“İçimdəki səs”
Özünümüdafiə qarşısında qalan insan həmişə məni kədərləndirib. Görəsən, dünya kimisə özünü müdafiə etmək məcburiyyətində qoymayacaq qədər sükunət cənnəti ola bilməzdi? Bilmirəm, küləyin şəhərin bütün zibillərini qabağına qatıb doldurduğu bu yalavac dalanda bu haqda düşünmək çox qəribədir. Bu külək də sakitləşənə oxşamır, gözləmək lazımdır. Bəs nəyi dəyişəcək küləkdən sonrakı sakitlik? Bilmirəm, ya da bilmək olmaz, ümidli olmaq lazımdır, sağ qalmaq lazımdır, bu adamların arasına qarışıb yaşamağa tələsərkən həyatın nə qədər möhtəşəm bir şey olduğunun fərqinə varmaq olar. “Yaşamağa doğru tələsərkən, adam selini yararaq irəli şığıyarkən yoxa çıxmaq...” - bunu bilmək üçün gizləndiyin bu dalandan çıxmaq lazımdır.
Əkilmək lazımdır ölümün qısqacı arasından...
Həminki gündür, bürkülü, cansıxıcı, məzar soyuqluğu axtarılan həminki günlərdən biri. Yeknəsəq avqust günləri... Nədənsə, belə bürkülərdə ölülərin kef elədiyini düşünmüşəm, torpağın altındakı sərinlik - elə sakitlik, elə hüzurlu, bilmirəm necə…
İnsana bu gen dünyanı daraldıb bir ovuc boyda edən nədir, nədir insanı ölməyə qoymayan - yaşamağa imkan verməyən şey? Bəlkə də insanı ölməyə - yaşamağa sevdiyi imkan vermir. Xoşbəxt olmağa qoymur, bir yolunu tapıb qarşına çıxır, özünü xatırladır - hələ sağ olduğunu, dörd əllə ürəyindən yapışıb yerindən çıxarmağa çalışdığını insana unutdurmur.
Nə qədər unudulmuş əşyaları var sevdiyin insanın hər köşə-bucaqda, bu adam dolu şəhərdə ona oxşar nə qədər üz var, saçına oxşar nə qədər saç, nə qədər sevdiyi rənglər var, vitrinlər sevdiyi kitablarla, paltarla doludur. Bu boyda şəhərin hər yerində sanki o yaşayır. Adam dolu bu şəhərin küçələrindən ona görə qaçdığını, ona görə heç kəsə yovuşa bilmədiyini, kimsəylə üz-üzə gəlmək istəmədiyini nəhayət ki, başa düşmürsən, ya da bunu etiraf etməkdən qorxursan, cılız görünəcəyindən, nə qədər mənasız biri olduğunu üzünə demələrindən qorxursan. Bunu dilə gətirdiyin an səni ələ salmağa başlayırlar, axıradək heç kəsdən qaçmaq mümkün deyil, bir yerdə səni küncə qısnayıb dartıb çıxaracaqlar çölə - insan içinə. Bu otaqdan səni də sürüyərək çıxaracaqlar, ələ salmaq üçün.
Unudulası, danışılası, yazılası elə çox şey var ki - etiraf edilib-edilməyən şeylər...
Qəribə varlıqdır insan, çox vaxt gedərkən yanında aparmadığı hədiyyələrlə, hansı hisslər keçirəcəyini düşünmədən ürəyini iki yerə qatlayıb ortasından qıracağı sözlərlə qəribə varlıqdır insan. Unudulası o qədər çox şey var ki, sadəcə yığışdırmağa haradan başlayacağını bilmir, donub qalır, tör-töküntünün içində, başını itirir adam.
Həmişə narazılıq edən insan bir gün ölümlə burun-buruna gələndə həyatın nə qədər möhtəşəm bir şey olduğunu anlayır. Bunu bəzən bir gecə evə qayıdarkən küçədə arxanca gələn adamın səndən qabağa keçib təhlükədən sovuşanda, bəzən də bir ölünü dəfn edib evə qayıdıb qaz piltəsinin üstündə dəmlənən çaydanın səsinə qulaq verəndə duyur. İnsanın nə qədər içilməyən çayları, nə qədər gəziləsi səkiləri, nə qədər səhərlər açacağı pəncərələri, nə qədər seviləsi insanları qalır bu dünyada. İnsan bunu yalnız ölümlə burun-buruna qalanda, ya da azadlığı tamamilə əlindən alınanda bilir.
Bəzən də bir azdan dəhşətli ürəkbulanma ilə səni boğa biləcək kəndirin üzərinə həvəssiz addımlayanda başını gicəlləndirir bu adi istəklər...
