1 May 2014 10:13
1 489
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bavariya" ilə "Real Madrid" arasında keçirilən Çempionlar Liqasının yarımfinalının cavab oyunu gözləniləndən daha maraqlı alındı. Xüsusilə yekunda əldə olunan nəticəni futbolsevərlər üçün əsl sürpriz hesab eləmək olar.

İlk oyunda öz meydanında minimal hesabla qələbə qazanmağı bacaran madridlilər səfərə cüzi üstünlüklə çıxmışdılar. Ancaq rəqib meydanında oyuna möhtəşəm başlayan Karlo Ançelottinin yetirmələri artıq ilk yarıda qarşılaşmanın taleyini həll elədilər.

Vurulan qollar, maraqlı mübarizə futbol adına gözəl görüntülər idi.

Ümumiyyətlə, bu oyun oyunçular və komandaların baş məşqçiləri ilə tarixlə bağlı maraqlı paralellər aparmaq mümkündür.

1."Real Madrid". On iki il sonra növbəti dəfə finala çıxan "kral klubu" yenidən bu uğurun həyəcanını yaşayır. 2002-ci ildə Qlazqoda oynanan finalda bir başqa alman klubu "Bayern Leverkuzen"i yenən madridlilər o vaxtdan bura belə böyük uğur yaşaya bilmirdi.

2.Zinəddin Zidan. Məhz həmin oyunda bütün zamanların ən yaxşı qollarından birini vuran Zinəddin Zidanın bu gün texniki heyətdə yer alması və baş məşqçi Karlo Ançelottinin yanında oturması taleyin xoş təsadüfüdür.

3.Kristiano Ronaldo. Portuqaliyalı super ulduz bu oyunda iki dəfə fərqlənməklə, 16 qolla bir mövsümdə Çempionlar Liqasında ən çox qol vuran oyunçu kimi mütləq rekordçudur.

4.Karlo Ançelotti. 25 il öncə məhz həmin gün oynanan oyunda "Milan"ın heyətində yer alan və "Real"a qarşı oynayan Ançelotti 4-0 italyanların qazandığı matçda bir qolun da müəllifi olmuşdu. 25 il sonra isə bu komandanın baş məşqçisi kimi yetirmələrini finala çıxarmaqla bir növ 25 illik borcunu ödəmiş oldu.

5."Lissabon Luz stadionu". Finalın oynanacağı stadionun Ronaldo ilə bağlı acı xatirələri var. 2004-cü il Avropa Çempionatının final oyunu da məhz bu stadionda oynanmışdı. Yunanıstan yığması ilə qarşılaşan Portuqaliya yığması məğlub olmuş, Ronaldo o oyundan sonra göz yaşlarına boğulmuşdu. Görəsən, 10 il sonra növbəti final oyunu Ronaldo üçün düşərli olacaqmı?

6."Bavariya" qapıçısı Noyer. Alman milli komandasının da əsas qapıçısı olan Noyerin ispan müdafiəçilərə qarşı bir şanssızlığı var. 2010-cu il Dünya Çempionatının yarımfinal oyununda "Barselona"lı müdafiəçi Puyolun qolu ilə komandası ilə bərabər turnirlə vidalaşan Noyer bu dəfə də yarımfinalda bir başqa ispan müdafiəçi Ramosun iki qoluna əngəl ola bilmədi.

7.Münhen "Allianz Arena". 2006-cı il Dünya Çempionatının yarımfinalı da bu stadionda oynanmışdı. Qarşı-qarşıya gələn iki rəqib Fransa və Portuqaliya yığmalarının görüşündə birincilər finala adlamışdılar. O oyunda meydanda olan 3 futbolçu bu dəfə də oyunun həyəcanını yaşayanlardan idilər. Fransanın heyətində Zidan və Riberi finala adlamağın sevincini yaşarkən, Portuqaliyada oynayan Ronaldo isə məğlubiyyətin acısına üzülmüşdü. Bu gün Zidan idman direktoru kimi, Ronaldo isə futbolçu kimi finala adlamağın sevincini bölüşürlər. Bəhs olunan yarımfinalın digər iştirakçısı Riberi isə məğlubiyyətlə barışmalı oldu.

8.Xosep Qvardiola. Münhenlilərin ispan baş məşqçisi "Barselona"da çaışdığı zamanlarda "Real"a qarşı saysız-hesabsız qələbələr qazansa da, alman komandası ilə həmyerlilərinə qarşı oyunu alınmadı. Daha əvvəl "Barselona" ilə bu uğuru qazanmış olan Pep bu dəfə yolun yarısında dayanmalı oldu.


Müəllif: Zaur Xudiyev