29 Avqust 2019 17:33
1 035
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bir neçə gün öncə Şərqi Azərbaycan Əyalətinin Təhsil İdarəsinin rəisi Cəfər Paşayi “İlna” xəbər agentliyinə belə bir açıqlama verdi: “Bu il yeni dərs ilində Şərqi Azərbaycanın bəzi məktəblərində türk dilinin tədrisinə başlanılacaq və tələbələrə həftədə iki saat, dərs ili ərzində isə cəmi 60 saat türk dili dərsi tədris olunacaq”.
Açıqlamadan aşağıdakılar aydın olur:
- Türk dilinin tədrisi ilə bağlı İbtidai məktəbin dördüncü və orta məktəbin doqquzuncu siniflərində məktəblər üçün xüsusi proqram nəzərdə tutulub;
- Məktəblərdə türk dilinin tədrisi ilə bağlı xüsusi komitə yaradılıb. Komitə dərslərin zamanı, müəllimləri və tədris tərzi ilə bağlı Təhsil İdarəsinin şura mərkəzində müzakirələr aparacaq;
- Türk dilinin tədrisi istiqamətində sınaq dərslərinə başlanılacaq;
- Proses təkmilləşdikdən sonra layihənin icrasına başlanılacaq;
Şübhəsiz ki, türk dilinin tədrisi ilə türk dilində tədris başqa-başqa anlayışlardır. Amma bu kimi məsələlər mərhələli şəkildə həll edildiyi üçün bu addımı da Güney Azərbaycanda yaşayan türklərin uzun illərdir davam edən mücadilələrinin uğuru saymaq olar. Amma sosial mediada müşahidə etdiyim qədər Güney Azərbaycandan olan həmyerlilərimiz bu qərarın həyata keçirilməsinə o qədər də inanmırlar.
Məsələn, Amerikada yaşayan Güney Azərbaycandan olan tədqiqatçı Ramin Cabbarlı belə düşünür:
“Tədris ili başlamadığı üçün bu vədin o biri vədlər kimi sadəcə quru sözdən ibarət olub-olmadığını hələlik bilmirik. Bundan əlavə, milli hərəkatın dil haqları ilə bağlı tələbi sadəcə ana dilinin tədrisi deyil, ana dilində tədrisdir. Yəni bütün fənnlər ana dilimizdə olmalıdır. Azərbaycan türklərinin yaşadığı bütün bölgələrdə Azərbaycan türkcəsi tədris olmayana qədər bu haqq da tələb olunacaqdır”.
Göründüyü kimi, Güney Azərbaycan türkləri əsas məqsəd kimi məktəblərdə fənlərin ana dilində tədrisini istəyirlər.
Yeri gəlmişkən, yenə Ramin Cabbarlının paylaşımından öyrənirik ki, İran Mədəniyyət və İslami İrşad Nazirliyi 2016-cı ildə ostanlarda fars dilində danışıqla bağlı sorğu aparıb. Nəticələr bu şəkildədir: Şərqi Azərbaycan 2%, Ərdəbil 2.5%, Qərbi Azərbaycan 1.5%, Zəncan 14.5%, Qəzvin 58%, Həmədan 41.3%.
Bu faktın özü də göstərir ki, 30 ildir ki türk dilinə qarşı olan qadağalar oradakı azərbaycanlıların öz ana dillərində danışmasının qarşısını almayıb, əksinə bu yöndə mücadilə günbəgün artır.
Üç il əvvəl Təbriz və Ərdəbildə olarkən bu faktla bilavasitə qarşılaşdım. Əgər bu şəhərlərdə küçədə İran bayrağı və dini liderlərin şəkilləri asılmasaydı, buranın rəsmi İran olduğunu demək mümkünsüz idi.
Şübhəsiz ki, ana dilində təhsil insan hüquqlarına daxil olsa da, dövlətlərin siyasi politikası ilə bilavasitə bağlıdır. Türkiyə dövləti də daxilindəki bu problemlə bağlı zaman-zaman müxtəlif addımlar atır. İnsanlığın təməl hüquqlarının təmini XXI əsr dövlətlərində həyata keçirilməsi vacib məsələdir.

Müəllif: Dilqəm Əhməd