O, ölkəmizin ən çətin vaxtlarında təklif edilən, amma müstəqilliyimizə xələl gətirə biləcək addıma qarşı çıxmışdı. Gəncədə Osmanlı zabiti ilə müzakirəsində açıq şəkildə fikrini belə ifadə etmişdi:
“Azərbaycana bir türk ordusu gələ bilər və lazımdır da. Ancaq qorxduğumuz bir nöqtə var. Türklər bizi İstanbuldan idarə etməyə cəhd göstərməsinlər. Biz xalqın hər sinif və təbəqəsinin bərabərliyinə əsaslanan bir hökumət qurmaq fikrindəyik... Halbuki Osmanlı padşahlığının idarəçiliyi də rejim etibarilə Çar Rusiyasından fərqsizdir. Əlbəttə, Osmanlı türkləri bizim böyük qardaşımızdır, amma Bakı İstanbuldan idarə edilə bilməz”.
Çünki liderlərə xas uzaqgörənliklə o bilirdi ki, tarixi şans yetişib, Azərbaycan azad olmasa, bir daha bu fürsət ələ düşməyəcək.
90 il sonra Azərbaycanın rus işğalından azad olma ehtimalı yüksək idi və o, azadlığın qardaş himayəsində yaşamaqdan daha üstün olduğunu dərk edirdi. Buna görədir ki, Məhəmmədəmin Rəsulzadə onu xalq adamı, idealist siyasətçi, demokrat adlandırır, açıq şəkildə yazır: “Azərbaycan fikrini bir tələb maddəsi halında formulə etmək şərəfi mərhum Nəsib bəyə məxsusdur”.
Rəsulzadə onu da yazır ki, “Nəsib bəy müasir Avropa kültürü ilə bərabər türkcədə danışması və milli həyat, ədəbiyyat tarixini dərindən bilməsi ilə bütün Azərbaycan gənclərinə güclü təsir etmişdir”.
Nəsib bəy 1881-ci ilin iyulun 5-də Gəncədə doğulub. Gəncə klassik gimnaziyasını bitirdikdən sonra – 1902-ci ildə Odessa Universitetinin Hüquq fakültəsinə daxil olub, burada azərbaycanlı tələbələrin “Həmyerlilər” təşkilatının rəhbərlərindən birinə çevrilib. Universitetdə baş verən iğtişaşlardan sonra Bağçasaraya gəlib, İsmayıl bəy Qaspıralı ilə tanış olub.
Bir müddət burada qalan Nəsib bəylə Qaspıralının qızı Şəfiqə xanım arasında münasibət yaranıb, 1906-cı ildə onlar ailə həyatı qurublar. Bu ildən etibarən Nəsib bəy “Tərcüman”da çalışmağa başlayıb, 1908-ci ildə Şəfiqə xanımla birgə “Tərcüman”ın 25 illiyini qeyd ediblər.
Nəsib bəy 1917-ci ildə ”Türk Ədəmi-Mərkəziyyət Firqəsi”ni yaradıb. 1918-ci il mayın 28-də Azərbaycanda Cümhuriyyət elan olunduqdan sonra Nəsib bəy Fətəli xan Xoylunun baş nazir olduğu birinci kabinədə Xalq Maarif naziri vəzifəsini icra edib. O, Xoylunun başçılıq etdiyi ikinci və üçüncü kabinələrdə də həmin vəzifədə işləyib.
1919-cu il aprelin 14-də Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının sədri təyin olunan Nəsib bəy Yusifbəyli bu vəzifəni 1920-ci il aprelin 1-nə kimi icra edib.
Cümhuriyyətin bir yaşı münasibətilə xalqa müraciətində Nəsib bəy deyirdi: “Bu az vəqt zərfində Azərbaycan türkləri kəndilərinin müstəqil və azadə yaşamağa layiq olduqlarını gözəl surətdə göstərib və dövlət təşkilinə istedad və qabiliyyət yetirdiklərini isbat etdilər. Bunun sayəsində isə şimdi məmləkətdə insanı məmnun edəcək bir dərəcədə nizam və asayiş hökmfərmadır”.
Nəsib bəy bütün fəaliyyəti müddətində müstəqilliyin tək amal olduğunu bildirib. Buna görədir ki, bolşevik Nəriman Nərimanov ona məktubunda açıq şəkildə təhdid edib: “Bütün siyasətiniz üçün Zaqafqaziya müsəlman fəhlə və kəndlilərinin məhkəməsi qarşısına çıxarılacağınız müdhiş saat yaxınlaşır…”.
Nərimanovun bəhs etdiyi “fəhlə və kəndlilər”in isə hansı təfəkkürdə olduqları işğaldan az sonra bilindi. Bolşeviklərin qətlə yetirdikləri ilk istiqlalçı Nəsib bəy oldu. Çünki o, istiqlalımızın simvolu olan şəxsiyyət idi.
Rəsulzadə haqlı olaraq yazırdı: “Nəsib bəy milli nümayəndələrdən biri idi. Elə bir nümayəndə idi ki, Milli Azərbaycan hərəkatının istiqlalla nəticələnən qayəsini formulə etmək onun adı ilə bağlıdır. Bu, Nəsib bəyin adının Azərbaycan tarixində ölməz və unudulmaz bir ada çevrilməsinə kifayətdir”.