15 Dekabr 2019 23:00
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər dəfə İstanbulda yaşadığım evin binasından çıxanda divara vurulmuş lövhədəki elanları oxuyuram. Binada yaşayanlara ünvanlanmış fərqli elanların altında imza da var: Bina idarəçisi.

Türkiyədə binalardakı ümumi məsələləri həll etmək üçün bina idarəçisi vəzifəsi var. Bu idarəçilik başqa ölkələrdə də var, artıq Azərbaycan paytaxtında da tədricən formalaşmaqdadır.

İnsanların öz problemlərini həll etmək üçün qurduqları bu sistem çox idealdır. Eləcə də məhəllələrin, kəndlərin, qəsəbələrin, şəhərlərin idarəçiliyi insanların öz seçdikləri şəxslər tərəfindən həyata keçirilir. Seçilənin də vəzifəsi öhdəsinə düşən işi layiqincə və vicdanla yerinə yetirməkdir.

Bələdiyyə üzvü, millət vəkili olmaq da bu qəbildəndir.
Bir şəxs niyə millət vəkili olmaq istəsin?

Məncə, yerində sualdır və namizədliyini hələ ki sosial media üzərindən elan edən şəxslərə daha konkret şəkildə verə bilərik: Niyə namizədsən?!
Çünki millət vəkili olmaq ciddi məsuliyyət, gərgin iş rejimi tələb edir.

Millət vəkili olmaq yüzlərlə insanın problemini araşdırmağı, həllinə dəstək olmağı tələb edir.
Millət vəkili olmaq parlamentdə qanunvericiliklə məşğul olmağı, hökumətin fəaliyyətini izləməyi, davamlı hesabat soruşmağı tələb edir.

Millət vəkili olmaq davamlı jurnalistlərin suallarına cavab verməyi, televiziyada çıxış etməyi, səfərlərdə olmağı tələb edir.

Bu baxımdan kifayət qədər ağır məsuliyyətin altına girmək üçün şəxslər niyə bir-biriləri ilə yarışırlar?

Məsələ millət vəkili maaşıdırsa, iddiaçılar bu və ya digər şəkildə o pulu qazana bilər.

Məsələ prestij, ad-san qazanmaqdırsa, millətə vəkil olmaq millətin xidmətçisi olmaq deməkdir, bu halda sən ağa deyil, əslində vətəndaşların qulluqçusu olursan.

Əlbəttə ki, yuxarıda sadaladığımız işləri görmək, səmimi şəkildə, vicdanla onu seçənlərə xidmət etmək istəyən namizədlər var. İnanırıq ki, o namizədlər təkcə öz seçildiyi dairədə olan vətəndaşlara deyil, ümumən ölkəmizə xeyir verəcəklər. Amma onu da görürük ki, millət vəkilliyinə ad-san, maddi qazanc, yüksəlmə kimi baxanlar da var. Buna səbəb də parlamentin bir çox keçmiş üzvlərinin “fəaliyyəti”dir. “Filan restoran filan millət vəkilinindir”, “Filan biznes filan deputatındır” kimi xəbərləri ictimaiyyət hələ də xatırlayır.
Bu baxımdan fevral ayından etibarən parlamentdə ancaq vətəndaşa xidmət etməyi qarşısına məqsəd qoyan vəkilləri görmək arzusundayıq.


Müəllif: Dilqəm Əhməd