5 Dekabr 2019 13:59
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şər qarışanda iblislər Geyanın başı üstündə qəhqəhə çəkməyə başlayır. Adamlar yoxa çıxır – qorxu səssizliyi böyüdür. Ruhlar cəsədlərin gözlərindən sivişib çıxır, dünyanın işıqları bir-bir sönür. Geyada adamlar yoxa çıxan vaxt iki nəfər sağ qalır.

Bəs allahlar? Geyada iblislər qəhqəhə çəkməyə başlayanda allahlar da yoxa çıxır. Qaçaraq Olimpdə, buludların arxasında gizlənirlər.

Bir payız axşamı Geyanın sonuncu sakini ruhunu sıyıraraq bədənindən çıxaranda bir uşaq əlini yağışa uzatdı. Əli islandı. Üzü kir-pasaq içində, əynində nimdaş gödəkcə, ayaqları yalın – közdə yanmış ət parçasına oxşayırdı. Bir ayağını qoyub o birini götürür. İri döşlü Geya uşağı üşüdür, anası da yanında. Qadın əllərini mənzillərinə qaçan ruhların ayaqlarına ilişdirib saxlamaq istəyir, allahlar səmadan uşağın açılmış ovuclarına tüpürür – yağış yağır.

Şər qarışır.

Soyuqdur, qadın bir az da bürünür, uşaq əllərini çəkmir, su ovuclarından süzülür. Yağış damlaları dalana sovrulan yarpaqlara çırpılır.

İblislər buludların arxasına çəkilir, sükut evlərin damlarında labüd kimsəsizliyin qara bayrağını yellədir, Geya sakinləri yuxuya gedir.

Səssizlik hökm sürür.

Uşaq ayağını uzadır, ayağı islanır, qadın öz-özünə deyinir. Qadının əlləri küçəyə uzanır, kimsə yoxdur, uşağın da ayağı islaq. Sürüşüb düşür əlləri yanına, paltosunun yaxasını çəkib bir az da bürünməyə yer axtarır. Gözləri allahların tüpürcəklərini yararaq yaxınlıqdakı divara zillənir. Üzü sırtılıb, açılmış əllərini geri qaytara bilmir. Əlləri ürəyindən çox titrəyir, ayaqlarında taqət yox, dili quruyub, uşaq hələ ayaqlarını yağışdan çəkməyib. Ruhlar bir-bir tərk edir Geyanın küçələrini – allahlar, iblislər, qadın və uşaqla vidlaşaraq. Hər kəs öz mənzilinə çəkilir.

İblislərin yuxarılardan eşidilən zəif qəhqəhəsi zülmət içində gizlənmiş Geyanı ölüm notlarına kökləyir. Nə qadının buz kəsmiş əlləri, nə də uşağın nəm ayaqları geri dönür bu ölüm nəğməsinin sərhədlərindən. Əllərini yerdən üzmüş ikisinin də yuxarılardan istəkləri var.

Ürəklərində isinmək arzusu evlərinə tələsən ölülərin arxasınca sürünüb mənzillərinə soxulurlar, buz kəsmiş bədənləri özlərinə qayıdır, dirilirlər. Lakin xəyalların labüd xəsisliyi...

İblislər qəhqəhə çəkməyə başlayanda Geyanın küçələrindən birində uşağın ayağı islanır, bir qadının səmaya uzanan əlləri boş geri dönür. Təlatümlü səma qadın və uşağı arzularıyla birlikdə geri qaytarır. Amma nə qadın əllərini saxlaya bilir, nə uşaq ayaqlarını - nə iblislərin qəhqəhəsinə sirdaş olan allahlar, nə də mənzillərinə sürünən ölülər ümidsizliyinə göz qırpır qadın və uşağın. Heç nədəyişmir, yenidən həminki küçədə peya olurlar.

Qadın – titanların unutduğu şəhərin sakini ayağa qalxır, zülmətin müşayiət etdiyi Geyanın yavan küçələrindən keçir, yanında nəm uşaq. Kölgələri iz saxlamır arxalarında. Zülmət bir gecədir. Geya – titanların iri döşlü anası onları sinəsinə çəkmir. Nə qadın uşağa baxa bilir, nə uşaq ayaqlarını duyur. Dünya sükuta qovuşur, səssizlik dolaşmağa başlayır Geyanın başı üstündə. Təbiət və iblislər də susur.

Qadın indi susqun allahlar, Olimpin ətrafında dövrə vuran iblislərin qəhqəhəsinin yaratdığı qorxunc harmoniyanın içində mövcud olmaq istəmir, bu təlatümün sakitləşdiyi bir köşəyə çəkilmək istəyir. Yaşamaq üçün bircə sakitlik bəsdir.

Allahlar Geyada yalnız bir həqiqəti qoruyub saxlayır: iblislərin Olimpə daha yaxın olması aşkarlığını... Çünki Allahlar qədər kimsə iblisləri belə göyə qaldırmayıb. Məsələn, onlar şər qarışanda Geyanın səmasında – adamlardan yuxarıda qəhqəhə çəkirlər, bu zaman bir qadının arzuları Olimpdən əliboş geri dönür, allahlar səmadan bir uşağın ovuclarına tüpürür.

Geyada allahlar Günəşi gizlədib.


Müəllif: Mənsur Rəğbətoğlu