7 Dekabr 2019 22:02
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

1918-ci ildə Azərbaycan millətini bir məqsəd uğrunda birləşdirən, üç fərqli görüşü bir simvol altına toplaya bilən iki mühüm dəyər vardı: Bayraq və parlament.

Siyasi bayraq millətin dünyada bir tərəfdən azadlığının, digər tərəfdən isə birliyinin rəmzidir. Bayraq həmin millətin tarixi keçmişini, onu ucaldana qədər yaşadığı hadisələri özündə ehtiva edən bir simvoldur. Ona görə də Milli Şuranın sədri Məhəmmədəmin Rəsulzadə 101 il öncə bu gün parlamentin açılışında belə demişdi: “Müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidarı — əhrarənəsini təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir”.

Stenoqraf bu cümlədən sonra bunu əlavə edib: “Məbuslar yerlərindən qalxır, şiddətli alqışlar uzun müddət davam edir”.

Ardınca Rəsulzadə deyir: “Mən buna iman edirəm. Mənim bu imanımı millətlərin qəlbində doğmuş olan əməl günəşi işıqlandırır. Bu günəş bir daha üful etməyəcək”.

Rəsulzadənin parlamentin növbəti iclasında da bayraqla bağlı çıxışı bayraq və millət məclisi anlayışlarının cümhuriyyət idarəçiliyi üçün nə qədər önəmli olduğunu vurğulamaq üçün idi. Rəsulzadə başa düşürdü ki, Azərbaycan elə bir coğrafi regionda yerləşir ki, orada müxtəlif dövlətlərin təsiri, fərqli görüşlərin mübarizəsi olacaqdır və bu düşüncə fərqlilikləri içində ölkəni xaosa doğru aparmaqdansa, hər kəsin hər kəs tərəfindən qanuni şəkildə tanındığı bir dam altında müzakirəsi və millətin mənafeyinə xidmət edən ümumi məsələlərdə vəhdətin qorunması vacibdir.

Parlamentin növbəti iclasında Rəsulzadənin bu fikri də həmin vəhdət üçün idi: “... Artıq gərək sağlar, gərəksə sollar Azərbaycanı inkar deyil, var qənaətlərilə isbat edirlər. Çünki artıq Azərbaycan fikri üzərinə müsəlman firqələri arasında ixtilafi-nəzər yoxdur. Çünki artıq camaatımızın zehnində Azərbaycan istiqlalının fikri yer tutmuş, yerləşmişdir. Çünki üç rəngli o məğrur bayraq artıq siyasətən həpimizi birləşdirmişdir”.

Bu çox önəmli fikirdir!

Parlamentdə Müsavatla yanaşı sosialist firqəsi də vardı. Müxtəlif fraksiyalar, qeyri-müsəlmanların təmsilçiləri də vardı. İclasların stenoqrammasını oxuyanda görürük ki, nə qədər rəngarəng görüşlər, mübahisələr mövcuddur. Amma Rəsulzadənin dediyi kimi Azərbaycan istiqlalı fikrində hər kəs həmrəy idi. Önəmli olan da bu idi!

1919-cu ilin sonlarına yaxın parlamentimizdə 11 müxtəlif partiya fraksiyası və qrupun təmsilçisi olan 96 deputat vardı. Fəaliyyətinin sonunadək müxtəlif əvəzlənmələrlə parlamentin 100 müsəlman və 28 qeyri-müsəlman olmaqla 128 deputatı olub. Parlament 1918-ci il dekabrın 7-sindən 1920-ci ilin 27 aprelinədək 145 iclas keçirib...


Müəllif: Dilqəm Əhməd