22 Oktyabr 2019 23:39
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan mətbuat tarixində xüsusi yeri olan Səid Ünsizadə 1845-ci ildə Şamaxı şəhərində doğulub. Atası Əbdürrəhman əfəndi mədrəsə mündərrisi olub.

Şair Cəfərqulu xan fars dilində yazdığı bir şerində qeyd edib ki, Əbdürrəhman əfəndi “Ünsi” təxəllüsü ilə şeirlər yazıb. Atalarının vəfatından sonra Səid və kiçik qardaşları Cəlalla Kamal “Ünsi” təxəllüsünü özlərinə soyad seçiblər.

Səid Ünsizadə ilk təhsilini atasından alıb, Şamaxı mədrəsəsini bitirdikdən sonra Bağdada gedib orada oxuyub. Şamaxıya qayıtdıqdan sonra bir neçə il məktəbdarlıqla məşğul olub, yeni üsulda məktəb açıb. “Beytüs-Səfa”nın şeir yığıncaqlarında iştirak edib, bu cəmiyyətin başçıları olan S.Ə.Şirvani və M.Bixudla yaxın dost olub.

Bir müddət Bakı quberniyası ruhani məclisində işləyib, 1870-ci ildən həmin məclisə üzv seçilib.

1870-1883-cü illərdə Tiflisdə fəaliyyət göstərib, Qafqaz Ruhani İdarəsinin üzvü olub.
1878-ci ilin axırlarında “Ziya” adlı qəzetin nəşrinə icazə alıb. Qardaşı Cəlalı, oğulları Əbdürrəhman və Ağanı, bacısı uşaqları Rəhim və Seyfullanı da bu işə cəlb edib.

1879-cu il yanvar ayının 14-də “Ziya”nın ilk nömrəsi çıxıb. Qəzet həftədə bir dəfə, daşbasması ilə nəşr edilib. “Ziya” eyniadlı mətbəədə çap olunub. Bu, ilk şəxsi mətbəə olub.

Qəzet “Ziya” adı altında 76 nömrə çıxdıqdan sonra 1880-ci ilin dekabr ayında “Ziyaya-Qafqasiyyə” başlığı ilə nəşrini davam etdirib. “Ziyayi-Qafqasiyyə”nin 107 nömrəsi çıxıb. Qəzetdə Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani kimi mütərəqqi şəxslərin məqalələri dərc olunub.

S.Ünsizadə 1883-cü ildə Bakı quberniyasına qazi və ruhani idarənin sədri təyin edildiyi üçün Tiflisi tərk edərək Şamaxıya qayıdıb.

“Ziyaya-Qafqasiyyə” bir müddət yenə Tiflisdə çıxıb.
Həmin ilin dekabr ayında “Ziya” mətbəəsi və qəzetin idarəsi də Şamaxıya köçürülüb, burada qəzetin 11 nömrəsi çıxıb.
1890-cı ildə “Ziyayi-Qafqasiyyə”ni yenidən nəşr etməyə təşəbbüs edirsə də, hökumət onun xahişini rədd edib. XX əsrin əvvəllərində Türkiyəyə köçüb.

Səid Ünsizadə 1903-cü ildə İstanbulda vəfat edib, Fatih Məscidinin çevrəsindəki məzarlıqda dəfn olunub.


Müəllif: Dilqəm Əhməd