3 Noyabr 2019 23:45
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünən İstanbulda keçirilən Tüyap beynəlxalq kitab sərgisinə qatıldım.
36 ildir davam edən bu sərgi ötən illərə nisbətən zəifləsə də, hələ də oxucuların axışdığı ən möhtəşəm sərgilərdən biridir.
Sərgilərdə oxucu üçün iki önəmli məqam olur:
Nəşriyyatların qiymət endirimi (bəzi hallarda 50 faizədək olur), yazarların imza günü.
Bu kimi sərgilərdə beynəlxalq nəşriyyatlara və ölkə təmsilçilərinə yer verilsə də, adətən oxucuların axını olmur.
Çünki türk oxucusu üçün rus, Çin, ərəb, rumın və s. dildə olan kitablar maraqlı deyil. Amma Azərbaycan türkcəsində olan kitablar maraqlı ola bilərdi!
Bununla artıq 4-cü dəfədir ki, bu sərgiyə qatıldığım üçün bir neçə müşahidəmi bölüşməyə və təkliflərimi verməyə özümdə haqq tapıram.
Beynəlxalq kitab sərgisi həm ölkə, həm də nəşriyyatlar üçün mühüm bir fürsət olduğuna görə, gərək iştirakçı dövlət kitab seçimində getdiyi ölkənin tələbatına uyğun kitablar aparsın.
Amma təəssüf ki, Azərbaycan stendində bu məsələ istədiyimiz kimi deyil.
Fikrimcə, Azərbaycan bu sərgilərdə ölkəmizdə olan əsas nəşriyyatların kitabları ilə təmsil olunmalıdır.
Məsələn, stendimizdə “Teas Press”, “Qanun”, “Hədəf”, “Alatoran” kimi oxucuların ən çox rəğbətini qazanan nəşriyyatların kitabı yox idi. Bu nəşriyyatlar özəl sektora aid olsa da, kitab sərgilərində fərq qoymaq lazım deyil, əksinə Türkiyə oxucusunun arzusuna müvafiq olmalıdır.
Diqqət etdikdə görürük ki, ancaq Rusiya və Azərbaycan stendlərində böyük ölçülü, qalın prestij kitablar sərgilənir. Bu kitablar isə sərgilərdə heç vaxt oxucuların diqqətini çəkə bilməz. Əvvəla, ona görə ki, bu kitabların qiyməti olduqca baha olur, digər tərəfdən daşınması çətindir.
Bu il Ə.Ağaoğlunun 150-ci ildönümü olduğu üçün stendimizdə mütəfəkkirmizlə bağlı kitabları görmək istəyərdim.
Çünki Ə.Ağaoğlu həm də Türkiyənin siyasətçisi, hüquqçusu, publisistidir.
Nəzərə alaq ki, Ə.Ağaoğlu ilə bağlı Bakıda çap edilən kitablar türk oxucusu və tədqiqatçısı üçün əlçatan deyil, bu fürsətdən yararlanmaq lazım idi.
Təkcə Vilayət Quliyevin bu il Ağaoğlu ilə bağlı 5 kitabı nəşr olunub.
Türk oxucu üçün “Muradxan dəfinəsi”, “Səməd Vurğunun Ev muzeyi”, “Naxçıvan Ensiklopediyası”, “Tukay Məmmədov”, “Mansurovlar” adlı böyük həcmli kitablar nə dərəcədə maraqlı ola bilər?
Ondansa tarix və ədəbiyyatımızla bağlı öz türkcəmizdə olan kitablar sərgilənsə, daha yaxşı olardı.
Açığı, mən bu dəfəki sərgidə arzuladığım Azərbaycan kitabxanasını görə bilmədim.
Ümid edirəm ki, növbəti il nəşriyyatlarımızın ən gözəl kitablarını əhatə edən stendimiz olacaq.

Müəllif: Dilqəm Əhməd