4 Oktyabr 2019 13:50
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə paytaxtımızda baş tutan VI beynəlxalq kitab sərgi-yarmarkasında həm müəllif, həm də oxucu kimi iştirak etdim. Öncəki illərdə keçirilən bu sərgilərin birində həmkarım Ruslan Rəhimovla birgə arxivimizdəki nadir kitablarla oxucuları tanış etmişdik. Ona görə də bu sərgi-yarmarkanın necə önəmli olduğunu bilirəm.

Sərgi salonunu gəzərkən yaşlı bir oxucunun “insanlar kitaba qayıdıb” ifadəsi diqqətimi çəkdi. Ardınca sosial şəbəkədə də “kitaba qayıdış”, “insanlar kitab oxumağa başlayıb” kimi şərhlər gördüm. Bizə görə bu ifadələr birmənalı şəkildə yanlışdır.

Əvvəla, oxucu heç bir yerə qayıtmayıb. Oxucu hər zaman var idi. Qayıdan, dəyişiklik edən naşirlərin və müvafiq qurumların, eləcə də yazıçıların yanaşmalarıdır.

Etiraf edək ki:

- Son illərədək ölkəmizdə bu səviyyədə kitab sərgiləri, yarmarkalar keçirilmirdi;

- Müvafiq qurumlar müxtəlif nəşriyyatları bir araya yığıb onlara dəstək olmurdu;

- Kitab bazarında rəqabətlilik yox idi, cəmi bir-iki böyük nəşriyyat var idi, bazardakı bütün qaydaları da onlar müəyyən edirdi;

- Nəşriyyatlar Avropadakı kimi yüksək poliqrafik keyfiyyətdə məhsular çap etmirdi. Kitabların çapı olduqca aşağı keyfiyyətdə olurdu, bir çox hallarda oxucu kitabın ortasına çatdığı zaman vərəqlər tökülməyə başlayırdı;

- Yeni nəsil yazıçılar hələ ki tam formalaşmamışdı, ona görə də oxucular milli ədəbiyyata biganə münasibət göstərirdilər;

Amma indi isə:

- Ölkəmizdə Avropa standartlarına uyğun nəşriyyatlar və kitab mağazaları var;

- Kitab bazarında liberallaşma, rəqabət mövcuddur;

- Kitab dünyasında spesifikləşmə mövcuddur, nəşriyyatların adı ilə məhsulları arasında uçurum yoxdur.

- Keyfiyyətli nəşrlər təqdim edilir, müəlliflərə az da olsa, müsbət yanaşma sərgilənir.

- Ədəbiyyat və tarix sahəsində yeni yazıçılar, tədqiqatçılar yetişib, müəlliflər oxunaqlı əsərlər təqdim edirlər.

Buna görə də oxucular sərgilərə, kitab mağazalarına əvvəlki illərə nisbətən daha çox axışırlar. Yəni oxucu hər zaman var idi, oxucuya məhsulu təqdim edən naşir və müəlliflərdə ciddi problem var idi. Bu baxımdan oxucular deyil, nə qədər qəribə olsa da, naşirlər və müəlliflər kitaba qayıdıb. Bu da kitabın növbəti qalibiyyətidir.


Müəllif: Dilqəm Əhməd