8 Mart 2019 15:00
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaq sevgisi o qədər dərin və saf olur ki, insan bu yaşında təkrar-təkrar kiçilib xırda bir nöqtəyə çevrilir. Gözə görünməz nöqtəyə…

Verə bilməyəcəyimə inandığım o hədiyyəni alanda da mən bu boyda idim. O vaxta qədər pencəyimin ciblərində neçə bənövşə, neçə novruzgülü dəstəsi də onun üçün qurumuşdu. Yəqin ki, balaca, ucuz bir metal bilərzik də paslayacaqdı.

Amma elə ki qapı açılıb sarışın, qısa saçıyla lövhənin qarşısında dayanırdı, özümü itirirdim. Hər şeyi unudurdum. Buna görə ən tez bitən dərs də onun idi. Qırx beş dəqiqə ürəyimdə sürət götürüb ikimizin tez çatmalı olduğu qısa zaman üçün çox az idi. Onu görmək üçün daha çox zamana ehtiyacım vardı və mən beş dəqiqəlik tənəffüsdə müəllimlər otağının qarşısında peyda olurdum. Bəzən görə bilirdim, bəzən yox…

Gözlənilməz bir təsadüf baxışlarımızı kəsişdirərdisə, bunun min bir xəyalını qurardım. Gecə yatmaq istəməzdim, gec yuxuya gedərdim. Öz ağırlığıyla iki cüt qaranlıq quyuya batan gözlərim ikimizi tanımadığımız işıqlı yerlərə apararırdı. Drayzerin adalarından birinə…

İkimizi buralardan “aparacaq” taxta qayıq da hazırlamışdım. Əlbəttə, mənimki sadəcə ümid idi. Başa düşürdüm ki, məni zorla götürən və ilk sınaqda çayın dibinə batan bu taxta qayıq üçün o dünya çox böyükdür. Əlçatmazdır. Gözəlliyi isə bu əlçatmazlığı həzin bir kədərə çevirirdi.

O, sanki mənim başım üzərindən əllərini səmaya vurmağa çalışırdı və mən bu ağırlığın altında əzilirdim, həyəcanlanırdım, ölə bilmirdim…

Amma o, gülümsəyirdi. Onu həmişə gülümsəyən görmək olardı. Hər dərsə qaldıranda digər şagirdlər kimi mənə də bundan balaca, çeçelə barmağın ucu boyda bir pay ayırardı. Mən o payı gecə üçün saxlayardım, zülmət yoluma işıq salmaq üçün… Hərdən mənə elə gələrdi ki, başqa şagirdlərdən fərqli olaraq, mənim adımı xüsusi vurğu ilə çağırır. Amma bunun ən düzgün ifadəsi elə bu idi: mənə elə gəlirdi…

Vəziyyət 8 mart ərəfəsində dəyişdi. Tənəffüsdə dərs otağına qoyub çıxdığı çantasına fürsət tapıb aldığım hədiyyəni qoyduqdan sonra…

Dərs başlayar-başlamaz hulqumun sürətlə ağzıma doğru çırpılmağa başladı. Sanki ürəyimi də özünə bağlayıb yuxarı çəkirdi. Həyəcanın elə bir həddində idim ki, beynimin içi keyimişdi. Bütün reallıq hissim itmişdi, səs-küyü də sanki böyük bir boşluq içindən eşidirdim. Səslər başımın içində dəhşətli uğultuya çevrilirdi. Hər dəfə əlini çantasına aparıb çəkdikcə təlatüm şiddətini bir qədər də artırırdı. Sanki mənimlə əylənirdi, dəfələrlə əlini aparıb açmadığı çantasıyla…

Ümid edirdim ki, dərsin sonunadək çantanı açmayacaq, amma gözlənilən fəlakət baş verəndə və çantadakı hədiyyəni görəndə gözlərinin dikildiyi ilk adam mən idim. Təkcə mən və mən ölmək istəyirdim, daha doğrusu, lap əvvəldən yox olmaq istəyirdim ki, bu biabırçılıq gələcəkdə başıma gəlməsin.

O gün məni dərsə qaldırmadı. Halbuki buna və mənə xitab edən ən mənasız sözünə belə ehtiyacım vardı ki, bu hərəkətimə qəzəblənib-qəzəblənmədiyini ayırd edə bilim. Amma yapon əzgilinə oxşatdığım o bir cüt dodağın arasından adım çıxmadı. Bəzən çantasına əl atarkən üzündə sezdiyim təbəssüm isə bıçaq kimi ürəyimi burub yerindən çıxarırdı.

Mən o zaman bildim ki, özümdən belə gizlətməyə çalışdığım bu sirri hamının bildiyini bilmirəmmiş… O da bilirmiş.

“O da…” – bunun nə demək olduğunu düşünəndə indi də xəcalət çəkirəm. Amma balaca xəcalət və mənasız xəcalət…

Əlbəttə, valideyn qorxusuyla bu biabırçılıq unudulanadək bir bəhanə tapıb məktəbə getməmək mümkünsüz idi. Az qala tamam mümkünsüz idi. Çünki yalan danışmaq üçün kifayət qədər kiçik bir insanın heç vaxt gizlənməyə yeri olmur.

Beləliklə, gizlənməyə yer yox idi, hər şey məni ələ verirdi. Amma hər insan kimi mən də öz arzularımı sızıldamağa hazır vəziyyətdə dayanmış vicdanıma yedirtmədim. Yoxsul cibimdən ayırdığım qəpik-quruşa aldığım və həftələrlə cibimdə gəzdirdiyim o metal bilərziyi onun biləklərində axtardım. Yasəmən çiçəyinin yumşaq ləçəyinə oxşayan biləklərindən birində…

Amma heç vaxt görə bilmədim. Bu xoşbəxtliyi mənə yaşatmadı. Bəlkə uşağının oyuncaqları arasında, bəlkə hansısa zibil yeşiyində, bəlkə də yaddaşının bir köşəsində unutmuşdu o bilərziyi…


Müəllif: Mənsur Rəğbətoğlu