Yeni nəsil Azərbaycan yazıçısı düşünür ki, o, yaxşı əsər yazır, amma keyfiyyətli oxucu yoxdur.
Amma düşünmür ki, hər cür şəraitdə yaxşı oxucu var və o, bazara və feysbuka səpələnmiş bu qədər əsərin içindən ən keyfiyyətlisini özü seçə bilir.
Yeni nəsil Azərbaycan yazıçısı hesab edir ki, onun kitabı çap olunubsa, dahidir, oxucular əsərini almaq üçün növbəyə dayanmalı, imza almaq üçün saatlarla vaxt sərf etməlidir. Yəni yazıçı üstinsan, oxucu isə alt təbəqədir, ona borcludur, hər dəfə 5-10 manatını verib onun eqosunu oxşamalıdır. Halbuki, düşünmür ki, vətəndaş bazardan meyvə alanda da, qurdunun olub-olmamasına diqqət yetirir, çünki min bir əziyyətlə qazandığı pulu ödəyir, ona görə də mümkün qədər ən yaxşısını almağa çalışır. Amma azərbaycanlı yazıçı ürəyi istədiyi mətni kitab halına salır və qəhrəmanlıq etdiyini zənn edir, media orqanlarının günlərlə onun kitabından bəhs edəcəyini düşünür.
Axı o kitab yazıb!
Əgər ölkəmizdə kitab alıcısı olmasaydı, nəşriyyatların, mətbəələrin, kitab mağazalarının sayı çoxalmazdı.
Əgər kitaba maraq olmasaydı, yeni nəsil kitab mağazaları formalaşmaz, imza mərasimləri daha səviyyəli şəkildə keçirilməzdi.
Kitab oxucusu olmasaydı, ölkə xaricindən davamlı kitab sifarişləri olmazdı. Nəzərə alaq ki, Azərbaycan dilində elmi ədəbiyyat olduqca azdır, oxucuların ən yaxın olan Rusiya və Türkiyə bazarına müraciət etməsi başadüşüləndir.
Əgər azərbaycanlı oxucu artıq xərc ödəyib ölkə kənarından kitab sifariş edirsə, demək ki, həmin müəllif onun diqqətini çəkib və ya çalışdığı sahə üzrə həmin ədəbiyyat ona vacibdir.
Unutmayaq ki, oxucu vacib olanı mütləq şəkildə alır.
Oxucuların azərbaycanlı yazıçılardan uzaq qaçmasının bir neçə səbəbi budur:
- Oxumadan yazıçı olmaq;
- Kitabı nəşr olunan kimi şəhərdə havalı gəzmək;
- Sosial şəbəkədə vətəndaşlara ağıl öyrətmək;
- Məşhurluq üçün çoxluğun daşıdığı dəyərləri təhqir edib, azlığın dəyərlərinin müdafiəsi uğrunda özünü qəhrəman göstərmək;
- Şəxsi həyatında qadın haqları yer almadığı halda, yazılarında və sosial şəbəkədə feminist görüntüsü yaratmaq; Yəni yaşamı ilə əsərləri arasındakı uçurum;
Siyahının davamını oxucuların ixtiyarına buraxıram.
Digər tərəfdən azərbaycanlı yazıçı mövcud bazarı gördüyü halda, davamlı əsər yazaraq şikayət etmək məsələsində də birinci yerdədir.
Unutmayaq ki, mövcud bazar elədir ki, kitab nəşrindən ancaq naşirlər və mağazalar qazanır. Sistem belə qurulub, hələ ki heç bir naşir və mağaza sahibi bu sistemin dəyişdirilməsində maraqlı deyil. Təsəvvür edin ki, azı bir il ərzində ərsəyə gələn kitabdan ən cüzi qazanan müəllif olur.
Azərbaycanlı yazıçı anlamalıdır ki, geniş oxucu kütləsinə sahib olmaq üçün əvvəlcə yaxşı əsər yazmalı, oxucuların müxtəlif peşə sahələrində uğur qazanmış insanlar olduğunu nəzərə alıb onların ayağına getməli, sovet dönəmində olduğu kimi oxucunu fəhlə, özünü isə kurort sakini kimi görməməlidir. Ən əsası mövcud bazarı nəzərə alıb, yazıçılıqla yanaşı uyğun fəaliyyət sahəsində bir işdə çalışmalıdır. Çünki unudulmamalıdır ki, yazıçının ümid olduğu geniş oxucu kütləsi ondan da pis vəziyyətdə yaşayır.