11 Dekabr 2019 17:51
2 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hər bir xalqın müstəqilliyi ən zəngin sərvəti, öz milli mənliyinin təsdiqi, dövlətin varlığının mövcudluğu və dünya sivilizasiyasına qoşulması kimi fundamental prinsipləri özündə ehtiva edir. Müstəqillik asan yolla və istənilən tarixi dövrdə qazanılmır. Dövlətin öz müstəqilliyini əldə etməsi tarixi zərurətin meyarları əsasında və xalqın milli dövlətçilik ənənələrini formalaşdıra bildiyi ictimai-siyasi zəminin mövcudluğu şəraitində mümkün olur. Həmçinin müstəqilliyin əldə olunması üçün tarixi zəmin və şəraitin yetişməsi ilə bərabər, onun mövcudluğunu təmin edən və möhkəmləndirən bazislər də əsas rol oynayır. Yetişmiş səmərəli və əlverişli tarixi şəraitdən istifadə edərək müstəqillik əldə edən dövlətlərin qarşısında daha yeni tarixi zərurətlər durur ki, onu da realizə etmək hər bir ölkə üçün asan deyil”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında deyib.

Vüqar Rəhimzadə bildirib ki, uzun illər dövlət müstəqilliyini bərpa etmək istəyən respublikamızın bu müqəddəs ideallara qovuşması üçün səylər göstərilsə də, tarixi şəraitin, milli liderin yetişməməsi buni mümkünsüz edib: “Müstəqilliyin dayaq sütunlarını, milli-ideoloji əsaslarını, suveren dövlətçilik institutlarını yaratmaq, onu həyata keçirmək güclü dövlət siyasətinin və eyni zamanda, milli liderin olmasını tələb edir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə, hələ ötən əsrin 70-ci illərindən başlayaraq respublikamızda həyata keçirilən genişmiqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlamışdı.

Hər hansı ölkənin milli maraqlarına cavab verən iqtisadi siyasət yürütməsi, sosial-iqtisadi inkişaf doktrinasını həyata keçirməsi üçün mütləq şəkildə suverenliyi, müstəqilliyi olmalıdır. Müstəqil ola bilməyən, dövlətçilik ənənələrini formalaşdırmayan ölkənin daxili və xarici iqtisadi strategiyasının reallaşmasından söhbət gedə bilməz. Əks halda, müstəqilliyi formal xarakter daşıyan dövlətin milli maraqlara cavab verən inkişaf xətti, iqtisadi modeli olmayacaq.

Tarixi gerçəklik tam təsdiq edir ki, dövlət qurmaq kimi çətin, mürəkkəb və şərəfli missiyanı iradəli, geniş və qlobal dünyagörüşlü, xalqın dəstəyinə malik və onun milli liderinə çevrilmiş şəxs yerinə yetirə bilər. Məhz bu tarixi zərurətin məntiqi nəticəsi olaraq müstəqil və milli iqtisadiyyatın yaradılmasının alt bazası, möhkəm sütunları birbaşa dövlət müstəqilliyinin təmin edilməsi ilə bilavasitə bağlıdır. Eyni zamanda, milli dövlətçiliyin sütunlarını möhkəmləndirmək, siyasi sabitliyin yeni ictimai münasibətlər şəraitində dönməzliyini təmin etmək, ölkədə kompleks islahatlara başlamaq, xarici dövlətlərlə əlaqələr yaradaraq siyasi-hərbi gərginliyi azaltmaq, iqtisadi vəziyyəti normal inkişaf məcrasına yönəltmək üçün qətiyyətli idarəetmə qabiliyyəti olan liderin olması başlıca şərtdir.

Əslində, Azərbaycanda milli dövlətçiliyin əsaslarının yaradılması, müstəqil respublikanın suverenliyi ilə bağlı strukturların formalaşdırılması ulu öndər Heydər Əliyevin başçılığı ilə ötən əsrin 90-cı illərinin sonlarından başlayaraq Naxçıvan Muxtar Respublikasının timsalında reallaşdırıldı. Ulu öndər Heydər Əliyevin malik olduğu güclü iradə, uzaqgörən siyasət və digər mühüm keyfiyyətlər Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi və beləliklə, tarixi dialektik qanunauyğunluq gerçəkləşdi- dövlətçiliyin əsaslarını hazırlayan Ümummilli Liderin dövlətçilik institutunun sükanı arxasına keçməsi öz məntiqi nəticəsi ilə yekunlaşdı.

Ulu Öndər Azərbaycanın demokratik islahatlar platformasını, inkişafın mükəmməl və özünütəsdiq vektorlarını yaratdı. Onun dövlətçilik təlimində güclü dövlət anlayışı bütün atributları ilə birgə dövlətin iqtisadi, siyasi, sosial və mənəvi əsasları öz əksini tapıb. Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirməsi, Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli təlim - azərbaycançılıq ideologiyası elmi-siyasi-nəzəri konseptual məzmununa görə əvəzolunmaz məxəzdir. Bu fundamental meyarlar və prinsipial fəaliyyət planı respublikamızın milli dövlətçilik strukturlarının formalaşmasına zəngin baza yaratmış oldu.

