hətta ayrı-ayrı KİV redaksiyalarrının əlahiddə etik kodekslərinin mövcud olmasına baxmayaraq, bu müxtəlif kodekslərin kökündə məhz 80 il öncə NUJ tərəfindən elan edilən prinsiplər dayanır. 1936-cı ildə Beynəlxalq Jurnalistlər Federasiyası ilə birgə hazırlanaraq qəbul edilən 9 bəndlik kodeks Böyük Britaniya medası ilə yanaşı, qlobal media məkanı üçün nəzərdə tutulub. Təşkilatın internet səhifəsində qeyd edilir ki, bu kodeks sosial- siyasi yönümündən, ideoloji baxışlarından və fəaliyyət göstərdiyi ərazidən asılı olmayaraq, bütün KİV-lər tərəfindən qəbul edilir ( https://www.nuj.org.uk/about/nuj-code/ ). Bu kodeks “The Guardian” üçün daha önəmli olmalıdır. Çünki, başqalarına nisbətən onlar üçün daha çox əlçatımlıdır, eyni ölkədə fəaliyyət göstərirlər.

“The Guardian”ın problemi NUJ tərəfindən hazırlanan və dünyaya meyar kimi təqdim edilən bu kodeksdən xəbərsiz olmasında deyil. Əksinə, məqalədən hiss olunur ki, müəllif həmən kodeksi əzbərdən bilir, amma onun üzərində düşünülmüş şəkildə manipulyasiya edir, oxucularını şüurlu şəkildə aldatmağa çalışır. Dale Berning Sawa jurnalistikanın obyektivlik, qərəzsizlik, dürüstlük prinsipinə zahirən əməl etdiyini göstərir: hazırladığı məqalədə Azərbaycana qarşı irəli sürdüyü ittihamları “2-3 mənbədən dəqiqləşdirməyə çalışır”. Yuxarıda təsvir etdiyimiz kimi, reallıqda həmən 3 mənbə, elə bir mənbədir: abidələrin soyqırımı iddiasını irəli sürən şəxs erməni, bu iddianı hesabat formasına salan erməni, həmən hesabatı yayımlayan KİV qurumunun rəhbəri erməni! Müxtəlif mənbəyə müraciət etmə, həqiqəti üzə çıxarma metodu budurmu? Təbii ki, yox. Dale Berning Sawa riyakarlığını davam etdirib, daha bir mənbəyə istinad edir. Yalançı “Hesabat”a bir videoçəkiliş də əlavə edilib ki, oxucu məqalənin səmimiliyinə tam əmin olsun. İngilis dilində olan bu 5 dəqiqəlik videoda səsli olaraq iddia edilir ki, “Azərbaycan dövləti xaçkarları dağıdır, dağıntıların izini itirmək üçün əsgəri güclərdən istifadə edilir, sındırılmış xaçkarlar maşınlara doldurulub aparılır”. Amma diqqətlə baxanda görünür ki, əsgərlərin geyimində hansı ölkəyə mənsub olduqlarını göstərən nişanə yoxdur. Ən qəribəsi isə, operator “sındırılmış xaçkarlar”ın doldurulub aparıldığı iddia edilən yük maşınının dövlət nömrə nişanını göstərmir. Əgər göstərsəydi, bu ərazinin və ya yük maşınını hansı ölkəyə məxsusluğu bilinərdi. Hətta sındırıldığı iddia edilən daşların xaçkar olması da videoda görünmür. Hansısa daş karxanasında aparılan iş prosesini göstərən videoya bənzəyir. Bəlkə də quraşdırılmış səhnədir? Deyə bilmərik, “The Guardian”dan fərqli olaraq, vicdanımızı danıb ehtimal üzrə hansısa hökm də verə bilmərik. Çünki, vidoçəkilişdən hansısa bir nişanı sezmək imkansızdır. Mütəxəssis baxışı olmalı, rəyi onlar verməlidirlər. Videoçəkilişlə bağlı dəqiq bilinən bircə fakt budur ki, onun müəllifi İranın erməni kilsəsinin başçısı Bishop Nshan Topuzyandır, yəni erməni əsilli keşiş! Bu da “The Guardian”ın obyektivlik naminə istinad etdiyi “4-cü mənbə”.

