1 May 2014 15:50
1 689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah da quşların bayrmı imiş. Amma qanadlı məxluqların. Həm də hər qanadlı quşun yox ha, məhz tutuquşuların.


***

Demə bəzən ən ağlagəlməz yolla belə milyon qazanmaq olur. Özünü Elizabet Reyn kimi təqdim edən bir Amerika vətəndaşı kimi. Lətifəsi bizimkilərdən uzaq, görün adam neyləyib. İlk baxışdan inanılmaz görünsə də 27 yaşlı tələbə qız sözün həqiqi mənasında qız imiş, yəni bakirə imiş. Günün birində xanım qız sayt açır, əvvəlcə kimliyini gizlədir, amma məqədini açıq yazır. Amerika universitetlərindən birində tibb təhsili alan qız elan edir ki, kim daha çox pul təklif eləsə bakirəliyini məhz ona təslim edəcək. Hərrac başlayır nə başlayır. Ən yüksək qiymət 550 min dollar olur. Xanımsa qiyməti qaldırmaq üçün fotoşəklini də sayta yerləşdirir. Demə qədd-qamətli, yarlı-yaraşıqlı bu xanım yalnız ona görə bakirəliyini satmalı olub ki, təhsil haqqını ödəsin. Və adam real açıq-aşkar sövdələşmə təklif edir. Deyəcəksiz - bizə nə?

***
Bizdə belə olmur. Biz əksini görürük. Görürük ki, uzun illər kimlərinsə məşuqəsi olmuş birisi toy çaldırıb belinə də qırmızı bağayıb ərə gedir. Yaşı 30-a çatsa da, fəaliyyəti bir xeyli, təcrübəsi həddən artıq olsa da hansısa alfonsa özünü qız uşağı kimi sırıyır. Görməmisiniz? Belələri nə qədər desəz. Amma məni bir məqam da maraqlandırır – o alfons ərlər yalnız toya-bayrama yanlarına salıb aparmaq üçündür yoxsa elə əməlli-başlı ər kimi ərdir. Əslinə qalsa – mənə nə?

***

Bir rəfiqəmin başına gələninsə məncə hər birimizə dəxli var. İnsanlar indi komplekssiz olublar. Amma bu danışacağım komplekssizlik deyil, sadəcə biabırçılıqdı. Xanım parkda gəzintiyə çıxıb. Tək, qulağında qulaqcıq, adi cinsdə, kurtkada, krossovkada. Yəni kiminsə diqqətini çəkəcək xüsusi bir geyimdə-filanda olmayıb. Sadəcə yaraşıqlı xanımdı, həm də baxımlı və şıqdı, yəni bilinir ki, imkanı var. Bir qoçaq gəl düş bunun yanına və başla qoşa addımlamağa. Görür adam nəsə danışır, dodağının altında nəsə deyir, radionun səsini alıb qulaq asır. Eşitdiyindən sadəcə havalanır xanım. Əvvəl diksinib iyrənir, sonra maraq üçün dinləyir, amma özünü o yerə qoymur, guya heç nə eşitmir. Demə bu bığıburma kişi ona öz xidmətini təklif edirmiş. Adam usta-zad deyil, ağlınıza elə şey gəlməsin. Amma başqa nələrinsə ustasıdır. Bir-bir xidmətlərini sayıb, müxtəlif yataq xidmətlərini, dilimizin gözəl feillərinin bir çoxunun müxtəlif alt mənalarını dilə gətirib, sonra deyib qiyməti də danışmaq olar, aşağı yeri var yəni. Sonra da telefonunu söyləyib, dayanıb durmadan dəfə-dəfə təkrarlayıb. Qız əvvəlki dediklərindən xəbərsizmiş kimi qulaqcıqlarını çıxarıb adamı bir qovub ki gəl görəsən – nə? Nömrən filandı, filan-filan-şüdə, mənə nə?

***

Bədən alveri hər yerdə və hər zaman olub. Bu işi nahaq yerə ən qədim peşə adlandırmayıblar ki. Amma indiyədək bunun tam əksi idi gördüklərimiz. Şəhərin müəyyən yerlərində insanlar öz bədənlərini kişilərə təqdim edərdilər. Küçədə-bacada yüngül əxlaqlı qadınlar və ya qadınfason kişiciklər seksual xidmətlərini təklif edər, sövdələşər, gah cütləşər, gah da cütləşməzdilər – küçə-bacadakı it-pişik kimi. İndi vəziyyət başqadır. İndi kişiyəbənzər adamçıqlar pullu-paralı xanımlara öz bədənlərini təklif edirlər. Bazar elə həmişə bazar qanunlarıyla işləyir. Yəni təklif varsa deməli tələb də var. Amma nə səbəbə? Nəyə görə? Boşanan xanımlarınmı sayı artıb? Pul qazanıb harınlaşan xanımlarmı çoxalıb? Bəlkə də bu xidmətdən istifadə edənlər elə ərli qadınlardır? Yəni kişilərin potensiyasımı azalıb? Xanıımlarını təmin etməyi bacarmırlarmı? Vaxtilə yeyilən teksun yağlarıdırmı baiskar? Hər halda dəhşətli situasiyadır. Lütfən, deməyin - bizə nə.

***

Bu gün quşların bayramıdı. Amma qanadlı məxluqların. Orta əsrlərdən üzü bəri Fransada mayın ilk cüməsi tutuquşu festivalı keçirilir. İnsanlar hündür dirəyin başına bərkidilmiş tutquşu heykəlinə ox atırlar. Oxu quşa dəyən kəs festivalın kralı titulunu qazanır.

***
Deyirəm, kaş quş oxlayanlar bizə də gələydilər. Bir quş festivalı keçirəydilər. Qanadsız quşları oxlayaydılar. Yoxsa lap çoxalırlar. Dişilərin mərəzi erkəklərə də keçir. Oxa keçirdən olmasa inanın məmləkət əhli başqa ePOXaya düşəcək. Onda vay bizim halımıza.

Afaq Vasifqızı


Müəllif: Afaq Vasifqızı