Mənim adım Nərmin deyil – belə bir anlayış heç vaxt mövcud olmayıb. İnsan heç vaxt anlayışlı bir varlıq olmayıb. Başqasının ağrısını öz canında necə hiss etmək olar axı? İnsan yalnız öz canından qorxur, öz taleyindən narahatdır. Əgər bir yerdə bir insan etiraz edirsə, bunu qorxusundan edir, eyni aqibətlə üzləşmək istəmir. Kimsə bir səhər donuq gözlərinin Nərmin kimi soyuq torpağa zillənməsini istəmir. İnsan qorxaqdır. Öləndən sonra Nərminin taleyi bizi narahat etməyə başlayıb. Daha doğrusu yandırılandan sonra...
Mənim adım Nərmin olsaydı, belə olmayacaqdı - məni yandırıb küçəyə atmayacaqdılar. İnsan heç vaxt belə anlayışlı olmayacaq.
Elə bu qorxuya görə də nə mənim, nə də başqasının adı Nərmindir. Heç innən belə onun da adı Nərmin deyil. Mənim necə olsun? Ya başqasının... Yoxdur axı. Yoxluğun bir adı var – böyük bir boşluq. Heçlik, heçlik, heçlik...
Nərmini – az əvvəl adını bilmədiyim küçədə o baş, bu başa qaçan bu bir ovuc dəcəlliyi bir insan həmin boşluğa yuvarladı. “Heyvandır”, deyirlər. Amma onu heyvan öldürmədi axı, belə bir iyrəncliyin altına ancaq insan imza ata bilər. Heyvan yox. Bu günədək kim görüb bir heyvan əlinə benzin götürərək öz cinsindən olanın üzərinə töküb yandırsın? Görən olmayıb. Buna görə də Nərmini bir insan öldürdü.
İttihamsız və mühakiməsiz bir qəddar hökm üçünsə çox kiçik idi. Lap elə bədənləri iri olan adamları da ittihamlı və mühakiməli öldürmək olmaz. Amma öldürürlər. Hər insanın içində bir öldürmək arzusu var. Hər insan potensial qatildir. Amma hələ ölüm qorxusunun, ölüm gələndə müdafiə olunub-olunmamağın nə olduğunu belə bilməyən birinin ölümünə şahidlik etmək...
Bəs hələ insan olmamış bir varlığı öldürən hansı zehniyyətin sahibidir? Zənn eləmirəm ki, bizdən fərqli biridir. Elə bizim kimi olmalıdır, yəqin ki elədir. Sabah, birigün üzə çıxanda baxarsınız, bizdən fərqli deyil. Görərsiniz. Elə bizik, başqa sifətdə.
Desəm ki, təkcə bizdə belədir, belə deyil. “Roma papasından artıq katolik olmaq” – indiyədək belə sərsəm ifadə görməmişəm. Dünyada uşaqlar ən çox katolik kilsəsində zorlanır. Katolik kilsəsində, yəni, Allahın evində. Allahın küçəsi isə yiyəsizdir. İndi durub Allahın ətəyindən yapışmaq ki, Nərmini öldürəndə hara baxırdın? Allah da qayıdıb deyəcək ki, heç mən öz evimdə olanları görə bilmirəm.
Əgər o, tanıdığım Allahdırsa, belə bir cavabı ondan gözləmək lazımdır. Allah, yəni, günahlarımızın kəffarəsini ödəmək üçün axtardığımız başqa biri. Sənin öz vicdanın kordursa, bu gözü niyə başqa birindən istəyirsən? Varsa görəcək. Varlığına onsuz da inanırsan. Bəs bu günədək səsini çıxardığını eşidən olub? Eşidən olmayıb. Onda nəyə lazımdır gedib-gəlib günahı başqasında axtarmaq? Bəlkə heç yoxdur, niyə üzünə vurursan?
Nə bilim, Allahdır, yəqin o da başqa bir yerdə ayrı birini öldürür. Allahın özü öldürən varlıqdır. İndi durub öldürməyə adətkar birindən mədəd gözləmək, yəqin ki, bu da bir çarəsizlikdir.
Mənim adım Nərmindir – yəni, mən özümü başqasının yerinə qoyuram, o ağrını canımda duyuram. Duymursan axı. Bu mümkün deyil. İnsan öz taleyindən narahatdır. Nərmin kiminsə evində, Allah bilir hansı formada öldürüləndə kimsə uf da eləmədi. O, dünən ölməyib axı, bir ay əvvəldən yox idi. Kimsə yandırıb gətirib küçəyə atandan sonra canımıza düşən ölüm qorxusu bizi titrətməyə başladı: adını bilmədiyimiz bir küçədə balaca bir Nərmin varmış...