4 Dekabr 2019 22:42
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

1938-ci il iyul ayının 31-də Azərbaycan Cümhuriyyətinin keçmiş maliyyə naziri, Türkiyədə mühacir həyatı yaşayan Əbdüləli bəy Əmircan avqust ayında İstanbulda toplanacaq Yaponiya imperatorluğunun səfirlərinin ali rəyasətinə müraciət ünvanlayır. Müraciətin səbəbi isə 17 ildir Azərbaycanda övladlarını görməyən atanın fəryadı idi – Bakıda qalan 17 yaşlı Murad və 19 yaşlı Rəşid adlı övladlarının zindandan xilas edilməsi. Məktubda yazır: “Onların 17 ildir həsrət qaldıqları ailələrinə qovuşdurulması, türk millətinə və türk ailəsinə edilən bu qədər böyük zülmün qarşısının alınması millətimizə xoş gələr. Yeganə qəbahətim mənim türkçülüyümdür, bu “qəbahət”in üzündən mənə və ailəmə bu haqsızlıqlar edilir”.

Düşünün, müstəqil cümhuriyyətin maliyyə naziri olmuş, qardaş Türkiyəyə sığınmış bir atanın hər yerdən ümidi üzülüb, uzaq şərqin dövlətinin səfirlərinə müraciət edib. O dövlət ki, bir zamanlar onun da təbəəsi olduğu Çar Rusiyasının yıxılmasına səbəb olub.

Əbdüləli bəy övladına həsrət qalan bir ata olmaqla yanaşı, yurdunu işğalda buraxmağa məcbur olan bir hökumət adamı idi. Amma heç bir gücü yox idi. Dünya dövlətləri bir-bir SSRİ ilə dostluq, qardaşlıq müqavilələri bağladığı zaman onun tək ümid yeri Yaponiya idi.

Əbdüləli bəyin şansı vardı. Heç olmasa dərdini dünyaya deyə bilirdi. Onun bu məktubu yazdığı günlərdə Bakıda minlərlə insan qətlə yetirilmiş, Sibirə sürgün edilmişdi. Bütün bunlardan isə dünyanın xəbəri yox idi, olanlar da həmin müqavilələrə görə səslərini çıxarmır, müttəfiq dövlətin daxili işləri hesab edirdilər. Onlar üçün nəinki min, milyon adamın qırılmasının önəmi yox idi. Onlara edilmir ki? Önəmli olan budur!

Mühacirətdə yazılan məqalələri, məktubları oxuduqca, SSRİ-nin həyata keçirdiyi repressiya ilə bağlı məlumatlar 30 ildir üzə çıxdıqca, nəşr olunduqca insan dəhşətə gəlir. Bu qədər faciələr baş verərkən dünya dövlətləri harada idilər? Niyə səslərini çıxarmırdılar? Bu qədər vəhşiliyə niyə göz yumurdular?

Təəssüf ki, bu gün bu suallara cavab almaq olur. Qorxu!

Hər gün sosial şəbəkədə doğru və ya yalan olduğunu bilmədiyimiz, amma doğruluğuna inandığımız fəlakətlərlə bağlı xəbərlər, videolar yayılır. Çində insani haqlarını tələb edən uyğur türkləri hər cür təhqirə, işgəncəyə məruz qalır. Döyülür, sürü kimi əsir düşərgələrinə aparılır. Buna nə bizim, nə Türkiyənin, nə Türküstanın, nə müsəlman ölkələrinin səsi çıxır! Zülmü bilə-bilə göz yumuruq. İqtisadi əlaqələr, Çinin dünyanın super gücü olması qorxusu kimi məsələlər qarşımızı kəsir, öz dərdimiz özümüzə bəsdir deyib gözlərimizi qapayırıq. Necə ki, Sibirin soyuğunda, Qazaxıstanın çöllüyündə insanlarımız fəryad edib məhv olarkən dünya da belə düşünürdü. Vətəndaşlarımız Nargində güllələnəndə, işgəncə yuvalarında divara hörüləndə kimsənin səsi çıxmırdı.

Bu gün də bizim səsimiz çıxmır. Amma gün gələcək tarix bunu mütləq yazacaq...


Müəllif: Dilqəm Əhməd