Muğam müsabiqələri başlayıb. Diqqətimi cəlb edən instrumentalistlərin dəyişməsidir. Çox yaxşı haldır! Çünki səhnə həmişə eyni adamlar tərəfindən zəbt olunanda, başqalarının istedadının üzə çıxmasına qapılar bağlanır. Gözəl addım atılıb-müsabiqə iştirakçılarını yeni tar və kaman ifaçıları müşayiət edir. Bu müsabiqələrin bir üstünlüyü də budur: həm də yeni instrumentalistlər (tar, kamança çalanlar ) nəslini formalaşdırır...
...Əgər çox-çox əvvəllərdə şifahi professional musiqi Avropa tərzli professional musiqi ilə tarazlı şəkildə inkişaf edirdisə, son illərdə təəssüf ki, bayağı musiqinin inkişafı ilə yanaşı addımlamaq zorunda qalmışdı. Amma buna addımlamaq yox, rəqabət demək daha düzgün olardı; nə gözəl ki, yüngül musiqini öz səviyyəsi ilə dalda qoya bildi; nə yaxşı ki, gəncliyin bir hissəsini ağır musiqinin cazibəsində tutub saxlamağı bacardı...
Muğam müsabiqələri bir ideya olaraq gec "kəşf" olunsaydı, bütövlükdə Şərq xalqlarına, eyni zamanda türkdilli xalqlara məxsus muğam onlarda öləziyən, itib-batan kimi elə bizdə də belə bir sonuc yaşayacaqdı. Amma Azərbaycan artıq muğam üzrə Şərq xalqları içərisində bir məktəbə çevrilir...
...Diqqətimizi nə cəlb edir? Əsl muğam səsləri Azərbaycanın bütün bölgələrindən meydana çıxır. Hansı ki müsabiqəli-müsabiqəsiz muğam ifaçılığına axın, əsasən Qarabağ bölgəsindən idi, bu bölgədən olan səslərin füsünkarlığını digər bölgələrdən gələn səslər üstələyə bilmirdi. Son müsabiqələr göstərir ki, vəziyyət dəyişib: kütləvilik azalıb, muğamda üstünlük bir-iki bölgənin əlində deyil, artıq. Məncə bunun başlıca səbəbi ondan ibarətdir ki, 25 ildən artıqdır, Qarabağın tər-təmiz təbiətində uşaqlar doğulmur. Qarabağlıların nəsilləri digər bölgələrimizdə artır. Və onlar döyüləndə muğamat üstündə ağlamırlar ( Döysən Qarabağda bir uşağı sən, Muğamat üstündə ağlar deyirlər) . Nə yaxşı ki, digər bölgələrimizdən çıxan istedadlar sayəsində də muğamın izləri itib-batmır!
Muğam müsabiqələrinə təşəkkür ki, Azərbaycan klassik musiqisinin bir sahəsi-şifahi professional musiqinin aparıcı janrı muğamın ən yeni nəslə, yeni nəfəslərə ötürülməsini təmin edir!