1 May 2014 10:16

Mədəniyyətdən narazılığın tarixçəsi

Son günlər Mediada bir narazılıq xırda-para silkələnmə törədib. Ağalar Məmmədov və Seymur Baycan milli mədəniyyət və sənətdən elə danışıblar ki, hamısını bir diskursa yığmaq olar: son on illərdə bizdə fəlsəfə və incəsənətdə uğurlu heç nə olmayıb (və ya olubsa, mənim və bir-iki dostumun olub).

Mədəniyyətdən narazılıq bütün dünya üçün universaldır. Hətta Ziqmund Froydun "Mədəniyyətdən narazılıq" adında kitabı var. Oğuzlarda mədəniyyətdən narazılıq zəmanədən narazılıq şəklini almışdı. Ona görə də əcdadlar dünyasını (oxu: mədəniyyətini) öyüb oğullar dünyasını pisləyirdilər. Zəmanədən şikayət Füzulidə də vardı. Bütün 19-20-ci yüzillər Azərbaycandan şikayət hətta milli mentalitetin mazoxist cizgilərinə çevrilmişdi. Sabir, Mirzə Cəlil ironiyasının, tənqidinin mazoxist özəlliklərini necə danasan?!

Çağımızda mədəniyyətimizdən ən ağıllı narazılığı Rəhman Bədəlov edib. Onun tənqidinin baş hədəfi qədimliklə öyünməkdir. Bütün bu kontekstdə görmək olar ki, son zamanlar dilimizdən, mədəniyyətimizdən narazılıq yeni hal deyil. Bəndəniz özü narazılığı belə bir soruda bildirmişdi: nədən bizə bizim mədəniyyət ilginc deyil?

Narazılığın israfcıl forması

Şotlandlar dünyaya təkcə viskini yox, Deyvid Yumu, Valter Skottu və daha neçə-neçə dahiləri, mədəniyyət və sənət ərmağanlarını veriblər. Hamısı da ingiliscə. Ancaq di gəl kiltlərini geyinib öz musiqilərini oynamaq onların milli həzzini azaltmayıb, yəni milli narazılıq xəstəsi etməyib (eləcə də yəhudilər, irlandlar). Bəs bizim milli mədəniyyətə yüksək tələblər qoyan qocalarımız, gənclərimiz şotland yerində olsaydılar hansı ağlaşmanı qurardılar?! Allah bilir.

Milli mədəniyyətdən narazılığın Rəhman Bədəlov variantı təxminən şotlandvaridir. Deyir ki, mənim milli özünübilməmdə (özünüidentifikasiyamda) 19-cu yüzilin Azərbaycan mədəniyyəti iştirak edir və bu, mənə bəsdir.

Gənclərimizin milli mədəniyyətdən narazılıqlarının bir çatışmazlığı var. O narazılığın oxu, vektoru hamıya yönəlib, özlərindən başqa. Diskurs təxminən belədir: hamının pis olmasını mən görə və deyə bilirəmsə, deməli, onlardan üstünəm və ya milli suçlarda payım yoxdur.

Bəs mədəniyyətdən narazılığın başqa hansı səbəbləri var? Əgər öz mədəniyyətinə heyranlıq və onunla öyünmək bayağılıq, yekəbaşlıq, şovinizm səviyyəsinə qalxırsa, bu zaman vicdanlı adamlarda mədəniyyətdən narazılıq başlayır. Təxminən bu şəkildə: "Əcnəbi seyrə balonla çıxır, biz hələ avtomobil minməyiriz".

Mədəniyyətdən narazılığı incələyəndə

Ancaq mədəniyyətinin taleyi Qloballaşma sunamisində qorxu altındadırsa, tənqid saf-çürük etmək, incələmə yolunu tutmalıdır.

İndi soruşuram, nədən bizim mədəniyyətimiz özümüzə ilginc olmaya bilər?

Birincisi, milli mədəniyyətin daşıyıcılarında avtomatizm yaratdığına görə. Ötən yazıda göstərdiyim kimi, öz dilinin avtomatizminə görə onun fonetik musiqisini eşitmirsən. Ancaq deyilişdə fərqlər yaranan kimi avtomatizm deavtomatizasiya olur və səsi eşidirsən. Beləcə, ədəbi dil mühitində yaşayan azərilər ləhcələrdə dillərinin səsini eşidirlər. Anadolu türkcəsini eşidəndə türkcənin musiqisini duyurlar. Ruslar gürcü aksentindən yumoristik ləzzət alırlar. Dil avtomatizmi elə bir alışqanlıq yaradır ki, səsə, məsələn, musiqi fərqləri verən xallara qulağın möhürlənir. Deyilişdə fərq olan kimi qulağın səsə "açılır".


Avtomatizm nədir? Bir pillədən o birisinə asanca, rahatca sürüşməkdir. Deavtomatizasiya nədir? Avtomatizmin sürüşkənliyinə "badalaqlar" qoymaq. Sevgi şeirində güldən-bülbüldən danışmaq (Xətainin "Dəhnamə"sindəki kimi) təkrarlananda avtomatizm yaranır. Sevgi şeirində güldən-bülbüldən danışdığın yerdə birdən-birə gül-bülbül söhbətindən bezdiyini söyləyəndə bu, deavtomatizasiya olur. Alim Qasımovun oxusu muğam avtomatizminə modern musiqi xallarını vurmaqla deavtomatizasiya effektini qazanır.

Milli mədəniyyətin davranışları, qonaqlıqları, mehribançılıq, düşmənçilik kodları başdan-ayağa avtomatizm verir və bundan bezənlər "bizdə pisdir, gürcülərdə yaxşıdır", "bizdə pisdir, almanlarda yaxşıdır" düşüncəsinə gəlirlər. Ancaq elə ki, qürbətdə yaşamalı olurlar, "millətimin pisinə də can qurban!" deyirlər.

Bütün bu söhbətdə, boynuma alım, bir sual cavabsız qalır. Nədən bəzi deavtomatizasiyalar gözəl görünür, o biriləri yox? Nədən çoxumuz üçün Anadolu türkcəsinin səslənməsi xoşdur, qırğız ləhcəsi yox? Nədən erməni dili çoxumuza eybəcər gəlir, fars dili yox?

Maraqlı bir fakt. Fransız-alman düşmənçiliyinin xeyli tarixi var. Ancaq almanlar dillərində fransız danışanda ləzzət alırlar, ingilis danışanda isə yox. Ruslara finn-eston ləhcəsi duzlu və baməzə görünür, çukça ləhcəsi isə gülməli. Nədən? Oxşar sorunu mədəniyyətin deavtomatizasiyası ilə bağlı da söyləmək olar. Nədən azəri rəqsinə Vyetnam elementlərini qatsan, davtomatizasiya çoxlarına ləzzət verməyəcək. Ancaq bəzi hind elementləri (mudraları) verəcək? Ən çətin sorulardan biri bu.


Müəllif: Niyazi Mehdi
Загрузка...