28 Noyabr 2019 15:57
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həyatı dərk etmək – insanları anlamaq bədbəxtlikdir. Çexov isə həyatı dərk etməyin nemət olduğunu deyirdi.

Sən...

Təsəvvür et, səni öldürmək üçün qapı arxasında vurnuxan qatili gözlükdən baxarkən anlayırsan, onu bura qədər dartıb gətirən səbəbləri görürsən, bu səbəblərin yaratdığı ağrıları duyursan. Bu səbəblərə görə ya təslim olub səni öldürməyə imkan yaradırsan, ya da bir yolunu tapıb onu da, özünü də xilas edirsən və bu prosesdə ölmək qorxusu rol oynamır - qorxu sağ qalmaq istəyinə çevrilmir. Qatilinin səni öldürməsinin onun ağrılarını daha şiddətləndirəcəyini duyduğun üçün ona bu cinayəti işləməyə imkan vermirsən.

Sənə tuşlanan tapançanın ölüm saçan nişangahından zillənən nifrətin altında doluxsunursan bu ağrılara görə. Sən anlayırsan ki, həmin an qatil də olsa, qarşındakı bu insanın xilas olmasından daha möhtəşəm heç nə yoxdur. Həyat birinə üz vermiş fəlakətə qarşı ləyaqətlə davrananda daha möhtəşəm olur. Qatilini həbsə göndərməyə şərait yaratmaq yerinə, onun görəcəyi işi öz əllərinlə həyata keçirmək kimi...

Həyatı o qədər də dərk etmək olar ki, qatilini səni öldürməyə təhrik edən həqiqətlərə və səbəblərə həqarətlə baxıb gülümsəyirsən. Ölüm anını və bundan sonra nə olub-olmayacağını, qatilinin cansıxıcı məhkəmə mühakimələri gözlərinin önündə canlandıqca, ən az bu prosesin içinə girməməsi naminə özündə güc tapıb onu yarı yoldan qaytarırsan. Öldürməklə əslində sənə yaxşılıq edəcəyini, amma özünün daha pis şeylərlə - ağır həqiqətlərlə üzləşəcəyini ona inandırırsan. Azadlığının əlindən alınması kimi...

Həyatı o qədər dərk edirsən ki, onu qatil olmaqdan geri qaytaran çağırışların da onu xilas etməyəcəyini – sakitləşdirməyəcəyini də bilirsən, görürsən. Anlayırsan ki, o an sakitləşəcək və bu duyğu keçib gedəndə yenidən içində səni öldürmək arzusu baş qaldıracaq. Qatilin gedəndən dərhal sonra özünü ipdən sallayırsan, bunu qatilin əlində daha pis formada ölə biləcəyin ehtimalı və ya qorxu ilə yox, birini qatil olmaqdan xilas etmək ləyaqəti ilə edirsən.

Bütün bunları həyatı dərk etdiyin və yaşayıb-yaşamamğın o qədər də əhəmiyyətli bir şey olmadığını bildiyin üçün edirsən. Öləndən sonra isə qatilin sənin nə qədər ləyaqətli bir insan olduğunu düşünür və ölməmişdən əvvəl ən az bir insanın sənə nifrət etmədiyini düşünüb gülümsəyirsən. Özünənifrətin məchul qəhqəhəsi...

Bəli, həyatı dərk etmək – insanların qaçdığı həqiqətlərə həqarətlə gülümsəmək bədbəxtlikdir. Həyatı dərk etmək özünənifrətin təntənəsidir. İnsan həyatı bir dəfə dərk etməyə başladısa, bu sonsuz yolun ölümlə kəsişdiyi yerə qədər onu izləyir. Geri qayıtmamaq şərtilə... Çünki təkamül mükəmməlliyə doğru inkişaf prosesidir, təkamüldə geriyə qayıdış yoxdur.

Birinin qatil olmasına imkan yaratmamaq, yaxud onun görmək istədiyi işi öz əlinlə görmək bu prosesin ən ali zirvəsinə qalxmaq deməkdir. Bu zirvədə qışqıraraq deyə biləcəyin ilk və son söz belə ola bilər:

“Tale dediyiniz şey əslində sizin seçiminizin nəticəsidir”.