Heç vaxt özünü ifadə etməyə söz tapmırsan, hər şey-hər şey hisslərini, həqiqətlərini izah edəcək qədər sönük qalır, çəkib gedir, çəkib gedirsən, gedəndə özündən başqa kimsəni aparmırsan. Buludlar bir-birindən aralanıb öz cəhənnəm alovunu yerə saçmağa fürsət gözləyən günəş sürətilə insanın canına od düşür...
Eyni gecələr keçir, eyni qaranlıqda yox oluruq, eyni səhərlərə göz açırıq, eyni ölümlə hədələnirik, eyni, hər şey eyni, amma insanları fərqlidir bu dünyanın. Sevginin də tərifi eynidir, amma yaşamağı ayrıdır, insanlar ayrıdır axı, insanlar sevgini də ayırır, özlərinə oxşadır. Bölüşdürə bilmirlər öz aralarında, birinə çox düşür birinə az, çox düşən çəkib gedir həmişə, birinci çox sevilən gedir həmişə. Buradan başlayır insanla həyat arasındakı uçurumlar...
Zaman gəlir nə vaxtsa ən xoş sözlərinə aid olan kimi başqasına aid olur, sənə aid olmaqdan çıxır. Sənsə balaca bir otaqda başını itirmiş formada dolaşıb, həyat haqda düşünürsən, küçədən keçən insanlar haqda düşünürsən, sərçələrə buğda atırsan, buğda boyda səni düşünməyən insan səni bu boyda dünya haqda düşünməyə məcbur edir. Unutmaq yoxdur, nə qədər çalışırsan çalış, unuda bilmirsən, ancaq dözürsən, səbir edirsən, özünü yavaş-yavaş öldürürsən. Əvvəlcə xəyalların, düşüncələrin, həyat, bunlardan əvvəl isə öz-özünün gözündən düşürsən. Bir gün isə bir axşam metroda, ya da nə bilim küçədə üz-üzə gələndə qırıq-qırıq cümlələr qurursan, heç nə ifadə etməyən. “Haralarda idin?” deyə soruşa bilmirsən, dilin gəlmir soruşmağa. Soruşanda da sual içindən soyula-soyula, yarımçıq çıxır, nə onun verdiyi cavab önəmli olur, nə də sənin o qısa aralıqda gözlədiyin vaxt. İnsanın nə qədər önəmsiz bir varlıq olduğunu da elə o an başa düşürsən, nə qədər düşkün bir varlıq olduğunu duyduğun həmin an yerlə-yeksan olub dünyanın ən yıxılmaz qalası – mənəviyyatının çatlağından dibsizliyə yuvarlanırsan.
Bəzən itkinin hər gün pəncərənin qabağına buğda yemək üçün qonan sərçələrin o buğdaları görməyib dimdiklərini sallaya-sallaya uçub getməsindən bilirsən. Geri qayıtmaq istəyərcəsinə, tənbəl-tənbəl uçmağından, elə ümidsiz, elə yorğun, elə hüznlü, elə ümidli bir çağırış gözləyərcəsinə...
“İndi çox vaxt bundan bilirəm ki yoxsan, sərçələrdən bilirəm”...
İçi arzular dolu şəhər belə yıxılır, səkisi insanlar dolu prospektlər belə cəhənnəmə uzanır, sahilləri ucsuz-bucaqsız dəniz belə çirkab dolu küçə gölməçəsinə çevrilir. Belə ölür insan, əzab çəkərək, ölə bilməyərək, ölümü arzulayaraq yaşaya-yaşaya. Lakin insan heç vaxt əzablarının, ölümün, yoxluqların o tərəfinə keçə bilmir, qalır bu tərəfdə, ya da bəzən ikisinin arasında, bu yerdə insan heç vaxt ölmür, ölə bilmir. Ölüm əcəl zəngini o vaxt çalır ki, o insana həmin an lazım olmur, ölümün yeri olmur orda.
O qədər çox ölülər, o qədər arzular var ki dünyada...
Gedənlər insanın havasını, suyunu, çörəyini əlindən alır. Bir dəfə qapını açıb içəri girməyənlər nə ürəyindən, nə də xəyallarından gedir, tez-tez özlərini xatırladacaq bir şeylər çıxarırlar qabağına. Ya başqa birinin saçında, gülüşündə, geyimində, ya sənə verdiyi və görünməz bir köşədə unudulmuş əşyayla çıxırlar qabağına, hər səhər gözlərini açar-açmaz səndən qabaq doğulurlar ürəyində, arzularından əvvəl baş qaldırırlar. Səhərlərin çoxunda ürəyində şuluqluq salıb elə onlar oyadır səni.