Peşəkar jurnalist nümunəsi

Biz demirik ki, “The Guardian” məqaləni obyektiv hazırlamaq üçün böyük xərc çəkməli, Azərbaycana araşdırmaçı göndərməli, Ermənistandan didərgin salınmış, yurdları dağıdılmış Azərbaycanlı qaçqınlardan müsahibə götürməli, ermənilərin onların başlarına açdıqları müsibətlərdən təsvirlər verməliydi. Demirik ki, “The Guardian” müxbiri yaxın tarixdə, 1992-ci ilin fevral ayında ermənilər tərəfindən yerlə yeksan edilmiş Azərbaycan şəhərinə- Xocalıya səfər etməli, burada dağıdılmış, Azərbaycanlılara məxsus maddi-mdəniyyət nümunələri ilə yanaşı, nəsli kəsilmiş insanlara ermənilər tərəfindən yaşadılan zülmləri lentə almalı idi. “The Guardin” buna etməz, zatən ehtiyac da toxdur. Dale Berning Sawa sadəcə 10 dəqiqə vaxt ayırıb internet üzərindən axtarış aparsaydı, soyqırıma məruz qalanların erməni abidələri deyil, Azərbaycanlılar olduğunu görərdi. Bunun isbatı üçün nə ermənini, nə də Azərbaycanlını danışdırmağa ehtiyac yoxdur. Təkcə BMT-nin erməni işğalçılığını ehtiva edən 4 qətnaməsinə baxmaq kifayət idi.

“The Guardin”ın məqsədi nədir?

Bəllidir ki, “The Guardin” əməkdaşı bu məqalədə həqiqəti axtarmayıb. Onlara həqiqət lazım deyil: əksinə, Azərbaycan haqqında təhriflər vermək, erməni siyasətinə xidmət lazımdır. Təbii sual yaranır: dünya çapında tanınmış, transmilli KİV statusu qazanmış bir KİV qurumunun belə yalan, qərəzli, birtərəfli, qeyri-obyektiv, jurnalistika prinsiplərinə zidd məqalə hazırlayıb yaymaqda məqsədi nədir?

Ağla gələn ilk ehtimal “The Guardian”ın ənənəvi islamafob və anti-Azərbaycan davranışlarıdır. 2015-ci ildə, Bakıda I Avropa Oyunları keçirilən zaman “The Guardian”ın sərgilədiyi mövqeyi yaxşı xatırlayıram. Həmən vaxt monitorinq aparıb müəyyənləşdirmişdim ki, “The Guardian” yalnız 2 ay ərzində (may-iyun ayları) Azərbaycan haqqında 40 məqalə dərc etmişdi. Məqalələr birmənalı şəkildə neqativ yüklü idi. Əlbəttə, neqativ informasiya yazıb deyə, hər hansı bir KİV redaksiyasını qınamaq olmaz, KİV-in işi məlumat yaymaqdır. Ancaq əgər hər hansı bir ölkə, şəxs, proses barədə informasiyaların neqativ təqdimatı əsassız tendensiyaya çevrilirsə, bu, qərəzli yanaşma deməkdir. “The Guardian”ın problemi isə məhz bu məqamla bağlıdır. Qəzetin səhifələrində Azərbaycan haqqında sistematik şəkildə “anti-demokratik”, “geridə qalmış ölkə” rəyi formalaşdırılır. Qəzet ən azı I Avropa Oyunları kimi möhtəşəm bir tədbirə yer ayırsaydı, bəlkə də onun fəaliyyətini müzakirə etməyə zərurət qalmazdı. Amma onu oxuyan şəxsdə təəssürat yaranar ki, sanki Azərbaycanda ümumavropa idman yarışması keçirilmir və ya Britaniyanın idman komandası bu yarışmada iştirak etmir. Günün hadisəsi olan bir faktın üzərindən belə soyyuqqanlı keçidi jurnalistikanın hansı prinsipi ilə izah etmək olar?

“The Guardian” Azərbaycana qarşı qeyri-obyektiv məqalələrinin səbəbi barədə ikinci versiyamız isə ehtimal deyil, qəzetin öz səhifələrindən, birbaşa məqalənin sonuncu cümlələrindən götürülmüş sitatdır. “The Guardian” özünün maliyyə durumunu yaxşılaşdırmaq üçün “1 Evro ianə kampaniyası” keçirir. Onlar yaxşı bilirlər ki, erməni ideoloqları yalan xəstəliyinə yoluxublar, 100 minlərlə soydaşlarını da bu mərəzə yoluxdururlar. Yalan mərəzinə yoluxanlar erməni xaçkarları haqqında bu yalan məqaləni oxuyacaq və məhz yalan olduğu üçün zövq alacaqlar. Zövq aldıqları üçün də “The Guardian”a 1 Evro ianə edəcəklər. Həmən 1 Evro-lar bəlkə də 10 minlərə, bəlkə də 100 minlərə çevriləcək, “The Guardin”a maddi gəlir gətirəcək. Amma belə davranış “The Guardian”a şərəf gətirməyəcək. KİV-lər kommersiya qurumları olsalar da, bu kommersiyanın prinsipləri bazar, auksion kommersiyasının prinsiplərindən fərqlidir. Etik Kodeksin standartlarından kənara çıxanda, xəbər KİV məhsulu yox, bazar məhsulu olur.


Müəllif: Müşfiq Ələsgərli