15 Sentyabr 2014 13:39
1 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, bizimüçün bir normadı, həyat tərzidi – ailəmizi deyirəm.Tanıdığım ən yaşlılardan – nənəmdən-babamdan üzü bəri hamımız kitabla doğulub kitabla yaşamışıq. Yastığımızın altında mütləq kitab olub. Ölənər elə kitabla da ölüblər. Və o, mənim də ilk sevgim olub, kitabı deyirəm. Birinci sinfin yay tətilində dil-ədəbiyyat müəllimi olan nənəm qoltuğuma bir kitab verdi – Cabbarlının hekayələri toplanan cildini. “Firuzə”ni oxudum, bir də “Aslan və Fərhad”ı. Bu hekayələr təbii ki, balaca uşaq üçün maraqlı deyildi, amma dövr başqaydı, tapşırıq verilmişdisə, icra olunmalıydı və bu icra prosesində özümün də xəbərim olmadan ən yaxşı bir hadisə baş verirdi – vərdiş yaranırdı, mütaliə vərdişi. Və nail olduğum hər bir şeyə görə yalnız və yalnız ona borcluyam – mütaliə vərdişinə.

***

On günün sözüdü. Sosial şəbəkədə yenə cəbhələşmə müşahidə olundu – bu dəfə xoş niyyətli bir aksiyaya münasibət haçalandı. Kimin harada və necə başladığını bilmədiyim bookchallenge adlı aksiyanın məğzi bu idi ki, insanlar dərhal xatırladıqları 10 kitabın adını yazıb estafeti ötürürdülər başqasına. Hamı xatırladı və hamı yazdı. Nəyi pisdir ki? Dost siyahılarında kimi şoxdan oxuduğu, amma unutduğu bir əsəri xatırladı, kimi özünə yeni kitablar seçdi. Yəni tam ziyansız, əksinə, kitabı təbliğ edən, mütaliəni reklam edən bir mini-hərəkat, məcburiyyət yox, adi çağırış.

***

Ömür boyu çörəyi sözdən çıxan biz jurnalitlərin bir qazancı – hər kəs kimi pul-para olursa, əsas qazancımız heç də maddiyyata bağlanmır. Bunu həmkarlarımın hər biri təsdiqləyər. Bizim qazancımız əlaqələr, münasibətlər və dostluqlardır. Biz digər peşə sahiblərindən fərqli olaraq daim cəmiyyətin hörmətli insalarıyla ünsiyyətdə, işgüzar münasibətlərdə oluruq.

Bir neçə ilin sözüdü. “Space” TV-də mərhum dövlət başçısı Heydər Əliyevə həsr olunmuş bir kitab haqqında film üzərində işləyirdim. Çıxışçılar arasında millət vəkili Fəttah Heydərov da vardı. Fəttah müəllimlə vaxtaşırı verilişlərdə işləsək də heç zaman əməkdaşlığımız belə davamlı olmamışdı. Çəkilişlərin birində söz sözü çəkdi, musiqidən, incəsənətdən danışdıq, birdən “siz haralardansınız?” soruşdu. Əslimin-kökümün gedib çıxdığı bölgəni işarə verdim. Demə, biz tərəfləri yaxşı tanıyırmış. “Kimlərdənsiz?”- xəbər aldı. Babamın adını çəkdim – yazıçı Nəsib Əfəndiyev. Sonrakı hadisə məni sadəcə şoka saldı. Ağsaqqal babamın romanından – “Vyana gecələri”ndən danışmağa başladı. Bəlkə də 40-45 il əvvəl oxuduğu romandan elə epizodlar danışdı ki, hadisələri elə şövqlə təsvir etdi ki, onları çox dumanlı şəkildə xatırladığıma görə, inanın, lap xəcalət çəkdim. Dedi ki, Vyanada çox olub. Və səfərlərin birində məhz həmin romanda təsvir olunan yüksəklikdə yerləşən kilsəyə gedib oxuduğu mənzərəni gözüylə görmək istəyib. İstəyib və eləyib də. Gedib həmin məkana, həmin qəhrəmanın keçirdiyi hissləri yaşamaq üçün. Gedib və romandakı hadisələri bir-bir xatirində canlandırıb. Budur ağsaqqal bir insanın söz, əsər, ədəbiyyat sevgisi. Bax, bu sevgini yaşatmağın özü də bir istedaddı. (Mən Vyanada olmamışam. Və bilmirəm Avropanın o gözəl şəhərinə səyahət etsəm doğma babamın yazdığı romandakı həmin məkana gedib çıxa bilərəm ya yox. Əsəri xatırlayaram təbii. Amma məhz o yerə gedib qəhrəmanın duyğusuna şahidlik etmək bəlkə də ağlıma gəlməz. (Bəlkə elə buna görə də hələ Vyanaya gedib çıxa bilməmişəm)).

***

Bizdə belədi axı. Biri bir iş gördümü tənqid edənlər dəstəkləyənlərdən çox olacaq. Sözü gedən çağırış da eləcə. Bookchallenge adi rəy sorğusu idi. Yadımızda qalan on kitabın adı soruşulurdu. Buna niyə ağız büzdülər – anlamıram. Kimi dedi bu, kiminsə sifarişidi, kimi dedi, ay aman, şəxsi seçimimi ictimailəşdirə bilmərəm, kimi dedi buradan beynəlxalq masonluğin qoxusu gəlir və sair bu kimi ağlasığmaz arqumentlər. Hətta bu bir intim məsələdir, kimsəyə bildirmək olmaz kimi saçma-sapan şeylər söyləyənlər də oldu. Təki yox desinlər, təki gözdən salsınlar.

***

Mütaliə hər kəsin özüylə, duyğularıyla baş-başa qaldığı, bu münasibətə görə daxilən zənginləşdiyi bir məqamdı. Və bu zövqü sizə yaşadan əsərlər varsa, lütfən “mənə aiddi” deyib durmayın. O çoxumuzun sevgisidir, sevgilisi yox, kitabı deyirəm. Sevgi isə paylaşdıqca artır. Xatırlayın oxuduqlarınızı. Ki hamı oxusun.


Müəllif: Afaq Vasifqızı