5 Noyabr 2019 22:30
2 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün sosial şəbəkədə Müsavat partiyasında bir qrup ictimai-siyasi şəxsin toplantısından fotoşəkil paylaşıldı. Fotoşəkildə Müsavat partiyası sədri Arif Hacılı, sabiq sədr İsa Qəmbər, AXCP sədri Əli Kərimli, keçmiş səfir Hikmət Hacızadə, jurnalist Mehman Əliyev, sabiq Baş nazir Pənah Hüseyn və məhbəs həyatını yaxın dönəmdə tərk etmiş sabiq səhiyyə naziri Əli İnsanov vardı.

Əli İnsanov istisna olmaqla müxalif liderlərin, jurnalistlərin dəyirmi masa keçirməsi ilk dəfə deyil, bu, ən təbii haqq olmaqla yanaşı, ölkəmizdə demokratiyanın inkişafı baxımından da vacibdir. Uzun illər siyasi proseslərin içərisində yer alan şəxslərin Azərbaycanın gələcəyi ilə bağlı müzakirələr aparması, fikirlərini vətəndaşlara çatdırması çox vacibdir. Bu kimi görüşlərin jurnalistlərə açıq olması da ayrı bir üstünlükdür, çünki şəffaflığa xidmət edir.

Ölkədə müxalif partiyaların bir araya gəlməsi, ittifaq qurmaları və ya birliklərə xitam vermələri siyasətin ən təbii qanunauyğunluqlarındandır, yaxın görüşlü qurumların müəyyən anlaşmalar imzalaması, birlikdə hərəkət etməsi təbii prosesdir.

Amma hədəfə çatmaq üçün bütün üsul və vasitələrdən istifadə etməni məqbul saymaq, orta əsrlərə xas makiavellizmi diriltmək, keçmişi ləkəli insanlarla əməkdaşlıq etmək nəinki doğru deyil, sadə vətəndaşlar qarşısında utanılası addımdır.

Nazir olduğu müddətdə tapşırılan vəzifəsinin öhdəsindən gəlməyən, fəaliyyətini yerliçilik amili üzərində quran, jurnalistlərə, indi bir masada oturduğu müxalif liderlərə hədyan söyləyən Əli İnsanovla Müsavat partiyası başqanı nəyi müzakirə edə bilər ki? Arif Hacılı Ə.İnsanovun hansı təcrübəsindən yararlanmaq, hansı önəmli fikrindən bəhrələnmək niyyətindədir?

Bəyəm Ə.İnsanov nazir olduğu dönəmdə Azərbaycan səhiyyəsini Avropa standartlarına yüksəldib? Bəyəm Əli İnsanov bir siyasi şəxs kimi ölkəmizdə demokratiyanın, insan haqlarının qorunması, inkişafı yönündə inqilabi addımlar atıb, avrointeqrasiya prosesinə dəstək olub? Bəyəm Ə.İnsanov dördüncü hakimiyyətə, ictimai sektora loyal münasibət bəsləyib, onların yanında olub?

Müxalifətin iqtidardan qovulanları sahiblənmək kimi bir adəti bir neçə ildir ki sosial şəbəkədə lağ obyektinə çevrilib. Gültəkin Hacıbəyli ilə başlayan, Əli İnsanovla zirvəyə yüksələn bu hərəkətin indiyədək normal bir izahı verilməyib.

Mən şəxsən şahid olmamışam. Bəyəm Ə.İnsanov müxalif liderlərə etdiyi təhqirlərə görə ictimaiyyət qarşısında onlardan üzr istəyibmi? Nazir fəaliyyətsizliyinə görə həbsdən çıxdıqdan sonra vətəndaşlardan üzr istəyibmi? Bəlkə, fərdi formada olub, amma belə hallar hər kəsin gözü qarşısında olmalıdır.

AXCP-Müsavat, Real-Müsavat kimi birlikləri cəmiyyət təbii qarşılaya bilər. Amma R.İbrahimbəyovdan sonra Ə.İnsanovlu müxalifət Azərbaycan müxalifəti adına növbəti məğlubiyyətdir. Axı ölkəmizdə demokratiyanın ən möhtəşəm kitabını yazmış Hikmət Hacızadə ilə korrupsionerliyin kitabını yazmış Ə.İnsanov nə haqqında danışa bilər? Müsavat adlı tarixi bir adı yaşatmağa cəhd edən Arif Hacılı bolşevik təfəkkürlü biri ilə bir masada nədən danışa bilər?

Dəyirmi masanın təşkilatçısı Arif Hacılıya isə bir tarixi hadisəni xatirlatmağı özümə borc bilirəm.

Bolşeviklər Rəsulzadənin yanına bir emissar göndərərək, ondan sovetlər əleyhinə mübarizəsini dayandırmağı və bunun müqabilində Azərbaycana qayıdıb sakit və rahat həyat yaşaya biləcəyinə təminat verəcəyini çatdırır. Lakin Rəsulzadə bu təkliflərlə razılaşmır və deyir: “Sonuncu rus əsgəri Poylu körpüsünü keçib vətənimdən çıxmayana qədər mübarizəmi dayandırmayacağam”.

Amma indiki Müsavat Poylunu keçməyəni özü masasına dəvət edir...


Müəllif: Dilqəm Əhməd