1920-ci ilin bugünlərində Gəncə şəhərində ruslara qarşı şiddətli mübarizə aparılırdı. May ayının 22-də başlayan Gəncə üsyanı iyunun 4-nə qədər davam etmişdi. Bu üsyanın əsas qəhrəmanlardan biri Sarı Ələkbər olub.
Gəncəli Məhəmmədzadə Ələkbər bəy (Sarı Ələkbər İmamqulu) 1875-ci ildə doğulub. Gəncədəki milli istiqlal hərəkatının tanınmış üzvü olub. Gəncə polis idarəsinin rəis müavini, Milli Müsəlman Komitəsinin tağım komandiri olub. 1918-ci ildə Qafqaz İslam Ordusu ilə birlikdə Bakıya gəlib.
Dr.Fəthi Tevetoğlu “Mənim gördüyüm bugünkü Rusiya” kitabında Müzəffər Tuğsavul paşadan və bir neçə başqa azərbaycanlıdan eşitdiyi xatirəni qeyd edib: “Mürsəl Bakı Paşa komandanlığındakı türk ordusu Bakını almaq üzrə irəliləyərkən Gəncədə bir könüllü alayı qurulmuş, türk silahlı qüvvətlərinə qatılmış. Bu könüllü alayın başında böyük mücahid gəncəli Sarı Ələkbər bəy idi. Trabzon liseyindəki qardaşımız İsmayıl Sarıyalçının atası olan bu qəhrəman azəri-türk övladı 41 dərəcə atəşlə xəstələnir və Bakıya girmədən yolda buraxılmaq, Gəncəyə geri göndərilmək istənilir. “Mən bu mücadilədə ölməyə gəldim, dönməyə gəlmədim!” deyən bu gəncəli türk övladının alovu və ruhuyla Gəncədən Bakıya gəlinir və şəhərə girilir”.
Bakının işğalından sonra Gəncədə baş verən üsyanda milli ordu ilə yanaşı Ələkbər bəyin könüllü dəstəsi də iştirak edib. Üsyanın yatırılmasından sonra oğlu İsmayılla birlikdə mühacirətə gedib, əvvəlcə Trabzona yerləşib.
Sarı Ələkbərin nəvəsi Türkan xanım babası haqqında bunları bildirib:
“Babamın qardaşını öldürmüşdülər. Əgər babam qalsaydı, onu da öldürəcəkdilər. Babamgil çox varlı idilər. Onun Gəncədə otelləri, mülkləri vardı. Babamla dayım Araz çayından keçərək Türkiyəyə gəlirlər. Babam Trabzona gəlir və sonra Qarsda yerləşir. Babam 5 il bu şəhərdə yaşayır. O, 1938-ci ildə vəfat edir. Sarı Ələkbər oğlu ilə Türkiyəyə gəlincə çətin günlər yaşayır. Orada kiçik bir dükan açır. Dostları da ona kömək edir. Çətinliklərə baxmayaraq oğlunu oxudur. “Dayım İsmayıl tibb təhsili alır. Hətta, dayım atasına məktub yazır ki, “anam və bacı-qardaşlarım daha gələ bilməyəcəklər. Sən Trabzonda yalnız qaldın. Evlənə bilərsən”. Babam isə ona “Sən belə bir şeyi mənə necə deyə bilərsən?” - deyə İsmayıla hirslənib. Babam sədaqətli insan idi. O, düz 13 il evlənmir”.
Sarı Ələkbərin mühacirətindən sonra ailəsi üçün təhlükə yaranıb. Həyat yoldaşı, qızı və kiçik oğlu Firudin 9 ay uzaq bir kəndə yaşamalı olublar. 5 il Sarı Ələkbərdən xəbər tuta bilməyiblər. 9 aydan sonra ailə kənddən Gəncəyə gəlib. Bolşeviklər ölkədə möhkəmləndikdən sonra repressiya daha da sürətlənib. 1931-ci ildə Sarı Ələkbərin xanımı, qardaşı və anası Aral gölünə sürgün edilib. Ələkbərin 85 yaşlı anası Başxanım yaşına görə sürgünə getməyə bilərdi, amma o, “mən sizi yalnız buraxa bilmərəm, oğluma nə cavab verərəm? Ölsəm də sizinlə gələcəyəm” deyərək məşəqqətli yola düşüb.
Türkan xanım ailənin sürgün həyatından belə bəhs edib:
Ailə daha sonra Qazaxıstana sürgün edilib. Amma sürgündən qaça biliblər. Əvvəlcə Bakıya, sonra Gəncəyə gəliblər.
1933-cü ildə Sarı Ələkbərin ailəsi sürgündən qaça bilib və Qarsa onun yanına gəliblər. Ələkbər bəy 1938-ci il noyabrın 6-da vəfat edib.
Sarı Ələkbərin ölümü ilə bağlı Azərbaycan Cümhuriyyətinin qurucusu M.Rəsulzadə onun oğlu İsmayıl Sarıyala məktub göndərib. Məktubda yazılıb:
Varşava, 17.12.{19}38
Muhterem Dr. Bay İsmail Sarıyal'a
Aziz arkadaş!
Saygılı atanızın vefatı haberini çok büyük bir teessürle haber aldım.
Bu yüzden duyduğunuz sonsuz teessüre candan iştirak ederken, merhum Ali Akber'in Milli Azerbaycan mücadelesi yolunda göstermiş olduğu unutulmaz mücahedelerile Milli harekete karşı beslediği sadakat hislerinin minnetdar hatıralarımızda ebediyen yaşayacağını ehemiyetle kayt eder, gerek bizzat kendim ve gerek arkadaşlar namına size yürekten başsağlığı veririm.
Sevgi ve saygılarla.
M.E.Resulzade
Adres: Warszawa. W.Kielecka 36. 8
İsmayıl Sarıyal 1907-ci ildə Gəncədə doğulub. İlk təhsilini burada alıb, orta təhsilini Trabzonda tamamlayıb. İstanbulda Tibb fakultəsində ali təhsil alıb, 1934-cü ildə tibbiyyədən məzun olub. Türkiyənin müxtəlif bölgələrində hökumət təbibliyi edib. Marmarisdə hərbi xidmətdən keçib. Hakim Nəbahət xanımla ailə həyatı qurub, bir qız, bir oğlan övladı olub. Səhiyyə nazirliyində müfəttiş kimi çalışan İsmayıl bəy 1972-ci ildə Baş müfəttiş olaraq təqaüdə çıxıb. İ.Sarıyal 1984-cü il martın 16-da İstanbulda vəfat edib, 17 martda dəfn edilib.
Qaynaqlar: