22 Dekabr 2019 23:13
1 627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən yaşda insanların əksəriyyəti Taleh Yüzbəyovun ortastatistik Rasimi kimi vəziyyətə düşüb.

Birimiz təhsil haqqını, birimiz ailənin borclarını ödəmək, digərimiz xəstə yaxınımızın müalicəsi üçün o vəziyyətdə dost-tanışa ağız açdığımız, bir çox hallarda isə naəlac qaldığımız olub.

Biz də saatlarla küçə və parklarda “Ay Allah, özün kömək ol!” deyib bir möcüzə gözləmiş, baş vermədikdə isə yenə də yaradana üsyan etməyib başqa həll yolları fikirləşmişik.

Düzdür, hamımızın fikrindən oğurluq keçməyib, amma insanın ən əlacsız anlarında bu yola da əl atmağı doğru olmasa da, mümkündür. Ehtiyac insanı yalançı etdiyi kimi, həm də oğru edə bilir.

Çoxumuz bu suala cavab axtarmışıq: Taleh Yüzbəyovun çəkdikləri niyə sevilir? Bu sualın çox qısa cavabı var: Çünki o bizi – səni, məni, qonşumu, qohumumun həyatını çəkir. Onun videolarında gündəlik həyatımızdan yediyimiz yeməyə qədər hər şey var, təbiidir, olduğu kimidir.

Onun çəkdiklərindəki insan tipləri çevrəmizdədir, həyatımızdadır, hətta yatağımızdadır. Rasimin arvadı kimi ətrafımızda azmı qadınlar var? Rasimin oğlu kimi “yox” anlayışını qəbul edə bilməyib, öz yaşıdları ilə eyni sevinci paylaşmaq haqqında sahib olduğunu düşünən azmı övladlar var?

Ona görə də sonda parkda oturub gününü həyatını düşünməklə keçirən Rasim bizə doğmadır və bizdəndir.

***

Yüzbəyovun filmlərindəki məkanlar da bizimdir. Onun gəzdiyi, əl açdığı, ümid yeri bildiyi yerlər də bizə “doğma”dır. Ölkə vətəndaşlarının böyük bir qismi banklara borcludur, müəyyən hissəsinin adı qara siyahıdadır. Gününü “bu gün bankdan zəng gəlməsin” duası ilə keçirən qohumlara, ailə üzvlərinə, dostlara sahibik.

Ən pisi odur ki, bu vəziyyət heç cür dəyişilmir, ortastatistik ömrümüz beləcə keçir və nəhayətində sona çatır.

Ömrümüz fiziki olaraq bir gün sona çatsa da, əslində Rasimin düşdüyü hallar kimi, dəfələrlə ölürük. Necə ki o, ilk dəfə övladının 12-ci doğum günündə ölmüşdü.

Övladının 12-ci yaşında ölməsinə səbəb isə oğurluq hadisəsinə görə üstünə hücum çəkən qonşusunun dediyi sözlərdir: Sənin tayların büdcə talayır!

Daha bir neçə gün öncə büdcəni talayıb bölgələrdə villa tikən, övladlarını önəmli yerlərə işə düzəldən məmur ataları görmədikmi? O cür insanlara görədir ki, harama əl uzatmayan insanlar övladlarının anlıq sevincinə görə məcbur olub yanlış hərəkətlərə yol verirlər.
Yüzbəyovun çəkdiyi videoların keyfiyyəti, sənət tərəfi bu sahənin peşəkarlarının qiymət verəcəyi məsələlərdir.

Mən bir Azərbaycan vətəndaşı olaraq o videoda özümü, dostlarımı, çevrəmi gördüm. Buna görə də mənim üçün dəyərli oldu...


Müəllif: Dilqəm Əhməd