Həqiqi dövlət müstəqilliyinə qovuşmuş gənc respublikanın inkişaf ssenarilərini tərtib etmək, transkontinental qlobal siyasi gərginliklərin davam etdiyi bir şəraitdə müstəqil inkişaf strategiyasının hərtərəfli, əhatəli konturlarını müəyyənləşdirmək, sosial-siyasi sabitliyin dönməzliyinə dərin təməllər yaratmaq möhkəm iradə sahibinə, uzaqgörən, təmkinli, qətiyyətli və xarizmatik şəxsiyyətə, böyük siyasi təcrübəyə malik dühaya xas ola bilərdi. Təbii ki, bu xarakterik keyfiyyətlər ümummilli lider Heydər Əliyevə məxsus idi və dünya siyasət nəhənginin xalqın bütöv və dönməz təkidi sayəsində hakimiyyətə qayıdışından sonra qeyd etdiyimiz siyasi-hüquqi-iqtisadi zərurətlərin reallaşması mümkün oldu. Ulu Öndərin zəngin siyasi idarəetmə məharəti, milli dövlətçilik ənənələrinə dərindən bələd olması, islahatların mahiyyətini bütün təfərrüatları ilə dərk etməsi və həyata keçirmək qüdrətində olması, praqmatik keyfiyyətləri və digər nadir xüsusiyyətləri müstəqil Azərbaycanın əhatəli inkişaf strategiyasının hazırlanmasına əsaslı baza yaratdı. Ümummilli lider Heydər Əliyev ölkənin yeni makroiqtisadi siyasətinin şaxələrini dərinliklərinə qədər məharətlə tədqiq edərək fundamental iqtisadi model hazırladı. Bu model çoxistiqamətli və uzunmüddətli dinamik inkişafın alt sütunlarını təşkil etməklə perspektiv siyasi-iqtisadi proseslərin nəticələri də nəzərə alınmaqla tərtib olunan zəngin konsepsiya idi.

Ulu öndər Heydər Əliyev respublikamızın milli inkişaf strategiyasını müəyyən edərkən daxili ictimai prosesləri və milli reallıqlarla yanaşı, regional geosiyasi vəziyyəti, xarici meyilləri hərtərəfli şəkildə nəzərdən keçirərək müvafiq qərarlar qəbul edirdi. Burada ölkəmizin potensial imkanları, milli mənafeləri, xarici dövlətlərlə qarşılıqlı münasibətləri, iqtisadi əməkdaşlığın yolları, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmışdı.

Həmin dövrün ilk illərində həyata keçirilən islahatlar və əldə olunan mühüm nəticələr Azərbaycanın inkişaf konsepsiyasının nə qədər zəngin olduğunu, bu strategiyanın nə dərəcədə böyük uzaqgörənliklə düşünüldüyünü və ölkəmizin hərtərəfli tərəqqisini təmin etdiyini təsdiqləmiş oldu. Respublikamız qısa müddət ərzində idarəetmə sisteminin yeniləşməsi, struktur islahatlarının aparılması, iqtisadiyyatda funksional iqtisadi mexanizmlərin tətbiq olunması, dövlət maliyyə qurumlarında islahatların həyata keçirilməsi, bazar iqtisadiyyatı ilə bağlı hüquqi-normativ bazanın yaradılması sahəsində ciddi uğurlara imza atdı. İqtisadiyyatda liberallaşmanın təmin olunması üçün ilk addımların atılması, xüsusi mülkiyyətə əsaslanan bazar iqtisadiyyatı tələblərinin bərqərar olması Azərbaycanda maliyyə sabitliyini möhkəmləndirdi. Sistemli xarakter alan islahatların siyasi və iqtisadi inkişafın templərinə uyğun modernizasiyası Azərbaycanın dinamik inkişafı üçün münbit zəmin formalaşdırdı.

Ulu öndər Heydər Əliyev milli inkişafın əsas prinsipləri kimi demokratik dəyərlərə əsaslanan cəmiyyət quruculuğu və buna paralel olaraq liberal və azad iqtisadiyyatın yaradılmasını başlıca məqsədlərdən biri hesab edirdi. Azərbaycan bazar iqtisadiyyatı və demokratiya yolunu prioritet olaraq seçdi. Bu paradiqmanın realizasiyası iqtisadiyyatda liberalizmin dərin kök atmasına, sosial bərabərliyin öz yerini tutmasına, demokratik reformaların coğrafi hüdudlarının genişlənməsinə səbəb oldu”.

“Ümummilli Liderin ölkənin siyasi, iqtisadi, sosial, ictimai, mədəni həyatında gördüyü işlərin miqyası müqayisəolunmaz dərəcədədir. Onun Azərbaycanın inkişafı üçün əvəzsiz xidmətləri həm də məzmun etibarilə nəzərəçarpacaq dərəcədə təkrarolunmazdır” deyən Vüqar Rəhimzadə əlavə edib ki, tarixi dialektika və siyasi-ictimai qanunauyğunluq göstərir ki, ulu öndər Heydər Əliyevin mahir dövlətçilik idarəçiliyini, strategiyasını bütün komponentləri ilə əxz etmiş siyasi davamçısı Prezident İlham Əliyevdən başqa biri davam etdirə bilməzdi: “Yüksək intellektə, praqmatik və rasional düşüncəyə malik, enerjili və təşəbbüskar bir şəxsiyyət olan möhtərəm İlham Əliyev Azərbaycanda demokratik islahatların inkişaf etdirilməsi üçün qətiyyətli addımlar ataraq respublikamızın yeni inkişaf mərhələsinə qədəm qoymasına nail oldu. Azərbaycanın müstəqil siyasi kursunu, iqtisadi doktrinasını yeni dövrdə ən mükəmməl şəkildə inkişaf etdirən ictimai xadim, siyasi Lider kimi dünya siyasi xəritəsində möhtəşəm yer tutan xarizmatik, rasional düşüncə tərzinə malik şəxsiyyət olan Prezident İlham Əliyevin prinsipial qərarları sayəsində Azərbaycan davamlı iqtisadi inkişafın, uzunmüddətli sabitliyin, dünya dövlətləri içərisində yüksək nüfuz sahibi və etibarlı tərəfdaşlığın təminatçısına çevrilib”.


Müəllif: Vüqar Rəhimzadə