O...

Bəli, həyatı dərk edən insan onu öldürməyə gələn qatilini anlayır, bu cinayəti işləməyə sürükləyən səbəblərin altında əzilən bu insanın nə qədər aciz, öz qorxularına necə məğlub olduğunu dərk edir. Həqiqətlərə bu qədər yaxınlaşdığını duyur. Tapançanı əlindən alaraq ən əziz balası kimi ona sarılıb əli qansız qapıdan yola salıb geri qayıdaraq onun yarımçıq qoyduğu işi hansı formada başa çatdırmaq haqda fikirləşməyə başlayır. Qapını örtüb geri çevriləndə hipnoz edib yola saldığı adamın silahının əlində qaldığının fərqinə varır. Düşünmədən qaldırıb gicgahına dirəyib tətiyi basır və hələ də ayaq səslərini eşitdiyi qatil diksinərək qeyri-ixtiyari geri boylanır. Ya qayıdaraq qapını silkələyir, ya da qorxudan qaçıb uzaqlaşır.

Amma bunu etməmişdən əvvəl tapançanın qatilin adına qeydiyyatda olduğunu düşünür. Əlbəttə, bunu başqasının silahı ilə etsə, kimisə ələ verə bilər, buna görə də bir yolunu tapıb tapançanı yox edir və bildiyi yolla bu işi başa çatdırır. Kimisə hədəfə gətirməmək naminə belə bir qeyd yazır:

“Məni mühakimə edin, elə bilirdim həyatı dərk edirəm, bu, mənim səhvimdir. Orada nəsə dəyişib? Çünki indi mən orada yoxam – sizin aranızda”.

Qatilini yola salan insan həyatı o qədər dərk edir – duyduğu həqiqətlər beynini o qədər keyləşdirib ki, boğazını Əzrayılın əyri orağının itilənmiş tiyəsinə sürtməmişdən əvvəl sonuncu siqareti yandırmaq arzusunu həyata keçirib az da olsa, vaxt qazanmağa cəhd etmir. Hətta bu elə bir ölümdür ki, ruhu hüzuruna qalxdığı Tanrı da onu anlayıb məzəmmət etmir, öz səltənətində lazım olan qədər mükafatlandırılır. Əlbəttə Tanrı yox deyilsə...

Cəsədindən kiminsə əl izini yox edəcək qədər ölümü təxirə salmaq olar, əsl insan belə etməlidir. Amma bu izləri itirdikdən sonra bunu qorxudan etmədiyinə dair bütün şübhələri aradan qaldırır. Ləyaqətə söykənən bütün qərarlar şübhəyə yer vermir.

Bu an qatilin və onun yaşadığı dünyadakı adamları həyəcanlandıran şeylərin nə qədər boş, əhəmiyyətsiz olduğunun da fərqində olur. Elə belə də olmalıdır, başqalarını həyəcanlandıran həqiqətlər səninçün heç nə ifadə etmirsə, ya sən ən ağrılı zorakılığa sakitcə göz qırpan ələdüşməz eşşəksən, ya da bunların həqiqətən əhəmiyyətsiz olduğunu, həyəcana əsasın olmadığını anlamısan.

Qatilinin ağrılarına göz yaşları ilə cavab verirsənsə, sən insansan. Yenə də bu göz yaşları sənin bədənini ölüm qorxusuna bürüyən həyəcanın nəticəsi yox, onu anlamağın reaksiyası olmalıdır. Əgər qarşındakı bunu anlamırsa, demək ki, öz beyninlə öz başına oyun açmısan, geri qayıdıb eşşək olmaq arzusu baş qaldırsa da, təkamül buna imkan vermir. Amma xoşbəxtlik naminə eşşək olmaq mümkündür. İnsan elə bir yumşaq xammaldır ki, özündən başqa nə desən, kim desən ola bilir, eşşək belə. Bunun üçün sadəcə beynində mürgüləyən eşşəyi oyatmaq kifayətdir.


Müəllif: Mənsur Rəğbətoğlu