29 Oktyabr 2019 11:18
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarix 1918-ci il, 30 oktyabr.

I Dünya Müharibəsindən məğlub çıxan Osmanlı xanədanlığı Mondros sazişini imzalamağa məcbur olur.

Dörd gün sonra, noyabrın 4-də Mosul ingilislər tərəfindən işğal edilir.

8 noyabrda Çanaqqala boğazı müttəfiqlər, 9 noyabrda isə İskəndərun ingilislər tərəfindən ələ keçirilir.

9 noyabrda Maraş, Urfa, Antep şəhərləri fransızlar tərəfindən tutulur.

13 noyabrda isə müttəfiqlər İstanbulu işğal edə bilirlər.

15 noyabrda Osmanlı ordusu Bakıdan çəkilir.

30 mart 1919-cu ildə isə Paris Sülh Konfransında İzmirin yunanlara verilməsi qərara alınır.

15 may 1919-cu ildə yunanlar İzmiri ələ keçirirlər.

Beləliklə, 1918-1919-cu illər arasında Türkiyə şəhərləri fransızlar və ingilislər tərəfindən işğal edilir.

1920-ci il avqustun 10-da isə Türkiyənin məhvinə hesablanan Sevr müqaviləsi imzalanır.

Artıq Türkiyənin tək bir yolu qalmışdı: Bütün xalqı səfərbər edərək Qurtuluş savaşına başlamaq.

1919-cu ilin mayın 6-da Mustafa Kamal paşa 9-cu ordunun komandanlığının müfəttişi təyin olunur.

19 mayda paşa Samsuna gəlir və həmin gün sonralar türk tarixində Qurtuluş savaşının başlanması kimi qəbul edilir.

Qurtuluş savaşının önəmli mərhələləri bunlardır: Sarıqamış (20 sentyabr, 1920), Qars (30 oktyabr, 1920) və Gümrünün (7 noyabr, 1920) azad edilməsi; Çukurova, Qaziantep, Maraş və Urfa müdafiələri (1919-1921); I İnönü zəfəri (6-10 yanvar, 1921); II İnönü zəfəri (23 mart-1 aprel, 1921); Sakarya zəfəri (23 avqust-13 sentyabr, 1921); Böyük Hücum, Başkomandanlıq döyüşü və Böyük Zəfər (26 avqust-9 sentyabr, 1922).

Qurtuluş savaşının dönüm nöqtəsi Sakarya zəfəridir. Bu savaşda türk ordusunun komandanları Mustafa Kamal paşa, İsmət paşa və Fevzi paşa idi. Mustafa Kamalın “qan gölü” adlandırdığı bu savaşda türklər böyük itki versələr də, qalib gəlmişdilər. Sakarya zəfərindən sonra 19 sentyabr 1921-ci ildə Türkiyə Böyük Millət Məclisi Mustafa Kamala marşal rütbəsi və Qazi titulu verir.

Bu ünvanı qəbul edən Mustafa Kamal bildirir: “Sizin kimi komandanları, zabitləri, əsgərləri olan bir millətin xaricilərin hakimiyyəti altında kölə olması mümkün deyil”.

Daha sonra Mustafa Kamal nitqində bu ünvanı hərbi həyatının öyünüləsi ən böyük hadisəsi kimi qəbul edəcəyini qeyd edir.

Qurtuluş Savaşı 24 iyul 1923-cü ildə imzalanan Lozanna müqaviləsi ilə sona çatır. Türkiyə Sevr müqaviləsində (1920) paramparça edilmiş məğlub durumdan beləcə xilas edilir və bugünkü Türkiyənin əsası qoyulmuş olur.

1 noyabr 1922-ci ildə səltənət aradan qaldırılır, 29 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyəti elan edilir, Mustafa Kamal ilk prezident seçilir.

Oktyabrın 30-da isə İsmət İnönü tərəfindən ilk hökumət qurulur.

Bununla da türklər köləliyə “yox” deyirlər.

Türk millətini kölə olmaqdan xilas edən Mustafa Kamal haqqında Azərbaycan Cümhuriyyətinin qurucusu M.Rəsulzadə belə deyib:

“Mənhus Sevr müqaviləsi ilə məhvə və uçuruma yuvarlanan Türkiyəni bugünkü şanlı mövqeyinə yüksəldən hərəkat Türkiyənin istiqlalını qazanmağa yönəlmiş bir hərəkat idi. Şərqdəki böyük hərəkatın şərəfli rəhbərliyini təmsil edən bu şanlı mübarizənin Qazi rəhbərini Amerika istiqlal müharibəsinin böyük qəhrəmanı Vaşinqtonla müqayisə edənlər, əlbəttə, yanılmırlar! Fəqət Qazi Paşa təkcə Vaşinqton deyildir. O, Türkiyənin əcnəbilərə qarşı istiqlal və hakimiyyətini müdafiə etməklə yetinmədi, eyni zamanda, Böyük Fransa İnqilabının təmin etdiyi hürriyyəti də təsis etdi ki, bu örnəklə o, durğun Şərq mühitinin hürriyyət və hərəkat meydanına atılmasını da təşviq etmiş oldu”.


Müəllif: Dilqəm Əhməd