23 Oktyabr 20:09

Ötən ay və bu ay Əhməd bəy Ağaoğlunun doğumunun 150-ci ildönümü ilə bağlı iki simpoziumda iştirak etdim.

Simpoziumun birinə “Əhməd bəy Ağaoğlunun irsi və siyasi fəaliyyəti Türkiyənin “Cümhuriyyət” qəzeti səhifələrində” adlı məruzə ilə qatıldım. Milli Azərbaycan Tarixi Muzeyi və Mədəniyyət nazirliyinin təşkilatçılığı ilə Bakıda baş tutan beynəlxalq simpoziuma Əhməd bəyin nəticəsi və qohumları da qatılmışdı.

Simpoziumdan sonra filarmoniyada Ağaoğlunun xatirəsinə həsr edilmiş sənədli film və konsert proqramını izlədik, bəndəniz Əhməd bəyin nəvəsi Tektaş Ağaoğlunun hədiyyə etdiyi nadir fotoşəkil və sənədləri sərgilədi.
Oktyabrın 21-22-də isə İstanbul Universitetində Azərbaycan İlahiyyat İnstitutu, İstanbul Türk Ocağı, TİKA kimi qurumların təşkilatçılığı ilə növbəti simpozium baş tutdu. Burada da azərbaycanlı və türkiyəli alimlər məruzələrlə çıxış etdilər.

Hər iki tədbir Ağaoğlunun irsinin araşdırılmasına daha geniş təkan verdiyi üçün önəmli idi. Yəqin ki, qarşıdakı iki ayda da müəyyən işlər görüləcək.

Son iki tədbirdən sonra Əhməd bəy Ağaoğlu şəxsiyyəti və onun irsi ilə bağlı nələrin edilə biləcəyini alimlərimizlə müzakirə etdik. Ortaq qərar o oldu ki, mütləq şəkildə Ağaoğlu külliyyatı hazırlanmalıdır.

Yusuf Akçura Ağaoğlu haqqındakı yazısında qeyd edir ki, əgər onun yazıları bir araya toplanılsa, Bakı ilə İstanbul arasında körpü salmaq olar. Həqiqətən də, Ağaoğlunun müxtəlif kitablarda təqdim edilən biblioqrafiyasına baxdığımızda 1890-cı illərdən 1939-cu ilədək olan dövrdə mindən çox yazısı dərc edilib. Bu yazılar Paris mətbuatında başlayıb İstanbul mətbuatında tamamlanıb. Mətbuat yazıları ilə yanaşı Ağaoğlunun müxtəlif kitabları, tərcümələri, xatirələri də mövcuddur.

Ağaoğlu külliyyatının çap edilməsi üçün fikrimcə Azərbaycan və Türkiyə alimlərindən ibarət bir heyət qurulmalıdır. Ağaoğlu şəxsiyyətinin araşdırıcısı və bir oxucu kimi mən heyətdə bu şəxsləri görmək istəyərdim: Vilayət Quliyev, Ədalət Tahirzadə, Solmaz Tohidi, Firdovsiyyə Əhmədova, Aydın Balayev, Mehdi Gəncəli, Fərhad Cabbarov, Ufuk Özcan, Nəsiman Yaqublu və s. İllər və q əzetlər üzrə bölgülər aparılarsa və dövlət tərəfindən bu iş üçün müəyyən məbləğ ayrılarsa, Ağaoğlunun 155-ci ildönümündə artıq hər iki ölkənin kitabxanasında zəngin arxiv olar.

Açığı, ömrünün böyük hissəsini Türkiyəyə həsr edən, Mustafa Kamal Atatürkün islahatlarının, inqilablarının kəskin tərəfdarı olan Ağaoğlu barədə Türkiyədə geniş tədbirlərin keçirilməməsi təəccüblü oldu. Ağaoğlu və onun kimi Türkiyənin qurulmasında bilavasitə iştirak edən keçmiş Çar imperiyası ərazisindəki türk torpaqlarından gələn şəxsiyyətlərin irsinə bu gün o zamankı qədər böyük ehtiyac var. Zəki Vəlidi Toğan, Yusuf Akçura, Sadri Maksudi Arsal, Rəşid Rəhməti Arat, Ayaz İshaqi kimi şəxslərin irsi keçmiş qəzet və jurnalların unudulmuş səhifələrində qalmamalıdır.


Müəllif: Dilqəm Əhməd