9 Dekabr 2019 19:39
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

...və ya icra başçısı Mərdan Camalova açıq məktub...

Ölkədə aparılan kadr islahatları icra başçılarından da yan ötmədi.

Onların bəzisi ümumiyyətlə sistemdən uzaqlaşdırıldı, bəzisinin yeri dəyişdirildi. Bir müddət əvvəl Şirvan rayonunda rəhbərlik edən Mərdan Camalov ikincilərdəndir, yəni yeri dəyişdirilənlərdən. Ölkə başçısının iradəsi ilə Mərdan müəllim Zərdab rayon icra hakimiyyətinin başçısı kimi fəaliyyət göstərəcək. Mərdan Camalova dəstək üçün real vəziyyətdən bəhs edən məsələləri çatdırmağı əslən zərdablı media adamı kimi vəzifə borcu bildim.

Rayonda küçələrin bir qisminin asvaltlanması işində tenderi Almaniya şirkəti udub. Adamlara deyirlər ki, almanlar pulu oğurlayıb qaçıb . Problemi diqqətdə saxlamaqda fayda var.

Kür çayında əhalinin istifadə etdiyi xırda lodkalara görə qeyri-qanuni haqq alanları işdən çıxarın, cəzalandırın. Adamlar bu rayonda çox kasıbdır Mərdan müəllim, onların böyük əkin sahələrdə “şapkasız” işləməsini təmin edin. Yeni iş yerləri yaradın, mağazalarda qalaqlanıb qalan nisyə dəftərləri yığışdırılsın.

Kiminsə gedib adamların yerinə borc ödəməsin. İnsanları həm gözükölgəli, həm ələbaxan edir bu vərdiş. Bizə ələbaxan və gözükölgəli vətəndaş lazım deyil. Rayonda baramaçılıqdakı inhisara son qoyun. Bu Prezidentin maraqlarına birbaşa qarşı çıxanların işi idi. Kür çayından ailəsi ac qalmasın deyə tutulan balığa görə vətəndaşdan qanunsuz haqq alınmasını qadağan eləyin.

Illərdir Ucar rayonu ilə Zərdab arasında bir mübahisəli yol var. Prezident bir-neçə dəfə o yolun təmirinə vəsait ayırıb. Hələ də işlər alayarımçıqdır. Asvaltın altına daş əvəzinə nə desəniz döşəyirlər. O yolları hamilə qadınlar, xəstə, yaşlı adamlar gedib-gəlir, çox acınacaqlı mənzərədir. Kür çayı üzərində məmurların balıq göllərini, fermalarını, axmazlarını yığışdırın, adamlara, yerli fermerlərə əziyyət verirlər.

Prezidentin tapşırığı var, yerli fermərlərə problem yaradan hər kəs cəzalandırılacaq. Kürqırağı evlərə çaqqal, tülkü, vəhşi pişik hücumlarının qarşısını alın. Bunun yeganə yolu həmin yerlərdə abadlıq işlərini görməkdir.

Dəfələrlə yazılmasına, müraciətlər edilməsinə və dövlətin abadlıq işlərinə vəsait ayırmasına baxmayaraq yulğun meşəliyi basıb ərazini. Zərdabın Diyarşünaslıq Muzeyini təmir edin.Yerə doxsanıncı ildə salınan kovralit üfunət qoxur.

Həsən bəy Zərdabinin ev muzeyinə ayrılan 300 min manatın aqıbətini araşdırın demirəm, buna çox zamanınız gedəcək, hamılıqla da başımız ağrıyacaq Mərdan müəllim, oranı Zərdabinin adına layiq yenidən təmir etdirin. İşçi qızlar soyuqdan donur, heş olmasa normal istilikləri təmin edilsin. Yeni iş yerləri açılmasına dəstək olun, Azərbaycanlı kişilər ailələri qarşısında çox acizdir Zərdabda. Bizim iki kinoklubumuz vardı Mərdan müəllim, biri yay, biri qış filmlərinə baxmaq üçün.

İndi çayxanadır ikisi də. Biri yay, biri qış çayxanası. O yerləri arendatorların əlindən alın, mədəniyyət obyekti kimi istifadə eləsin insanlar. İndi deyəcəyim Zərdabın çox qorxulu yuxusudur həm də. Kasıb olduğu üçün dini təriqət fəalları at oynadır rayonun Qumlu adlı hissəsində. Valideynlərimin yaşadığı məhəllənin yaxnlığıdır. Dəfələrlə məsələni qaldırdığım üçün hədələr alınmışam. Hətta evimizi polislər mühafizə edib bir-neçə gün. Sizdən xahiş edirəm, onların əlindən alın zərdablı gəncləri.
Və sonda bir məqamı qeyd etmək istəyirəm, adamlar güvənib yanılmaqdan yorulub Zərdabda. Siz onların güvənini boşa çıxarmayın. Bütün maddi dəstəklərə, yeniliklərə rəğmən Azərbaycan vətəndaşının bir vacib duyğuya ehtiyacı var, sevgiyə, insani sevgiyə. Oradakı insanları sevin. Sevin ki, onlar sizə, siz onlara söykənib Zərdabı ölkənin qabaqcıl rayonları sırasına çıxarasınız. Sizin üzünüz dövlətin, dövlətin üzü də vətəndaşının qarşısında ağ olsun!..


Müəllif: Jalə Mütəllimova