12 Dekabr 2019 21:45
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkədə gənclərin bələdiyyə və parlament seçkilərinə həvəslə hazırlaşdığını görürük. Xüsusilə, xanım namizədlərin bələdiyyə seçkiləri ilə bağlı paylaşdıqları pozitiv təbliğat afişalarını istifadəçilər maraqla qarşılayır, onlara dəstək olurlar. Bu halda haqlı sual ortaya çıxır? Əvvəlki illərlə müqayisədə gənclərin seçkilərə qatılma arzusu niyə çoxdur?

Bizim qənaətimizə görə:

- Yaşı 25-35 arası olan gənclər uşaq yaşlarından etibarən gördüyü eyni simaların onların sosial həyatlarının, rifahlarının yüksəlməsinə xidmət etmədiyini bilirlər. Parlament üzvlərinin təhsil, işsizliyin aradan qaldırılması kimi məsələlərdə atdıqları addımların qənaətbəxş olmadığını başa düşürlər. Əks halda illər ötdükcə Azərbaycanda təhsilin, universitetlərin səviyyəsinin dünya sıralamasında xeyli pillə irəliləməsi gərəkli idi. Təbii ki, bu, həm də müvafiq hökumət üzvlərinin səlahiyyətində olan məsələdir ki, parlamentdən öncə onların yenilənmə prosesi başlayıb.

- Gənclər başa düşür ki, adı olub, özü olmayan bələdiyyələrin inkişafı ancaq onların vəzifə başına keçmələri ilə mümkün olacaq. 23 dekabrda baş tutacaq seçkiyə ailəsinin və qohumlarının adını yazdıran təfəkkürlə mübarizə aparmağın yolunun mütləq seçkilərə qatılmaq olduğunu bilirlər. Bələdiyyənin imicinin formalaşması, səlahiyyətinin artırılması kimi təşəbbüslərlə də ancaq həmin gənclər çıxış edəcəklər.

- Gənclər onu da anlayır ki, Azərbaycan parlamentindəki ümumi ab-hava keçmişi təmsil edirdi, ölkəni, qanunvericiliyi irəliyə doğru aparacaq güc qalmamışdı.

- Gənclər onu da bilir ki, deputat-biznesmen anlayışı bu ölkəyə heç bir fayda verməyəcək, parlamentdə çıxış etməyən və ya edə bilməyən vəkillər dəyişən dünyada Azərbaycanın qarşısındakı əngəllərdən ən önəmliləridirlər.

- Ən əsası gənclər xaricdə aldıqları təhsilə, gəzdikləri ölkələrdəki müşahidələrinə və yeni bilik və bacarıqlarına görə özlərindən əmindirlər, dəyişiklik istəyirlər, bunun isə yalnız özlərinin vəzifə sahibi olduqları halda baş tutacağına inanırlar.

Məhz buna görə hər iki seçkidə mənsub olduğu partiyadan, koalisiyadan asılı olmayaraq mütərəqqi gənclərə dəstək verilməsinin vacibliyini doğru hesab edirik.

Bəs buraxılmış parlamentin üzvlərinin taleyi nə olacaq?

Sadə məntiq onu tələb edir ki, parlamentin buraxılmasını tələb edən deputatlar fevraldakı seçkilərə qatılmayacaqlar. Çünki onların qatılmasını nə xalq, nə də ki islahat tərəfdarları istəyir. Azərbaycan parlamentinin siması və rəngi mütləq dəyişilməlidir. Buna isə seçkilərə aktiv şəkildə qatılacaq əhalimiz qərar verəcək.

Sosial şəbəkədə buraxılmış parlamentdən kimlərin yenidən deputat görmələri ilə bağlı yazdığımız sorğuya gələn cavablar isə bunlardır: Tahir Mirkişili, Fazil Mustafa, Qənirə Paşayeva, Vahid Əhmədov, Aydın Mirzəzadə, Hikmət Babaoğlu, Cavanşir Feyziyev, Adil Əliyev, Aqil Abbas.


Müəllif: Dilqəm Əhməd