Vurğun bəyi həyatda cəmi bir dəfə görmüşəm. Ötən il Cümhuriyyətin 100 illiyini Ankarada M.Rəsulzadənin məzarı başında ziyarət edərkən o da oradaydı. Bir neçə gündür ki, onun sağlamlığı ilə bağlı sosial şəbəkədə üzücü paylaşımlar edilir, mübaliğəsiz hər kəs tərəfindən ayağa qalxması üçün dua oxunulurdu. Təəssüf ki, bu gün Vurğun Əyyub aramızdan ayrıldı.
İnsanların bir-biriləri ilə uzaqlaşdığı, bəzi dəyərlərin itdiyi dövrdə Vurğun bəy kimi şəxslərin həyat hekayəsi işıqdan uzaqlaşmış zərrələri yenidən bir araya gətirə bilir. Bu önəmli faktı hazırda tam dərk etməsək də, olduqca mühümdür. Fuad Poladovun xəstəliyi, vəfatı dönəmində də belə oldu. Demək ki, bəzi şəxsiyyətlər var ki, hər cür fərqli görüşə, həyat tərzinə, vəzifə səlahiyyətinə baxmayaraq bütün vətəndaşları birləşdirə bilir.
Əslində, bizim kimi toplumların həmişə bu cür şəxsiyyətlərə ehtiyacı olub. Bu gün qəhrəman, ziyalı anlayışları ilkin mahiyyətindən bir qədər uzaqlaşsa da, hələ də avropalı ola bilməyən bizim kimi şərq cəmiyyətlərində birlik üçün birləşdirici fiqurlara ehtiyac var. Bu birləşdirici fiqur siyasətçi, alim, incəsənət xadimi və s. ola bilər. Yadınızdadırsa, dövlət başçısı ilə görüşdə Afaq Bəşirqızının çıxışı toplum tərəfindən müsbət hal kimi alqışlandı, dəyərləndirildi. Demək ki, ədalətli, vicdanlı olmaq şəxsiyyətlərin öz seçimidir.
Vurğun bəyin siyasi fəaliyyətindən daha çox onun Əbülfəz Elçibəy iqtidarı dönəmində təhsil sahəsinə gətirdiyi yenilikdən söz açılır. Ali məktəblərə qəbulda test sisteminin gətirilməsi kasıb vətəndaşların alınlarının təri ilə universitetlərə girmələrinə səbəb olub. Hələ də bu sistem davam edir, mövcud şəraitdə ən uğurlu yoldur. Ümid edirik ki, bu sistemlə ali məktəblərə qəbul olan və olacaq gənclərin duaları onun ruhunu həmişə şad edəcək.
***
Çətin dövrə gəlmişik. Bir qrup açıq şəkildə sosial şəbəkədə birbaşa dövləti təhqir edir. Ən qəribəsi isə bu təhqirlər rəğbətlə qarşılanır, özlərini cümhuriyyətçi adlandıranlar da dəstəkləyirlər. Uzun zamandır Mustafa Kamal Atatürk və Əhməd bəy Ağaoğlu ilə bağlı yazılar oxuyuram. Türkiyə dövlətinin qurulması prosesində atılan addımlar, islahatlar, insanların fədakarlığı insana qürur bəxş edir. Dövlət, vətən qurmaq tarixdə neçə adama nəsib olur ki? Mustafa Kamal və Rəsulzadə kimi şəxsiyyətlər bu baxımdan dəyərlidirlər. Onlar türkə vətən, dövlət qurdular və bugün biz öz dövlətimizdə yaşayırıqsa, onların fədakarlığı, öndərliyi sayəsindədir. Bu gün daşıdığı dünyagörüşə görə vətəni, dövləti söyənlər cəmiyyət üçün ən təhlükəli şəxslərdirlər.
***
İstanbulun bələdiyyə başqanı Əkrəm İmamoğlu haqqında ara-sıra mediamızda yanlış bilgilər dərc edilir. Türkiyədəki hökumətə olan rəğbətin bu şəkildə ifadə edilməsi yanlışdır, qərəzlidir, utanılasıdır. Azərbaycanda yaşayan hər bir türk Türkiyədəki hökuməti, onun liderini dəstəkləyə bilər, bu, olduqca normaldır. Amma türk vətəndaşlarının seçdiyi bir şəxsin “İstanbuldan azərbaycanlıları qovur” deyə təhqir edilməsi qınanılmalıdır. Heç bir bələdiyyə başqanının belə bir səlahiyyəti yoxdur. Deportasiya məsələləri Daxili İşlər nazirliyi, məhkəmə kimi qurumlarla mümkündür...