1939-cu ilin mayın 19-u.
Əhməd bəy xəstə yatağında yatır.
Dostları, həkimlər başının üstündədir.
Həkim olan qızı Gültəkin ona nar suyu gətirir. Əhməd bəy üzünü həkimlərə tutur: “İnsan hər zaman şampan içməz, qızımın hazırladığı bu məhlul hamısından gözəldir”.
Daha sonra övladlarının bibi kimi bildiyi Humayla yalnız qalmaq istəyir: “Mən ölürəm, sənə çox zəhmət verdim, hirsləndiyim zamanlar da oldu, haqqını halal et. Bu dəxildə 250 lirə var, məqalələrimin puludur. Cənazəmdə o pulu xərcləyin. Səni uşaqlara, uşaqları da sənə əmanət edirəm”.
Daha sonra üşüdüyünü deyir, iynə vurmaq istəyirlər, icazə vermir: “Artıq bu makina pərçim tutmaz”.
Qızı Tezer ağlayır. Üzünü ona çevirir: “Ağlama qızım, insan şüurlu bir makinadır, o da bir gün duracaq, əlbəttə. Mənə söz verin, heç bir güc sizi bir-birinizdən ayırmayacaq. Heç bir zaman doğrunu söyləməkdən çəkinməyin, doğruya doğru, əyriyə əyri deyin. Bibinizə, uşaqlarına yaxşı baxın”.
Sonra üzünü Sürəyyaya çevirir: “Söz ver, ağlamayacaqsan. Mənim vücudum sizlərlə, ruhum anam, atam, Sitarə ilə…Qarşımdadırlar… Onlarla bərabərəm” deyə fısıldayır…
***
21 may.
Ağaoğlunun evinin içi və bağçası dostlarının, yaxınlarının göndərdiyi çələnglərə bürünüb. Cənazə mərasiminə İstanbul valisi Lütfi Kirdar, Malta adasında bərabər sürgündə olduğu, Sərbəst Cümhuriyyət Firqəsində birgə çalışdığı Fəthi Okyar, millət vəkilləri, səfirlər, professorlar, tələbələr, mətbuat nümayəndələri qatılıblar.
Saat 11:15-də cənazə evin önündə baş tutan dini mərasimdən sonra Teşvikiyə məscidinə aparılır. Saat 12:30-da cənazə namazı qılındıqdan sonra Fəriköy İslam məzarlığına götürülür, burada yenə böyük bir heyətin iştirakı ilə dəfn edilir. Dəfndən sonra yazıçı Peyami Safa, Ağaoğlunun dostu İsmayıl Həbib, Dr.Fəthi bəy, Maltadakı dostlarından B.Camal və azərbaycanlı dilşünas alim Əhməd Cəfəroğlu çıxış edirlər.
İlk çıxışı Pəyami Safa edir:
“Ağaoğlu Əhməd bəy. Böyük mürşid, səni daim arzu etdiyin sərbəst insanlar ölkəsindən idealın olan Tanrı dağına göndəririk...”.
Daha sonra İsmayıl Həbib çıxış edir, Ağaoğlunun bir çox tələbə yetişdirdiyini, inqilabçı, yenilikçi olduğunu bildirir. Daha sonra Ağaoğlunun həmyerlisi Əhməd Cəfəroğlu danışır, onun Azərbaycandakı fəaliyyətindən bəhs edir, Azərbaycan ilə Türkiyənin həqiqi şəkildə birləşməsinin mərhumun ən böyük qayəsi olduğunu bildirir.
Malta adasındakı sürgün yoldaşı B.Camal çıxışında adada əsirlikdə qaldıqları müddətdə ən ümidsiz vaxtlarda belə onun qorxmadığını deyir.
Ağaoğlunun vəfatından sonra mətbuatda onun haqqında onlarla yazı dərc olunur. O yazılardan birində Ağaoğlunun övladlarına dediyi son sözləri belə qeyd olunub:
“Boynunuz bükülməsin. İnsanın boynu yaş ağac kimidir. Bir dəfə büküldüsə, bir daha qalxmaz! Yalnız maddi zövqlər üçün boyun əyərək yaşayıb ölmək səfil bir həqiqətdir. Fəqət haqsızlığa boyun əymədən, birinə yarınmadan yaşayıb ölmək insana maddi zövqlər verməsə də, ehtişamlıdır”.
Daha sonra Ağaoğlu üzünü həmşirəsinə dönərək gülür:
“O biri günə hazır ol. Əgər yanılmıramsa, 70 illik pərdə o biri gün qapanacaq! Fəqət əsla arxamdan ağlamayın, üzülməyin. Mən məsud ölürəm. Beş övladım başımın ucundadır. Hamısı da həyata qarşı əlisilahlıdır. İçimdə heç bir narahatlıq yoxdur. Vicdanım heç bir xətanın, heç bir fənalığın əzabı ilə sızıldamır”.
O anda gözləri yaşla dolur Ağaoğlunun və həmşirəsinin əlini sıxır: “Mən yetmiş il belə rahat ölmək üçün yaşadım, muradına çatan bir insanın arxasından ağlayarlarmı?”...