29 Aprel 2019 13:53
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhərin alatoranından başlayan yağış nəfəs dərmədən yağırdı. Qara buludlar göyün üzünə elə yapışmışdı ki, elə bil qurğuşun əridib tökmüşdülər. Sanki bir də göyün üzü təmizlənməyəcək, günəş çıxsa, bu qurğuşunu əridib yeri yandıracaqdı. Külək əsirdi. Alacaqaranlıq bir hava idi, saata baxmadan günün hansı vaxtı olduğunu ayırd etmək olmurdu.

Hər şey iradəsizcə, bu amiranəliyə baş əyib, göyün sakitləşməsini gözləyirdi. Qocadan başqa...

Tez-tez otağa girib həyətə çıxır, söyüd ağacının dibindəki qaba isti su daşıyırdı. Çeçelə barmağıyla yoxlayır, soyumuşdusa isidirdi. Sonra çəkilib birotaqlı evinin qapısı qabağında dayanırdı.

Göyün üzü sakitləşmirdi...

Ürəyi qızınmır, tez-tez qabdakı suyu dəyişirdi. Sonra çəkilib qapının qabağında dayanır, siqaret yandırır, gözlərini qabdan çəkmirdi. Sərçələr bir qırağa, heç Allahın qaratoyuqları gözə dəymirdi. Sərçələr söyüd ağacının çəlimsiz budaqları üstündə bir ayaqları üstündə dayanıb tənbəl-tənbəl qanadlarının altını dimdikləyirdilər. Buxarlanan qaba baxmırdılar.

Ara-sıra daş atırdı, bəlkə ürküb aşağı endilər deyə... Amma qorxmuş sərçələr uçub yaxınlıqdakı divarın arxasında yoxa çıxıb yenidən qayıdırdılar. İçəri keçib bir ovuc buğdayla qayıtdı. Ağacın dibinə səpdi, amma sərçələr görmədilər.

“Görəsən, sərçələri necə çağırırlar?”, - ürəyində fikirləşirdi. Cavabını bilmədiyi, ilk dəfə bu haqda düşündüyü sualın qəribəliyi fikrini sərçələrdən uzaqlaşdırdı. “Hə, deyəsən, belə çağırırlar”, deyib əllərini söyüd ağacının yuxarısına qaldırıb cırtma vura-vura qaba doğru əydi. Sərçələrsə tək ayaq üstə dayanıb, başlarını çiyinlərinin arasına çəkmişdi, çağırışa cavab vermirdilər.

Su soyuyurdu. Qoca suyu yenidən isitdi. Qabın kənarına səpdiyi buğda dənələri küləyin ağacın gövdəsinə sovurduğu yarpaqların altında yox olmuşdu.

“Sərçələri necə çağırırlar?”, bayaqdan dodaqaltı mızıldandığı bu sualı bir kənara atıb otağa cumdu. Təslim olmaq vaxtı deyildi. Sərçələr soyuqdan ölə bilərdilər. İçəri keçib bir qab isti suyla geri qayıtdı, bəlkə içib bir az qızındılar deyə.

Şər qarışırdı. Hava getdikcə daha da soyuyurdu. Heç bu tərəfə gələnə oxşamırdılar. Əllərini ovuclarında ovuşdura-ovuşdura sərçələrə baxdı, yerlərindən tərpənmirdilər.

Şiddətlənən külək uğuldamağa başlamışdı...

İçəri keçib qapını örtdü, qaz peçini yandırıb, yastığa yastılandı. Pəncərədən söyüdün budaqlarına zillənib, öz-özünə deyindi:

“Sərçələri necə çağırırlar? Hə, deyəsən belə...” – sağ əlini pəncərəyə uzadıb cırtma vurmağa başladı.


Müəllif: Mənsur Rəğbətoğlu