30 Oktyabr 2019 15:03
1 160
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sənət və kütlənin münasibətini gizlənqaç oyununa bənzədirəm. Çox zaman sənət oyundan xaric edilir, tək qalır. Oyuna qatılanda isə gizlənən tərəf olur. Bəzən elə yerdə gizlənir ki, qaranlıq düşənəcən onu tapa bilmirlər. Yəni sənət bir növ təkliyi sevənlərindi.

Sənətlə kütləni gizlənqaç oyununda birləşdirdik. Eynən qloballaşan, mədəniyyətlərin, cərəyanların iç-içə keçdiyi dövrümüz kimi. Qaydasız və səssiz döyüşə də bənzəyir sənətlə kütlənin münasibəti. Ya da 20-ci yüzillikdə sənət və propaqanda kültə mədəniyyətinə qarşı çıxaraq bunu öz sənət əsərlərində göstərib. Məsələn, bir rəsm əsərini nümunə çəkək.

At üzərindəki döyüşçünün əli silahlıya qarşı mübarizəsi dövrlərin savaşını ifadə edir. Rəsm əsərləri üzərində aylarla sürən iş indi daha tez və dolayı başa gəlir. Bu yaxınlarda bir rəsm əsəri gördüm, Van Qoq Frida Kahloya günəbaxan uzadır.

Çərxi-fələk fırlanıb sənətlə kütləni dostlaşdırdı. Sənət kütləyə qarışdı. Estetik standartlar qoymağa alışan elita artıq sənətin bütün yönlərinə hökm edə bilmədiyini anladı.

Çox uzağa getməyək, elə “Nobel” almış Kazio İşiquronun "Məni əsla tərk etmə" romanının içində sənət gizlənib. Bu romana film çəkildi və xeyli izləyici tərəfindən sevildi. Kütlə də izlədi, əsəri də oxudu, sənəti sevən təbəqə də həmçinin. Bu o demək deyil ki, İşiquro kütləvi yazıçıdı. Deməli, kütlənin zövqünü formalaşdırmaq üçün onları öz silahıyla vurmaq lazımdır. Sənəti kütlənin içində əritmək hesab edir çoxları. Jan Bodriyarın kütlə və sənətlə bağlı gözəl fikri yada düşür: “Populyar sənətlə kütləvi sənət bir-birindən fərqlidi. Populyar sənət məhduddur əslində. Kütlə mədəniyyəti isə daha çox yayılıb, ancaq o, burjua mədəniyyəti deyil. İkisi arasında hələ də bağ var, ancaq kütləvi mədəniyyət hər şeyi öz əhatəsinə aldı”.

İşiquro Dostoyevski və Prustdan təsirlənən yazıçıdır. İşiquroya sual veriblər ki, özünüzü ingilis, yoxsa yapon kimi hiss edirsiniz? İşiquronun cavabına baxın: "İnsanlar iki hissəyə bölünür, başqa heç nə. Əslində, temperament, xarakter, baxış bucağı yoxdu. Nəticədə qəribə bir homogen qarışıma çevrilirik. Mədəni və irq qarışıq hesab edirəm bunu. İnsanlar bu yüz ilin sonunda daha da məşhurlaşacaqlar. Dünya bu istiqamətdə irəliləyir".

Həmişə bunun tərəfdarı olmuşam ki, kütlənin küyünə getməkdənsə kütləni öz "səssiz bağırtı"mızının arxasınca aparaq.

Pamuk müsahibələrində həmişə "Yeşilçam" filmlərindən təsirləndiyini deyir. Romanlarında da o mühiti az-çox görə bilərik. Amma ortaya bədii-estetik sənət çıxır.

Statistik göstəricilər dünyada kitab oxuyan təbəqənin az olduğunu göstərir. Sənətdən danışmışkən kitaba bir az fasilə verib, üzümüzü kinoya çevirək. Çünki indi insanlar kitabdan çox film, serial izləyirlər. Biz hər axşam bəlli siyahısı olan ciddi rejissorlardan bir film izləyirik. Hərdən dostlardan kimsə: "Bu filmə bax, maraqlıdı " deyəndə dərhal soruşuruq: “Ciddi filmdi? Rejissoru kimdi?”

Onsuz da filmin ilk on dəqiqəsinə baxanda hər şey bəlli olur. Filmi təklif edən dostum əsəbiləşir: "Ciddi film nəyə deyirsən? Bütün gün ağ-qara film izləyirsən, qalmısan klassikada, dövr dəyişib, hamı serial izləyir". Açığı, serial izləməyi boş vaxt itkisi hesab edirəm. Yaxşı, nədi ciddi film?

Kütləvi film izləyəndə filmin ortasında qalxıb bir çay içə bilərik, o biri otağa keçib bir az fırlanıb yenidən geri qayıda, lap ayaqüstü atışdırdığımız yeməklər kimi, bu filmlərə ayaqüstü də baxa bilərik. Fasfud yeməklər kimi sənət də fasfuda çevrilib. Demək istədiyim odur ki, populyar sənət bütövlükdə dünyadakı dəyişikliklərə nəzarət etmək üçün tamaşaçıya bəlli görüntülər təqdim edir. Amma ciddi film izləyəndə sən onun sonunu kütləvi filmdəki kimi təxmin edə bilməzsən. Hər şey bir anda başqa cür ola bilər.

Təsirində qaldığın o ciddi musiqilər, aktyor oyunu, söz azlığı, görüntü çoxluğu səni filmin içində əridəcək.

Cim Carmuş bildiyimiz kimi ciddi rejissordu, filmləri də azdır. Amma bu, onun ciddi olub-olmamasında rol oynamır. Vudi Allenin bəlkə minə yaxın filmi var. Çox film çəkibsə, çox kitab çıxarıbsa ona kütləvi damğası yapışdıra bilmərik.

Posmodern dünyamızda indi “krassovka” ilə klassik köynək geyinə biliriksə, kütləni ələ alan filmlər çəkib içində ciddi mövzular da qoya bilir rejissorlar. "Leyla ilə Məcnun" serialı elə bu qəbildəndi.

Yazımızı dahi mütəfəkkirlərin fikirləri ilə yekunlaşdırsaq. Bodriyara görə: “Çağdaş sənət hökmsüzdü. "Simulasiya" düşüncəsi həqiqətin aradan çəkildiyini, obrazlar dünyasında yaşadığımızı deyir”.

Teador Adorney sənət sənayesində sənəti "sığınacaq" kimi görmüş, sənətin kütlə mədəniyyətinin təsirini azaltmağı təklif etmişdi.

Gay Debard isə hər şeyin bir nümayişə çevrildiyini və bədii ifadənin şəxsi təcrübə kimi insanlara bir vəziyyət hissi yaşadacağını düşünmüşdü. Bu "vəziyyət-hiss" estetikası neo-kapitalist cəmiyyətlərdə hər şeyin içində təzələnmə olması deməkdi.


Müəllif: Dəniz Pənahova