“İçimdəki səs”
Yağış kəsmək bilmir. Bu həngamənin içində adamlar niyə evlərinə getmək istəmirlər, hara tələsirlər belə? Bəs bu qoxu haradan gəldi burnuma? Qəribədir, məndən başqa kimsə yoxdur evdə, amma sanki hər yeri bu qoxu bürüyüb. Bəlkə heç burnuma toxunmur bu qoxu, ağlımdan keçir? Deyəsən, xatırladım, məktəb yolundan... Bu qoxunun sahibi məni arxasınca sürüyüb sinif otağına tələsdirərdi həmişə. İndi heç biri yoxdur, ikisi də çəkilib gedib: biri ürəyimdən, biri də burnumdan. Qoxu da bir xatirə imiş, öz ağrısı varmış...
Yenə ad qoya bilmədiyim bir həyəcan çəkib aparır məni uzaqlara. Kimi, nəyi xatirlamağa çalışıram mən? Yenə nəyisə yarımçıq xatırlayıram. Bu yağış nə vaxt kəsəcək? Belə getsə, göyün üzündəki qırışlar açılmayacaq. Nə yaman gərginəm belə, nə etsəm, nə düşünsəm zəhərləyir məni, sıxır canımı. Yatmaq istəyirəm, illərlə ayılmaq istəmirəm, ən azı indiki - bu anı illərlə arxada qoymaq istəyirəm. Kaş zaman tez keçəydi, unudardım, ya da öyrəşərdim, sakitləşərdim bir az.
Saat çaqqaçaq səsini başına atıb, amma tələsmək istəmir, gedəsi bir yeri yoxdur. Niyə tələssin saat? Gecəyə hələ çox var. Niyə belə təkidlə gecənin düşməsini gözləyirəm? Nə gedəsi yerim var, nə gələnim olacaq. Amma gözümü qapıdan çəkə bilmirəm, ən xırda səsə ayaqlarım qulaqlarımdan əvvəl qaçır. İlahi, bu nə sıxıntıdır belə? Kimsə gəlsəydi, bir-iki kəlimə nəsə danışardıq, havadan-sudan, ona, mənə maraqsız olan şeylərdən danışardıq. Amma yox, heç kəs gəlməsin, indi heç nə istəmirəm. Bəs mən özümdən nə istəyirəm, nə, axı nə? Yaxud mən nə istəyirəm, nə etmək istəyirəm, nə vaxta qədər belə davam edəcək? Bilmirəm, yerimdə dayana bilmirəm, yağışdan həzz ala bilmirəm, otağa can atıb məni dondurmağa çalışan soyuğun nəticəsiz səylərindən, isti adyaldan həzz ala bilmirəm. Bəlkə düşüm həyətə, bir az isalanım, prospekt boyunca yağışın altında qaçım. Sonra qayıdıb sığınım bu isti otağa, yavaş-yavaş qızınım, buz kəsmiş ayaqlarımı bir yerə yığıb adyalın altında qıvırılım, bir isti çaya qonaq edim özümü. İstəmirəm bunu da, yaxşı bir şey olsun, elə indi olsun, sonra istəmirəm, elə indi, lap bu dəqiqə.
Heç nə düşünmək istəmirəm, amma hər saniyə beynimin ortasından bir şey keçir...
Bu gecə nə yaman gec gəlir belə? Hər gün bir göz qırpımında qapını kəsdirən gecə indi gəlib çıxmaq bilmir, deyəsən heç gəlməyəcək, gözləmək lazımdır. Elə bil öz içimdə bir neçə yerə parçalanmışam, özümlə danışıram, içimdəki bütün mənlər danışır, bir dəqiqə dil-boğaza qoymurlar. Öz səsim başıma düşüb, özümü saxlaya bilmirəm, Allah sən saxla...
Bəlkə zəng edim uşaqlara, oturub pivə içək. Yox, elə belə yaxşıdır, öz içinə çəkilib sakit durmaq yaxşıdır, indi öz başıma düşən səsimə dözə bilmirəm, onların səsi başımı dağıdar. Başa düşmürəm, insanlar tək qalanda niyə təkidlə adamların arasına qaçmağa, onlara qaynayıb-qarışmağa tələsirlər? Budur bir səki adam harasa tələsir. Yağış və külək onları qovub evlərinə sala bilməyibsə, mən onlardan baş çıxara bilmərəm. Bəlkə metroya düşüm, elə bu adamların arasına qarışım, guya mənim də gedəcək bir yerim var.
Ən yaxşısı səki boyunca qaynaşan bu adamların arasına qarışıb gəzişim, gedib evlərinin qarşısından keçim, guya harasa gedirəm, yolum oradan düşüb.
“Bəlkə adamla dolu bu səkidə sənə rast gəldim”.
Bəs qarşılaşsam? Utanacam, vəziyyətimi pisləşdirəcəm və özümü bunun içindən çıxara bilməyəcəm. Nə vaxt yalan danışdığımı da yaxşı bilir, onu da bilir ki, mənim orda-burda işim olan deyil, heç kəslə görüşən adam deyiləm, həmişə özümü qovub bu dörd divar arasında salıb ordan çıxmıram. Bəlkə heç nə soruşmadı, indiyəcən susubsa, yəqin ki, deməyə, soruşmağa da bir sözü qalmayıb. Belədirsə, onunla rastlaşmaq mənə baha başa gələ bilər, elə ən yaxşısı bu dörd divar arasında gəzişməkdir. Bir az içki olsaydı, bəlkə özümə gələrdim, bilmirəm. Siqaret var, bununla da keçinmək olar.
Ürəyim yenə şuluqluq edir, elə bil kimsə ürəyimin dibinə ling salıb kökündən çıxarmaq istəyir, ağac kötüyü kimi. Ürəyimsə öz dibinə elə çöküb ki, çıxmaq bilmir, əzab çəkirəm...
