12 Oktyabr 21:30
251

Bir neçə gündür ki, türk ordusu Suriyanın şimalında kürd terrorçuları zərərsizləşdirmək məqsədilə hərbi əməliyyatlar aparır. Türkiyənin bu addımına Azərbaycan kimi dost ölkələr dəstək versə də, Türkiyənin illərdir xəlifəliyini etmək istədiyi ərəb-müsəlman ölkələri kənarda dayanmağı seçdi. İsrail dövlətinə qarşı çıxaraq Fələstinin yanında olduğu halda, bu müsəlman ölkəsi də tərəfsizliyini qoruyacağını açıqladı.

Yəni Türkiyə artıq klişe ifadəyə çevrilən “türkün türkdən başqa dostu yoxdur” fikrinin canlı nümunəsidir.

Türkiyənin əməliyyata başladığı ilk gündən mediada dərc edilən fotoşəkillərə baxdığımız zaman açıq şəkildə bunları görürük: dövlət başçısı başının üstündə böyük Atatürk portreti asıb, əməliyyatda iştirak edən əsgərlər isə bozqurd işarəsi tutub. Yəni Türkiyə hərbi əməliyyatlara başladığı zaman atatürkçülük və millətçilik yoluna keçir. Çünki Türkiyənin tək xilası və uğuru bu yoldur. Məsələn, biz fotoşəkillərdə adi günlərdə Türkiyənin gündəmindən düşməyən, medianı işğal edən təriqətçiləri, müxtəlif dini qruplaşmaların üzvlərini görmürük. Əksinə, əməliyyatlar zamanı Türkiyənin düşməni kimi təqdim edilən yəhudi icması, mason klubları dövləti dəstəkləyən bəyanatlar verirlər. Bu da onu göstərir ki, Türkiyə millətinin özünün yüz illərdir mənsub olduğu İslam dini ilə, FETÖ kimi böyük güclərə tabe olan dini qruplaşmalar arasında kəskin fərq var.

Fikrimizi daha açıq izah etmək üçün:

- Tarix göstərir ki, İslam dini türklərlə qeyri-türk müsəlmanları birləşdirən dəyər deyil, əksinə türklərin özlərini birləşdirən sosial mövcudluqdur.

- Türkün İslam anlayışı ilə ərəb dünyasının İslam anlayışı arasında kəskin fərq var, ədalət, sülh, birlik məsələlərində türk İslama daha çox əməl edir, nəinki ərəb və ya fars.
- Türkiyənin içindəki dini cəbhələşmələr dünyəvi dövlətin zərərinədir, bu baxımdan Mustafa Kamal Atatürkün din-dövlət məsələlərindəki prinsiplərinə geri dönülməlidir. Çünki məlum oldu ki, Fətullah Gülən qruplaşması hərbi çevrilişlər dövləti ələ keçirmək planı qurub, Adnan Oktar kimi mahiyyət etibarilə İslamdankənar olan dəstələr isə silah, fahişəlik və s. işlərin biznes yuvası imiş.

Yüz il öncə olduğu kimi Türkiyə bu gün ərəblə imtahan içindədir.
90 il öncə olduğu kimi Türkiyə yenə də kürd terrorçuları ilə mübarizədədir.

Türkiyə özü və vətəndaşları üçün ağır yükə çevrilsə də, milyonlarla suriyalıya qapılarını açıb, onlara ən yüksək səviyyədə xidmət göstərir. Amma bunun qarşılığında bu gün Avropa və ərəb ölkələri onun haqlı hərbi əməliyyatlarına qarşı çıxırlar.

Yüz il əvvəl də belə idi.

Bir daha əmin oluruq ki, tarixin yeganə ibrət dərsi odur ki, heç kim ibrət almır.

Ümid edirik ki, Türkiyə bu gün yaşadığı haqsızlıqlardan ibrət götürüb, üzünü ərəb dünyasından türk dünyasına çevirəcəkdir.


Müəllif: Dilqəm Əhməd