Deyəsən, qapı vuruldu. Kimdir gələn? Baxmadan bilmək olmaz. Hə, filtr firmasından gəlib, qapını açsam boş-boş danışacaq, məndən ona müştəri olmaz. Bəlkə açım bir çay dəmləyim, içək, o uzun-uzun danışsın mən də ona qulaq asmayım, ən azı evdə bir səs-küy olar, bir bəhanə tapıb öz içimə çəkilərəm, bir az ovunaram, sakitləşərəm. Yox, suallar verəcək, danışmağa məcbur edəcək məni, filtri satmaq üçün dəridən-qabıqdan çıxacaq. Ən yaxşısı budur, o qapının çölündə, məndə burda qalım, açsam, içəri keçsə ümidlənəcək, elə biləcək alacam, iki ölü ümiddənsə, bir ölü ümid yaxşıdır, qoy getsin.
Nə qədər vaxt keçib səhər yuxusundan durandan, hələ gün yarı olmayıb.
Bu güzgüdəki mənəm, həyatında bir dəfə də nəsə əldə edə bilməyəcək mən. Özümə niyə bu qədər nifrət edirəm? Ya da belə deyim, niyə özümə bu qədər qənim kəsilmişəm, nə olub axı? O qaçdığım adamların heç biri mənə bu qədər zərər verməyib. Yəqin hamı mənim kimi düşünür, yəqin onlar da başqalarına yox özlərinə nifrət edirlər, özlərindən diksinirlər. Yəqin ki, əllərində imkanları olsaydı, insanların hamısı evdən çölə çıxmazdılar. Bilmirəm, başqaları adından söz demək insanın ən pis tərəfidir, bununla özlərini çoxbilmiş kimi göstərməyə çalışırlar.
Görəsən, insan düşünəndə xatirləri üst-üstə yığılır, ya birini düşünüb o birinə keçir? İçimdəki səsin iç səsləri... Nədirsə, hamısını birdən düşünürsən sanki. Bəs insan öz içində danışanda, bunu necə edir: diliylə danışır, ya bu səs beynin içindən gəlir? Amma dil də bir yerdə durmur, tərpənməyə meyllidir, hər nədirsə, zəhərli bir şeydir içimdəki səs.
Səs kəsilmir...
Qəribədir, qayıtmayacağını, mənim də getməyəcəyimi bilirəm, amma nədənsə ona dair düşüncələrim, narahatlığım, yoxluğu o qədər də əzab vermir, ürəyimi əvvəlki kimi silkələmir. Ya da mən özümü aldadıram, ürəyim yerindən çıxır axı. Bu həyəcan ona aid deyilsə, bəs nədir, kimə aiddir? Elə olsaydı, yazardım, zəng edərdim, bir yolunu tapıb xəbər tutardım. Birini tapmaq indiki kimi heç vaxt asan olmamışdı, hər yer əlaqə vasitəsilə doludur: mobil telefon, internet, sosial şəbəkələr...
Amma indi onun məni unudub-unutmadığı o qədər maraqlı deyil, lakin təkidlə görmək istəyirəm. Görəsən bu istək özümdən xəbər almaqdırmı onun dilindən ki, unudub, ya yox? Bəlkə də belə deyil, birdən birə tərgidilmiş uzun bir vərdişin öyrəncəkliyidi.
Qəribədir, insan nə istəyir?
Dünənə qədər onun üçün hər şeydən imtina etməyə hazır olan insan bu gün qabağına keçən hər şeyi darmadağın edən buz baltasına çevrilir, altı-üstünə çevrilmiş ürəyində onu axtarır, dartıb çölə atmaq üçün... Nədir insanı belə yırtıcıya çevirən şey: məyus olmaq qorxusu, yaşamaq ehtirası, eqoizm, ya nə olur-olsun, sağ qalmaq istəyimi? Bəlkə də onun adından verilən qərar, onun sevgisinin bitməsi qorxusu, ehtimalı - təsdiq edilməmiş bir ehtimal...
İnsan unudulmağı, tərk edilməyi özünə sığışdıra bilmədiyi halda, həyatda ən çox sevdiyin insanın nifrətinə özünü layiq görə bilir. Sevgi də bu deyilmi, sonda ən azı bir nəfərin həyatının sonunadək sənə nifrət edəcəyini dəqiqləşdirmək...
İnsan içində olduğu anı, əzabı yaşayıb sonuna çıxmaq yerinə xoşbəxtliyə can atır. Bir əzabın axırına çıxmadan xoşbəxt olmaq mümkün olmur axı, insanlar bunu anlamırlar, mən də anlamıram, onsuz da bütün hisslər təkrarlanır.
“Bəlkə adamla dolu bu səkidə sənə rast gəldim”.
Yağış yağır, damdan süzülüb yerə çırpılan yağış suyunun səsini eşidirəm, şəhər islanır. Elə bil yağış belə davam etsə, bütün şəhəri qənd kimi əridib yox edəcək. Külək də əsir, adyala bürünüb pəncərədən baxıram. Ağacların yarpaqlarını küləkdir əsdirən, yoxsa yağış? Yenə öskürək yaşlı adamı dalana dirəyib, həminki qocadır, iki gün əvvəl gördüyüm. Yağışlı havalarda otağın taxta tavanı cırıldamağa başlayır, hər dəfə belə olur. Yağış yağanda niyə yol keçməkdən qorxuram? Mən niyə qorxuram, niyə belə həyəcanlıyam? Sanki indi həyəcan gözlərimi birdəfəlik yumacaq, huşumu itirib sonsuz sakitliyə qovuşacam. “Nə vaxt qayıdacaqsan?”.